Torpaq sürüşməsinə hazırlıq
Əgər siz sürüşmə təhlükəli ərazidə yaşayırsınızsa:
- içində müəyyən qədər ərzaq və su, tibb çantası, vacib sənədlər, pul, fənər və isti paltar olan ehtiyat çantasını həmişə əl altında saxlayın;
- sürüşmə təhlükəsi olan sahənin hüdudları barədə məlumatlı olun;
- sürüşmənin ilkin əlamətləri: evlərin qapı və pəncərələrinin öz çərçivələrində ilişməsi, çətin açılıb-örtülməsi, daxili və xarici divarlarda çatların yaranması, sürüşmə təhlükəli yamaclarda su sızması və s. Bu əlamətləri gördükdə aidiyyəti qurumlara xəbər verin, onların göstərişlərinə uyğun davranın.
Torpaq sürüşməsi zamanı:
- evdən çıxarkən qaz, su və elektrik enerjisini ümumi şəbəkədən söndürün;
- ən son xəbərləri izləyib verilən tövsiyələrə əməl edin;
- aidiyyəti qurumların köçürülmə ilə bağlı tələblərinə sözsüz əməl edin;
- sürüşmə qəflətən baş veribsə və dərhal həyətə çıxmaq mümkündürsə, evi tərk edin;
- sürüşmə zamanı yuxarı mərtəbədəsinizsə və dərhal həyətə çıxmaq mümkün deyilsə, binanın yuxarı hissəsinə qalxın;
- sürüşən torpaq kütləsindən kənara qaçın və mümkün qədər hündür yerə çıxmağa çalışın;
- sürüşmə sizi açıq havada yaxalayıbsa, əvvəl önünüzə daş, taxta parçası və ya ağır əşya atın, bunlar torpağa batırsa, hərəkət istiqamətinizi dəyişin;
- sürüşmədən qaça bilmirsinizsə, əllərinizlə başınızı tutaraq zərbədən qorunun, sürüşmənin hərəkət istiqamətinə tabe olun və hər zaman üzə çıxmağa çalışın;
- torpaq altında qalmısınızsa, təşvişə düşməyin. Çünki sürüşmə nəticəsində uçqun altında qalan insanı bir neçə sutkadan sonra da sağ çıxarmaq mümkündür;
- xilasetmə işlərində sükut dəqiqələri təyin olunduğundan vaxtaşırı səs siqnalları verin, yatmamağa çalışın.
Torpaq sürüşməsi zamanı sükan arxasındasınızsa:
- yol boyu sürüşmə əlaməti kimi çökmüş səki, palçıq, yola düşmüş qaya parçaları, yumşalmış və ya boşalmış torpaq gördükdə dərhal yolunuzu başqa səmtə dəyişin;
- körpü və tunellərin torpaq sürüşməsi nəticəsində zədələnmə ehtimalı olduğundan onlardan istifadə etməyin;
- əgər sürüşmə zonasındasınızsa və hərəkət etmək mümkün deyilsə, titrəyiş bitənə kimi təhlükəsizlik kəmərini açmadan avtomobildə gözləyin.