Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur hərbçilərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi hesabına Azərbaycan tarixinə qızıl hərflərlə yazılan parlaq Qələbə qazanıldı.

Dövlətçiliyimizin ən şərəfli səhifəsi olan bu tarixi Zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoymaqla 300-dən çox şəhər, kənd, qəsəbə döyüş meydanında işğalçılardan azad olundu. Həmçinin bir güllə atmadan, bir şəhid vermədən Ağdam, Kəlbəcər və Laçın işğaldan azad edildi. Böyük Qələbə müasir müstəqil güclü Azərbaycan dövlətinin hərbi qüdrətinin əyani təsdiqi oldu. Azərbaycan xalqı Xilaskar Liderinin, Müzəffər Ali Baş Komandanının, dövlətinin ətrafında sıx birləşdi və bu birlik, həmrəylik "dəmir yumruğa" çevrildi, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. Fəxarət hissilə bildiririk ki, Azərbaycan xalqının çoxəsrlik tarixində buna oxşar parlaq və tam Qələbə olmamışdır. Müzəffər Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa etdi. İşğalçılar məcburi qaydada kapitulyasiya aktını imzaladılar.

Azərbaycan dövləti hər zaman öz vətəndaşının rifah halını yaxşılaşdırmaq üçün xüsusi tədbirlər görüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Bu gün Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə diqqət və qayğının göstərilməsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara göstərilən qayğı nümunəvi xarakter daşıyır. Dövlətimizin başçısının imzaladığı fərman və sərəncamlar çoxsaylı ailələrə böyük sevinc bəxş edir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı təqdirəlayiq hal kimi qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün çoxsaylı tədbirlər həyata keçirməklə yanaşı, həm də həmişə onların dərdinə şərik olur, qayğıları və problemləri ilə maraqlanırlar. Bəlkə də dünyada belə bir ikinci dövlət tapmaq çətin olar ki, orada vətəndaşa, doğmasını-yaxınını itirən insana bu qədər diqqət və qayğı göstərilsin. Azərbaycanda bu kateqoriyadan olan insanlar dövlətimizin başçısının tapşırığına uyğun olaraq hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.

"Son illər ərzində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə mənim çoxsaylı görüşlərim olub. Müharibədən əvvəl hər dəfə görüş əsnasında mən deyirdim ki, biz nəyin bahasına olursa-olsun öz torpağımızı qaytaracağıq, Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, şəhidlərimizin qisasını alacağıq və belə də oldu. Azərbaycan ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, öz torpaqlarını qaytardı və şəhidlərimizin qanını aldı".

Bu fikirləri avqustun 26-da Abşeron rayonunda şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə Prezident İlham Əliyev deyib. Dövlətimizin başçısı vurğulayıb ki, bu gün müharibədən keçən aylar ərzində şəhid ailələri, Qarabağ qaziləri ilə görüşlər əsnasında tam başqa ab-hava hökm sürür: "Əgər əvvəlki illərdə biz hər zaman şəhidlərimizin xatirəsini yad edərək özümüzə söz verirdik ki, onların qisasını alacağıq, bu gün qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanını yerdə qoymadıq, ədaləti bərpa etdik, düşməni torpağımızdan qovduq və müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq".

Prezident qeyd edib ki, bu gün Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək, daim qəlbimizdə saxlamaq üçün böyük işlər görülür və görülməlidir.

Şəhid ailələrinin, müharibə əlillərinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər ardıcıl və planlı şəkildə həyata keçirilir. Xüsusilə qeyd olunmalıdır ki, hazırda dünyada pandemiyanın davam etməsi və iqtisadi-maliyyə çətinliklərinin olmasına baxmayaraq Azərbaycanda bu işlər uğurla davam edir. Avqustun 25-də Prezident İlham Əliyevin "Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında" imzaladığı Sərəncam bu prosesin ardıcıl xarakter aldığını göstərir və bu kateqoriyadan olan vətəndaşların mənzil problemlərinin həllində müstəsna rol oynayır.

Şəhid ailələri və müharibə əlillərinin sosial təminatı, postmüharibə dövründə sosial dəstək, məşğulluq, mənzil, fərdi ev və avtomobil, həmçinin müasir reabilitasiya vasitələri ilə təminatı istiqamətində ciddi addımlar atılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakilə avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub. Xatırladaq ki, indiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub. Cari ildə isə ümumilikdə, 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulub. Rəqəmlərə baxsaq, 1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı Sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək.

Görülən işlərin nəticəsidir ki, son 7 ayda 52 min nəfər işlə təmin olunub, 7 min 200 nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilib. Bu ilin əvvəlindən indiyədək 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunub, 2600 nəfərə isə reabilitasiya xidmətləri göstərilib. Bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 2018-2020-ci illərdə 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb. Postmüharibə dövründə 26 min nəfərə 36 min xidmət göstərilib. İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və qəhrəman adına layiq görülmüş şəxslər də mənzillərlə təmin ediləcək. Vətən Müharibəsi Qəhrəmanı adını alan bütün şəxslər mənzillərlə təmin ediləcək. Ölümündən sonra bu ada layiq görülmüş şəhidlərin ailələri də bu mənzillərə sahib olacaqlar.

Dövlət siyasətinin sosial yönümlüyünü təsdiq edən rəqəmlərə nəzər salsaq, müharibədən sonra 9 mindən çox insana sosial ödənişlər verilib. Orta hesabla hər insana 2 ödəniş edilib. Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin edilir. Onlar üçün son nəsil protezlər alınıb. 180 nəfərdən çox insanın protezə ehtiyacı var, onlardan 140 nəfəri artıq protezlərlə təmin edilib və bu protezlər onları normal həyata qaytarır.

Vətən müharibəsinin başlandığı ilk gündən etibarən dövlətimizin başçısı erməni vandalizmindən zərər çəkən vətəndaşlarımıza xüsusi diqqət və qayğısını əsirgəməyib, düşmən tərəfindən yaşayış yerləri dağıdılan əhalinin müvəqqəti məskunlaşdırılması ilə əlaqədar uyğun addımların atılması, onların həyat şəraitinin təmin olunması üçün müvafiq qurumlara tapşırıqlar verib. Prezident İlham Əliyev tərəfindən imzalanan "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" 2020-ci il 6 noyabr tarixli Sərəncam da dövlət başçımızın sosial siyasətində insan amilinin prioritet istiqamət təşkil etməsinin bariz ifadəsidir. Müharibə dövründə öz əmlakını itirmiş insanlar üçün minlərlə yeni evlər tikilir ki, onların böyük hissəsi artıq inşa edilib.

Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti üçün İkinci Qarabağ müharibəsinə qədər olduğu kimi, indi də əsas prioritet vətəndaşlara, ələlxüsus şəhid ailələrinə və qazilərə dövlət qayğısının göstərilməsidir.

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 40 (724) - 2021-11-13


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)