Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük xilaskarlıq missiyasını yerinə yetirməklə xalqımızın qəhrəmanlıq salnaməsini qızıl hərflərlə yazdı

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirən, soyqırıma məruz qalan Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytarmaqla, ən böyük xilaskarlıq missiyasını yerinə yetirməklə xalqımızın qəhrəmanlıq salnaməsini qızıl hərflərlə yazdı.

Prezident İlham Əliyev beynəlxalq təzyiqləri layiqincə dəf edərək erməni faşizminə qarşı Vətən müharibəsində şanlı ordumuzun hərbi-strateji əməliyyatlarına məharətlə rəhbərlik etməklə yanaşı, diplomatiya, informasiya və siyasi fəaliyyət istiqamətində misilsiz tarixi nailiyyətlərə imza atdı. II Qarabağ savaşında qazandığımız böyük Qələbə 2020-ci ilin hüdudlarına sığmayacaq bir tarixi hadisəyə çevrildi.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu hərbi quruculuq siyasəti son 17 ildə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoydu, prioritet elan edilən ordu quruculuğu sayəsində ərsəyə gələn nizami Azərbaycan Ordusu dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında maraq və mənafeyinin, milli təhlükəsizliyinin lazımi səviyyədə qorunmasını təmin etməyə imkan yaratdı. Respublikamızda müdafiə sənayesi kompleksinin yaradılması, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, ordu birləşmələrimizin ən yeni hərbi texnika və avadanlıqlarla təchiz edilməsi, şəxsi heyətin döyüş qabiliyyətinin və peşəkarlıq səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması qarşıya qoyulan vəzifələrin məzmunu ilə düzgün əlaqələndirildi, zaman və məkan amillərindən səmərəli istifadə edilməklə böyük zəfəri addım - addım yaxınlaşdırmaq mümkün oldu.

Xarici havadarları tərəfindən silahlandırılan Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurdu. Bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur oldu. İşğal zamanı yaşayış məntəqələri dağıdıldı, dinc əhali amansızcasına qətlə yetirildi. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçildi. Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı cinayətdir.

Bu il sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videoformatda çıxışında diqqətə çatdırdı ki, təqribən 30 illik işğal ərzində Ermənistan qəsdən bütün şəhər və kəndləri dağıtmış, bütün mədəni və dini abidələri viran qoyaraq, talayaraq, onları əsl urbisid - şəhərlərə qarşı genosid və kultursid - mədəniyyətə qarşı genosid nümunələrinə çevirmişdir. Yəqin ki, İkinci Dünya müharibəsindən bəri şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izini silməyə çalışıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, onu "Qafqazın Hirosiması" adlandırırlar. Füzuli şəhərinin işğaldan azad olunmasından sonra ordumuz orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın.

30 ildə Dağlıq Qarabağ ətrafında yaranmış status-kvonun qəbul etdirilməsi, işğalın rəsmiləşdirilməsi və ya pərdələnməsi, Azərbaycanın milli və haqlı maraqlarını əks etdirməyən təkliflərin ortaya qoyulması üçün davamlı cəhdlər göstərilirdi. Dövlətimiz münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olsa da, bu baş tutmadı. Hər dəfə atəşkəs rejimini pozan, heç bir beynəlxalq qaydaya əməl etməyən düşmən münaqişəni bilərəkdən uzadaraq, həm də genişmiqyaslı hərbi təxribatlara və müharibəyə hazırlıq görürdü. ATƏT-in Minsk Qrupu problemin sülh yolu ilə həllinin tapılması işinə guya ki, sadiq olduğunu bildirsələr də, bu, yalnız boş vədlər olaraq sözdə qaldı. "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur" - deyənlərə Azərbaycanda gözdağı olacaq bir potensial formalaşdırıldı. Bu potensialın tərkib hissəsini isə inkişafının ən yüksək nöqtəsində olan Silahlı Qüvvələrimizlə birlikdə Azərbaycanın möhkəmlənən güclü dövlətçiliyi, iqtisadiyyatı, demoqrafiyası, xalqın mübarizliyi, hər sahədə yüksək peşəkarlıq, idarəçilik məharəti, ölkənin dünya birliyindəki nüfuzlu yeri, informasiya məkanındakı genişlənən təsir sahəsi və s. təşkil edirdi. Azərbaycan  dövləti XXI əsrin müharibəsini aparmaqla beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsinin, uzun illər ərzində kağız üzərində qalan BMT-nin məlum 4 qətnaməsinin döyüş meydanında hərbi-siyasi yolla həllinə nail odu.

