Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti, müasir texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu, vətənpərvərliyi 44 gün ərzində torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması kimi müqəddəs vəzifələrin həllində mühüm rol oynadı. İnkişafının ən yüksək nöqtəsində olan Silahlı Qüvvələrimiz "dəmir yumruq" əməliyyatında illərdir qulağımızı yağır edən "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur" deyənlərin arzularını gözündə qoydu.

Yola salınan illər ərzində Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif vasitəçilər, o cümlədən ATƏT-in Minsk Qrupu boş vədlər verməklə məşğul oldular. Lakin hər dəfə atəşkəs rejimini pozan, heç bir beynəlxalq qaydaya əməl etməyən düşmən münaqişəni bilərəkdən uzadaraq, həm də genişmiqyaslı hərbi təxribatlara və müharibəyə hazırlıq görür, təcavüz aktlarını artıraraq, münaqişəni daha da alovlandırırdı. Avqustun 30-da Şuşa şəhərinə səfəri zamanı Vaqif Poeziya Günlərinin açılışında çıxış edən dövlətimizin başçısı bu məsələyə toxunarkən xatırladıb ki, danışıqlar prosesi 30 ilə yaxın davam etdi, bunun heç bir nəticəsi olmadı. İndiki hadisələrin gedişatı, İkinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi. Çünki bizi, azərbaycanlıları bu vəziyyətlə barışdırmaq istəyirdilər. Bu vəziyyəti, yəni, dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə çalışırdılar. Bizim isə tam başqa fikrimiz var idi və mən bunu heç vaxt gizlətmirdim. Deyirdim ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, biz öz ərazi bütövlüyümüzü müharibə yolu ilə bərpa edəcəyik. Beynəlxalq hüququn bütün norma və prinsipləri bu haqqı bizə tanıyır. BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri, tarixi ədalət bu haqqı bizə verib. Biz buna nail olduq".

Rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində əks-hücum əməliyyatları ilə Ermənistanı diz çökdürdü, təcavüzkar ölkə tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi. Bu müharibə dünya hərb tarixinə misli görünməmiş savaş kimi düşdü. Azərbaycan təcavüzkar Ermənistana və onun havadarlarına elə bir dərs verdi ki, dünya müstəqil Azərbaycanın gücünü, qüdrətini yaxından hiss elədi. Zəfər paradı 44 günlük müharibədə Azərbaycan Ordusunun Böyük Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi.

Qələbələrimizin əsas möhürü isə qədim mədəniyyət beşiyimiz olan Şuşa şəhəri oldu. Yaxşı xatırlayırıq ki, möhtərəm Prezidentimiz müsahibələrində qətiyyətlə bəyan etmişdi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Noyabrın 8-də Şuşanın alınması münasibətilə xalqımızı təbrik edən Müzəffər Ali Baş Komandan İlham Əliyev xüsusi vurğulayıb ki, "...Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri zamanı "Qarabağ" hotelinin, dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün, muzey-məqbərə kompleksinin, Xalq artisti Bülbülün ev-muzeyinin, görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılış mərasimlərində iştirak etməsi, bir sıra yeni obyektlərin təməlini qoyması Şuşanın yeni intibah mərhələsinə daxil olduğunun bariz nümunəsidir. Şuşanın baş planı əsasında yeni yaşayış kompleksinin təməlinin qoyulması o deməkdir ki, Şuşa sakinləri qısa vaxtda doğma şəhərlərinə qayıdacaqlar və orada əbədi yaşayacaqlar. Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xarıbülbül" musiqi festivalından sonra Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsinin bərpası isə ölkəmizdə mühüm mədəni, ictimai-siyasi hadisə olmaqla düşmənə və onun havadarlarına əsl gözdağı oldu. Vaqif Poeziya Günlərinin açılışı münasibətilə mərasim iştirakçılarını və bütün Azərbaycan xalqını təbrik edən dövlətimizin başçısı deyib: "Vaqifin məqbərəsi bütün digər tarixi abidələrimiz kimi işğal edilmiş torpaqlarda erməni vandalizminə məruz qalmışdır. Bu gün isə məqbərə tam bərpa edilib və dünən məqbərənin ikinci açılışı olmuşdur. Bildiyiniz kimi, Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını ulu öndər Heydər Əliyev vermişdir. Onun təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də burada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi".

