Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır

Sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev dünyaya və beynəlxalq ictimaiyyətə bir sıra mühüm mesajlar verib.

Hazırda dünyada ən aktual problem olan COVID-19 pandemiyası ilə bağlı problemlərə toxunan Prezident İlham Əliyev, Azərbaycanda ilk günlərdən əhalinin qorunması və pandemiyanın mənfi təsirinin minimuma endirilməsi məqsədilə mühüm və praktiki tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. Azərbaycanın bütün bu fəaliyyəti özünün maliyyə resursları hesabına həyata keçirdiyini qeyd edən Prezident İlham Əliyev, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı edildiyini, bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərildiyini bildirib. Dövlətimizin başçısı Azərbaycanın pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin tərəfdarı olduğunu diqqətə çatdırıb, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın irəli sürdüyü qlobal təşəbbüslər barədə danışıb.

Azərbaycan Prezidenti növbəti dəfə davam edən "peyvənd millətçiliyi" və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı öz narahatlığını bir daha ifadə edib. Dövlətimizin başçısı bildirib ki, bu məsələyə beynəlxalq diqqətin cəlb edilməsi məqsədilə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib. Cari sessiya çərçivəsində Azərbaycan BMT Baş Assambleyasında eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır.

Dövlətimizin başçısı BMT tribunasından olduqca vacib bir xatırlatma da edib ki, ötən ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışım zamanı mən diqqəti Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsinə və Ermənistan hökumətinin təcavüzkar bəyanatlarına və hərəkətlərinə yönəltdim. Bu gün qürur hissi ilə deyirəm ki, Ermənistan döyüş meydanında məğlub edildi və Azərbaycan işğala son qoydu.

Təqribən 30 il davam edən işğalın faciəli nəticələrini sessiya iştirakçılarının diqqətinə çatdıran dövlətimizin başçısı deyib: "İşğal müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, yüzlərlə dinc insanı, o cümlədən 106 qadını və 63 uşağı qətlə yetirmişdir. 1275 azərbaycanlı əsir götürülmüşdür, onların 150-si hələ də itkin hesab olunur. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür".

Prezident İlham Əliyev vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin Ermənistan bu qətnamələrə, eləcə də BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bənzər qərarlara məhəl qoymayıb.

"BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir. Selektiv yanaşmaya yol verilməməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var", - deyə Azərbaycan Prezidenti bildirib.

Dövlətimizin başçısı deyib ki, Ermənistan və Azərbaycan arasında münaqişənin həllinə nail olmaq məqsədilə 1992-ci ildə təsis edilmiş ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa məcbur etmək üçün qətiyyətli addımlar atsaydılar, onda üzərlərinə düşən vəzifələrin icrasına nail ola bilərdilər. "Münaqişə dövründə Ermənistan öz yanaşması və hərəkətləri ilə nümayiş etdirirdi ki, onun yeganə məqsədi status-kvonu saxlamaq və işğalı möhkəmləndirməkdir. Mən dəfələrlə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi məsələsini qaldırmışdım. Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi", - deyə Azərbaycan Prezidenti qeyd edib.

Azərbaycan Prezidenti Ermənistanın beynəlxalq hüququ kobud şəkildə pozmasından danışaraq işğal olunmuş ərazilərdə açıq şəkildə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirməsini, 2020-ci ilin iyulunda dövlət sərhədi boyu hərbi təxribat törətməsini, bundan bir ay sonra terror aktları həyata keçirmək məqsədilə diversiya qrupu göndərməsini diqqətə çatdırıb.

Ötən il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsindəki çıxışında Ermənistan rəhbərliyinin düşmən, Azərbaycanofob bəyanatları və təxribatları Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzə hazırlaşdığını nümayiş etdirdiyi barədə xəbərdarlığını xatırladan Prezident İlham Əliyev deyib: "Bundan üç gün sonra - sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı".

44 gün ərzində Ermənistan silahlı qüvvələrinin cəbhəboyu ərazilərdə yerləşən rayonlarımızı və şəhərlərimizi - Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtəri intensiv şəkildə atəşə tutduğunu konkret faktlarla əsaslandıran Prezident İlham Əliyev əlavə edib ki, Ermənistan, həmçinin cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərlərini də atəşə tuturdu. Raketlərdən biri Azərbaycanın hava hücumundan müdafiə qoşunları tərəfindən Bakının yaxınlığında yerləşən Xızı üzərində zərərsizləşdirilmişdir. Bu isə onu göstərir ki, paytaxt Bakı da Ermənistanın raket hücumlarının hədəfi idi.

