Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb edib

Bu gün tarixi bir gündür. On yeddisi oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Bu gün biz hamımız, bütün Azərbaycan xalqı xalqımızın, dövlətimizin ən parlaq səhifəsini yazırıq, birlikdə yazırıq. Biz bu gün həmrəylik, qarşılıqlı dəstək, birlik göstərərək bu şanlı tarixi yazırıq. Biz xoşbəxtik ki, bu anları yaşayırıq. Ancaq bu anları səbirsizliklə gözləyən, həyatdan gedən on minlərlə bizim qaçqın, köçkünümüz əfsuslar olsun ki, bu günləri görməyib. Ancaq bu gün əminəm ki, onların ruhu şaddır. Çünki onların doğma dədə-baba torpaqları işğalçılardan azad edilib.

Bu sözləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir il bundan əvvəl, oktyabrın 17-də xalqa müraciətində deyib.

Məlum olduğu kimi, zəngin infrastruktur və tarixi-dini abidələrə malik olan Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğaldan əvvəl Füzuli rayonunda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud idi. Ümummilli lider Heydər Əliyevin əmri ilə Silahlı Qüvvələrimiz 5 yanvar 1994-cü ildə hücum əməliyyatına başlayaraq rayonun 22 yaşayış məntəqəsini işğaldan azad edib. Bu döyüşlərdə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olub, 181 nəfər əsir və itkin düşüb.

Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsində qədim yaşayış məskənimiz olan Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsinin işğaldan azad olunması II Qarabağ savaşının gedişatında strateji əhəmiyyət kəsb edib. Füzuli əməliyyatı öz xilaskarlıq missiyasını uğurla davam etdirən rəşadətli Azərbaycan Ordusunun cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər verib. Bu əməliyyat sayəsində həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edilib. Bu döyüşlərdə Füzuli rayonundan 80 nəfərədək sakin şəhid olub, 300 nəfərədək sakin yaralanıb.

Həmin günlər ərzində rəşadətli Azərbaycan Ordusu tərəfindən Ermənistanın hərbi-texniki potensialı böyük dərəcədə sıradan çıxarılıb. Məhv edilmiş Ermənistan texnikasının bir hissəsini rəqəmlərin dili ilə ifadə etsək belə bir mənzərənin şahidi olarıq: Beləliklə, məhv edilmiş Ermənistan texnikası: - 234 ədəd tank məhv edilib, 36 tank hərbi qənimət kimi götürülüb, piyadaların döyüş maşını - 49-u məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb. Özüyeriyən artilleriya qurğusu 16 ədəd məhv edilib, müxtəlifçaplı toplar 190, "Uraqan" sistemi 2, TOS odsaçan 1, əməliyyat taktiki raket kompleksi "Elbrus" 2, "Toçka-U" 1, OSA zenit raket kompleksi 35, TOR zenit-raket kompleksi 3, KUB və "Kruq" zenit raket kompleksi 5, radioelektron mübarizə sistemləri 9, S-300 zenit raket kompleksi 2, yük avtomobilləri 196-sı məhv edilib, 98-i qənimət kimi götürülüb.

Peşəkarlıq və mərdliyi ilə düşməni qorxuya salan Azərbaycan Ordusu Füzuli uğrunda döyüşlərdə mümkünsüzü mümkün edərək düşmənə elə bir dərs verib ki, düşmən son mərhələdə öz silahlarını yerə qoyub baş götürüb qaçmışdır. Hərbi mütəxəssislər Azərbaycan Ordusunun böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordu olduğunu açıq-aydın bildirirlər. Füzuli uğrunda gedən döyüşlər haqqında danışarkən Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində belə bir məqama da toxunub ki, vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq: "Doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi".