Onu da qeyd edək ki, yola salınan illər ərzində işğalçı siyasətini davam etdirən Ermənistan, ərazilərimizdə təxribatlar törətdi, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açdı, onların rahat yaşamasına imkan vermədi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin aprelində cəbhə xəttində rəşadətli Azərbaycan Ordusunun əks-hücumu və düşmənə vurduğu ağır zərbələr nəticəsində erməni silahlı birləşmələri ciddi itki verərək geri çəkildilər. İgid əsgərlərimiz bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini ələ keçirdi və üçrəngli bayrağımızı düşməndən azad edilmiş həmin ərazilərimizdə dalğalandırdılar.

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərdilər. İyulun 13-14-də Tovuz rayonu istiqamətində şiddətli döyüşlər zamanı düşmənə sarsıdıcı zərbə vuruldu. Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda döyüş və nəqliyyat texnikası, mühüm obyektləri məhv edildi. Bu döyüşlərdə bir neçə hərbçimizin və mülki vətəndaşımızın həlak olması artıq hər şeyin son olduğunu göstərdi. Tovuz döyüşlərindən sonra Ermənistana avantürüst siyasəti, təxribatları ilə bağlı ölkəmiz tərəfindən dəfələrlə xəbərdarlıqlar olunsa da, onlar yenə də öz çirkin əməllərindən əl çəkmədilər. Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı. Bu dəfə Azərbaycana diversiya qrupu göndərildi. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edildi. Baş verən hadisələrdən dərs almayan erməni silahlı qüvvələri 2020-ci il sentyabrın 27-də yenidən Azərbaycana qarşı hərbi təxribatlar törətdi. Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutuldu. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Mənfur düşmənlərimizin əvvəlcədən planlaşdırdığı hərbi təxribatlar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdiyini bir daha sübut etdi. Bu siyasət Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərməklə yanaşı, həm də onların beynəlxalq təşkilatların və həmsədrlərin qərarlarını açıq-aydın heçə saydığının göstəricisi idi. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Xalq Liderinin ətrafında sıx birləşdi, qəhrəmanlıq dastanı yazan rəşadətli Ordumuzun Vətən müharibəsində nümayiş etdirdiyi hərb mədəniyyəti, beynəlxalq və humanitar qanun və normalara riayət etməsi dünya hərb tarixinə örnək səhifələr kimi yazıldı. Döyüş meydanında əməli təsdiqini tapan "Qarabağ Azərbaycandır və nida" həqiqəti milli birliyimizin, haqqın və ədalətin zəfəri, dünyaya güclü və qüdrətli Azərbaycanımızın beynəlxalq münasibətlər məkanındakı söz sahibi olduğunun nümayiş oldu. Əks-hücum əməliyyatı zamanı Ermənistanın 30 illik işğalına son qoyulmaqla 300-dən çox şəhər, kənd, qəsəbə döyüş meydanında işğalçılardan azad olundu. Həmçinin bir güllə atmadan, bir şəhid vermədən Ağdam, Kəlbəcər və Laçın işğaldan azad edildi. Düşmənin illərlə yaratdığı "məğlubedilməz ordu" mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı. Döyüş meydanından vahimə içində qaçan düşmənin yüzlərlə müxtəlif döyüş texnikası, silah-sursatı məhv edildi və qənimət kimi ələ keçirildi. Həm canlı qüvvə, həm də döyüş texnikası sarıdan böyük itkilərə məruz qalan Ermənistan ordusu darmadağın edildi. Qələbələrimizin əsas möhürü isə qədim mədəniyyət beşiyimiz olan Şuşa şəhəri oldu. Yaxşı xatırlayırıq ki, möhtərəm Prezidentimiz müsahibələrində bəyan etmişdi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Məhz qədim Azərbaycan şəhəri olan Şuşa mədəniyyət məbədimiz, musiqi beşiyimizdir. Şuşa bizim qürur rəmzimiz, milli kimliyimiz, qeyrət qalamız deməkdir. Rəşadətli Azərbaycan Ordusu düşmənin ən möhkəm istehkamlarını qəhrəmancasına darmadağın edərək Qarabağ dağlarının zirvəsini - milli kimliyimiz, qürurumuz, qeyrət və mənliyimizin simvolu olan, 28 il həsrət qaldığımız qədim Şuşamızı öz canı və qanı bahasına noyabrın 8-də əbədi olaraq fəth etdi.