Dövlətimizin başçısı deyib ki, Ermənistan "Skad" və "İsgəndər-M" tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sursatlardan istifadə edirdi. Ermənistanın bu hərbi cinayətləri nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450 nəfərdən çox insan yaralanıb. Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər dağıdılıb və ya onlara ciddi zərər dəyib.

"Hərbçilər və mülki əhali arasında fərq qoyulmasına dair beynəlxalq humanitar hüququn fundamental prinsiplərinə riayət edən Azərbaycan Ermənistan tərəfindən dinc sakinlərin hədəfə alınması kimi qəddar hərbi cinayətlərə oxşar formada cavab vermədi", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Prezident İlham Əliyev Ermənistanın xaricdən muzdlu və əcnəbi döyüşçülər cəlb edərək onları Azərbaycana qarşı istifadə etdiyini də diqqətə çatdırıb.

Dövətimizin başçısı deyib ki, müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad olundu. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, Ermənistan öz qoşunlarını Azərbaycanın digər ərazilərindən - Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır.

Azərbaycanın 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdiyini, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyini deyən dövlətimizin başçısı vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı, Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. "Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram", - deyə Azərbaycan Prezidenti əlavə edib.

Təqribən 30 illik işğal ərzində Ermənistan qəsdən bütün şəhər və kəndləri dağıtmış, bütün mədəni və dini abidələri viran qoyaraq, talayaraq, onları əsl urbisid - şəhərlərə qarşı genosid və kultursid - mədəniyyətə qarşı genosid nümunələrinə çevirib. Yəqin ki, İkinci Dünya müharibəsindən bəri şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib.

Dağıntıların görünməmiş miqyasından danışan dövlətimizin başçısı deyib: "Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izini silməyə çalışıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, onu "Qafqazın Hirosiması" adlandırırlar. Füzuli şəhərinin işğaldan azad olunmasından sonra ordumuz orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın".

Prezident İlham Əliyev Ermənistanın Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid - ətraf mühitə qarşı genosid törətdiyini, meşələrimizin 60 min hektarının məhv etdiyini, torpaqlarımız və çaylarımızı çirkləndirdiyini vurğulayıb. Sessiya iştirakçılarının diqqətini Ermənistanın ekoloji cinayətlərinə cəlb edən dövlətimizin başçısı Ermənistanın keçmiş işğal olunmuş ərazilərdə bizim su ehtiyatlarımızdan süni ekoloji fəlakət yaratmaq üçün istifadə etdiyini bildirib.

Prezident İlham Əliyev çıxışında Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüzə və digər ağır cinayətlərə görə məsuliyyət daşımalı olduğunu deyib.

Bu gün əsas çətinliyin azad olunmuş ərazilərdə Ermənistan tərəfindən yerləşdirilmiş çoxsaylı minaların mövcudluğu ilə bağlı olduğunu qeyd edən dövlətimizin başçısı deyib: "2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra bu günə qədər 2 jurnalist daxil olmaqla, 30 Azərbaycan vətəndaşı həlak olmuş, 130 nəfər isə yaralanmışdır. Azərbaycan dünyada ərazilərinin ən çox minalandığı ölkələrdən biridir. Bu, azad olunmuş ərazilərdə bərpa prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir".

Prezident İlham Əliyev deyib ki, Ermənistan dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edir: "Ermənistanın üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyi 25 faizdir. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini bizə təqdim etsin".

Prezident İlham Əliyev münaqişə başa çatdığından Azərbaycanın Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan etdiyini diqqətə çatdırıb. Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin biz hələ də təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik.

Dövlətimizin başçısı qeyd edib ki, sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nəqliyyat layihələri ola bilər. Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaq.

"Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Cənubi Qafqazda çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitliyin, nəhayət, bərqərar olunacağına ümidvar olduğunu bildirən Prezident İlham Əliyev çıxışını bu sözlərlə tamamlayıb: "Azərbaycan regional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl səylərini davam edəcəkdir"

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 40 (724) - 2021-11-13


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)