Qeyd etmək lazımdır ki, Ermənistandan fərqli olaraq Azərbaycan məsuliyyətli ölkə kimi 44 günlük müharibənin hər gününü ləyaqətlə aparıb. Azərbaycan Ordusunun məsuliyyəti və peşəkarlığı nəticəsində Ermənistan tərəfində mülki əhaliyə atəş açılmayıb. Prezident İlham Əliyev Azərbaycanın necə bir müharibə apardığını çox dəqiq şəkildə belə ifadə edib: "Ermənistan rəhbərliyi hərbi cinayət törədir. Dinc əhaliyə atəş açmaq, özü də əməliyyat operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir. Onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar. Biz isə onların cavabını döyüş meydanında veririk. Şəhidlərin, günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib. Bütün Azərbaycan xalqı həmrəylik, vətənpərvərlik göstərir".

Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyi dövlət tərəfindən yüksək qiymətləndirilib. 2020-ci il noyabrın 26-da "Füzulinin azad olunmasına görə" medalı təsis edilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Füzuliyə hər səfəri yeniliklərlə yadda qalır. 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonunda olublar. Prezident İlham Əliyev Füzuli şəhərində Azərbaycan bayrağını qaldırıb. Sonradan Füzuli-Şuşa avtomobil yolunun - Zəfər yolunun təməli qoyulub. Cari ildə ölkə rəhbəri Füzuliyə 4 dəfə səfər edib. Bu səfərlər çərçivəsində, o cümlədən Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməli qoyulub, Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında yaradılan şəraitlə tanışlıq və "Füzuli" yarımstansiyasının açılışı olub. Yeri gəlmişkən, bu il sentyabrın 5-də Füzuli Beynəlxalq Hava Limanına dünyanın 2 nəhəng hava gəmisi uğurlu eniş edib. Qarabağın hava qapısı adlandırılan müasir tipli beynəlxalq Aeroport istənilən tip hava gəmisini qəbul etmək imkanına malikdir. Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli rayonunda qısa müddətdə ən müasir standartlara cavab verən Beynəlxalq Hava Limanının inşası həyata keçirilib ki, bu da sözün əsl mənasında misli görünməmiş hadisədir. Bu bir daha Azərbaycan Prezidentinin mənfur düşməndən azad olunmuş torpaqlarımızda böyük yenidənqurma və tikinti işlərinin aparılması barədə fikirlərinin bariz nümunəsidir.

Vurğulamaq lazımdır ki, erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcəkdir. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılacaq bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, azad olunan şəhərdən bir şey qalmayıb, əsər-əlamət qalmayıb, bir dənə də salamat bina qalmayıb. Çünki otuz il ərzində o vəhşilərin əlində idi, yırtıcı heyvanların əlində idi, çaqqalların əlində idi. Bütün binalar sökülüb, dini abidələrimiz sökülüb, hər şey talan edilib, evlərin dam örtükləri, pəncərələri, əşyaları, hər şey. Sanki vəhşi bir qəbilə bu şəhəri zəbt etmişdir. Füzuli şəhərinin qalıqları erməni faşizminin təzahürüdür və erməni faşizminin şahididir.

Xalqa müraciətində Prezident İlham Əliyev qətiyyətlə bəyan edib ki, biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq: "Necə ki, vaxtilə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini işğaldan azad edib, o cümlədən Horadiz qəsəbəsini. İndi baxın, görün necə gözəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilibdir. İşğaldan azad edilmiş kəndlərdə füzulililər yaşayır. Deyə bilərəm ki, bu günə qədər işğaldan azad edilmiş kəndlərdə Füzuli əhalisinin təqribən yarısı məskunlaşıbdır. Ancaq bu gün artıq füzulililərin yaşadıqları kəndlər azad edilib və oraya həyat qayıdacaq, onlar qayıdacaqlar, onlar orada yaşayacaqlar, öz əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Orada bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək. Biz öz şərəfli missiyamızı yerinə yetiririk".

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan döyüş meydanında həm düşmənə, həm də bütün dünyaya gücünü göstərib. Döyüş meydanında göstərdiyimiz gücün mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və əldə etdiyimiz uğurlardır.

Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 40 (724) - 2021-11-13


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)