Noyabrın 10-da Azərbaycan xalqı gözlədiyi müjdəni aldı. Gecə saatlarında xalqa müraciət edən Müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı Qələbəmizin - Ermənistanın təslim olmasının müjdəsini verdi. 30 ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi xalqımızın inamını özünə qaytardı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 gün davam edən Vətən müharibəsində Azərbaycana qarşı düşmənçilik mövqeyində və ərazi iddiasında olan təcavüzkar Ermənistan, həmçinin onun havadarları üzərində tarixi Qələbə qazandı, Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı.

Şanlı Ordumuzun hərbi-strateji əməliyyatlarına məharətlə rəhbərlik edən dövlətimizin başçısı, eyni zamanda diplomatiya, informasiya və siyasi fəaliyyət istiqamətlərində misilsiz uğurlar qazandı, ölkəmizə qarşı informasiya blokadasını yardı, II Qarabağ savaşının gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr verdi. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğuru kimi beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısının qətiyyətlə alınmasında əsaslı rol oynadı. Döyüş meydanında uğurlarımızın miqyası o qədər böyük oldu ki, Azərbaycan heç vaxt hərbi sahədə belə böyük Qələbə qazanmamışdı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. Prezident İlham Əliyev yeni vətənpərvər gənclər nəslinin yetişməsinə nail oldu. Və həmin gənclər könüllü olaraq Azərbaycan Ordusuna yazılmaqla müharibənin gedişində öz sözlərini dedilər.

Bu müharibə dünya hərb tarixinə misli görünməmiş savaş kimi düşdü. Türkiyə kimi güclü qardaş dövlət Azərbaycana tam və birmənalı dəstəyini göstərdi. Dost Pakistan dövləti ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etdi, digər tərəfdaş dövlətlər haqq işimizi müdafiə etdi. Azərbaycanın haqq və ədalət uğrunda apardığı Vətən müharibəsi, onun taktika və strategiyası, istifadə edilən müasir hərbi texnologiyaları bu gün bir sıra inkişaf etmiş ölkələrdə və beynəlxalq təşkilatlarda tanınmış hərbi ekspertlər tərəfindən müasir hərb elminin yeni səhifəsi adlandırılır, hərbi məktəblərdə bu təcrübənin öyrənilməsini təqdir və tövsiyə edirlər. Yeri gəlmişkən, bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, bizim qarşımızda hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr - Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Bununla əlaqədar olaraq bu il sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Təşkilat Komitəsindən verilən məlumata görə, Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq. Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və "Alov qüllələri"nin üzərində Azərbaycan bayrağı əks olunacaq. Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi tərəfindən anım tədbirləri təşkil ediləcək. Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.

Ermənistanın revanşist ünsürlərinin qarşısında Azərbaycanın dəmir yumruğu dayanıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ermənistanda faşizmin yenidən baş qaldırması cəhdlərinə münasibəti birmənalıdır. Bu il fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışında Prezident İlham Əliyev yumruğunu düyünləyərək bildirib: "Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır". Rəsmi İrəvanın revanşist cəhdləri sadəcə intihar - Ermənistan dövlətçiliyinin sonu ola bilər. Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünərkən gərək qonşu ölkələrin torpaqları haqqında xəyallara qapılmasın.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 40 (724) - 2021-11-13


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)