Prezident qeyd edib ki, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki, bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. "Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Şuşanın işğalını xalqımızın böyük faciəsi adlandıran Prezident İlham Əliyevin sözlərinə görə, çünki Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var, Şuşa Qarabağın tacıdır.

"Şuşanın işğalından sonra digər rayonlar, digər şəhərlər işğala məruz qaldı. Çünki Şuşanın strateji əhəmiyyəti əlbəttə ki, bizim üçün itirilmiş oldu və düşmən bundan istifadə edərək, ondan bir neçə gün sonra - 1992-ci ilin mayında Laçını da işğal etdi. Ondan bir il sonra - 1993-cü ilin aprelində Kəlbəcəri işğal etdi və beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi bağlantı yaradıldı. Bizim məğlubiyyətimizin qaçılmaz olması göz qabağında idi, nəzərə alsaq ki, o vaxt Azərbaycanda hərc-mərclik dövrü idi, nizami ordu yox idi, vətəndaş qarşıdurması baş vermişdi", - deyə dövlətimizin başçısı qeyd edib.

Şuşanın itirilməsinin digər rayonların işğalına təkan verdiyini vurğulayan Prezident İlham Əliyev deyib: "Ancaq biz Azərbaycan xalqı olaraq heç vaxt bu işğalla barışmaq fikrində deyildik. İşğal dövründə mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, işğal edilmiş bütün torpaqları, o cümlədən Şuşanı nəyin bahasına olursa-olsun işğalçılardan azad edəcəyik".

Şuşanın Azərbaycan şəhəri olduğunu, onun təməlinin 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulduğunu vurğulayan Prezident deyib: "Gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik".

Qırx dörd günlük Vətən müharibəsini şanlı tariximiz adlandıran Prezident İlham Əliyev bu tarixin əbədi yaşayacağını bildirib: "Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik. Bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli addımlar atılır".

Müharibədən sonra ilk dəfə Şuşaya bu il yanvarın 14-də gəldiyini, bu tarixin təsadüfən seçilmədiyini qeyd edən dövlətimizin başçısı deyib: "Çünki o tarixdən 39 il əvvəl burada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı və məhz yanvarın 14-də mənim buraya gəlməyimin çox böyük rəmzi mənası var idi. Buraya ilk səfərimdə ilk göstərişlərdən biri də o oldu ki, Vaqifin məqbərəsi bərpa edilsin, çünki vandallar bu məqbərəni dağıtmışdılar, sökmüşdülər. Vaqifin içəridəki barelyefini, sinə daşını sökmüşdülər. Yəni, onlara xas olan vandalizm törətmişdilər, necə ki, azad edilmiş bütün başqa torpaqlarda biz bunun şahidiyik".

Prezident İlham Əliyev qeyd edib ki, məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü və bu gün bu məqbərənin önündə Vaqif Poeziya Günlərinə start verilir: "Vaqif Poeziya Günləri də bərpa edildi, "Xarıbülbül" festivalı da bərpa edildi. Bu ilin may ayında biz çox böyük coşqu ilə bu festivalı keçirdik və bu tarixi bərpa etdik".

Şuşanın bərpasının yanvarın 14-dən başlandığını, qısa müddət ərzində böyük işlərin görüldüyünü, Şuşanın dirçəlişinin növbəti mərhələsinin başlandığını konkret faktlarla əsaslandıran dövlətimizin başçısı ən önəmli tədbir kimi yeni yaşayış kompleksinin təməl daşının qoyulmasını qeyd edib. Bu yaşayış kompleksi Şuşanın baş planı əsasında inşa ediləcək. Şuşanın baş planı təsdiq edildi və çox müfəssəl, gözəl işlənmiş plandır. Birinci mərhələdə orada 25 yaşayış binasının inşası nəzərdə tutulur - üç, dörd və beş mərtəbəli yaşayış binaları ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar.

Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik.

Prezident İlham Əliyev çıxışında təxminən 40 il bundan əvvəl baş verənləri xatırladıb. "Bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır.

Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Dövlətimizin başçısı belə bir məqama da toxunub ki, işğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.

Hər zaman verdiyi vədə sadiq qalan Prezident İlham Əliyev çıxışını bu sözlərlə tamamlayıb: "Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik.

Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!"

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 40 (724) - 2021-11-13


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)