Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna və Şuşa şəhərinə səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintisi başa çatmaq üzrədir. İki-üç hərəkət zolaqlı yolun uzunluğu 101 kilometrdir. Artıq yolun 92 kilometrlik hissəsinə asfalt-beton örtüyü salınıb. Digər hissələrdə isə işlər davam etdirilir. Yolda körpülər və yeraltı keçidlər inşa edilib.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun ölkəmizin mədəniyyət mərkəzi elan olunan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdikləri cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu dövlətimizin başçısı tərəfindən Zəfər yolu adlandırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

Birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanının videogörüntüsünü paylaşıb. Paylaşımda bu sözlər qeyd olunur: "İşğaldan azad olunmuş ərazilərə növbəti səfərimiz. Şuşaya gedərkən".

Avtomobildə çəkilən videogörüntüdə Prezident İlham Əliyev deyir: "Füzuli Beynəlxalq Hava Limanına yaxınlaşırıq. Sol tərəfdə aerovağzal kompleksidir, qarşıda uçuş-enmə zolağı. Cəmi bir neçə ay ərzində hava limanı demək olar ki, artıq açılışa hazırlaşır. Hava limanının inşası bu il başlamışdır. Mən demişdim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bəlkə də dünyada bu sürətli templərlə heç bir hava limanı tikilməmişdir. Artıq uçuş-enmə zolağı da hazırdır. Burada son tamamlama işləri aparılır. Bir daha qeyd etmək istəyirəm, bu il mən hava limanının təməlini qoydum, indi isə gəlirik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır".

Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunur. Baqaj konveyerlərinin, qeydiyyat və digər sistemlərin işə salınması nəzərə alınmaqla, sentyabr ayının sonuna qədər sərnişin terminalının istismara verilməsi işləri tam başa çatdırılacaq.

Hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Aeroport istənilən tip hava gəmisini qəbul etməyə imkan verəcək. Burada perron da inşa edilib. Avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə (HHİ) qülləsinin tikintisi başa çatdırılıb. Bunun sayəsində Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaq.

Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə terminalın qarşısında 150 avtomobil üçün nəzərdə tutulmuş dayanacaq inşa olunub. Bundan başqa, Füzuli Beynəlxalq Hava Limanına giriş üçün yolun tikintisi, həmçinin aeroportun ərazisində yaşıllaşdırma işləri aparılır.

Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli rayonunda belə bir qısa müddətdə bu cür ən müasir standartlara cavab verən Beynəlxalq Hava Limanının inşasının həyata keçirilməsi sözün əsl mənasında misli görünməmiş hadisədir və bu bir daha Azərbaycan Prezidentinin mənfur düşməndən azad olunmuş torpaqlarımızda böyük yenidənqurma və tikinti işlərinin aparılması barədə fikirlərinin bariz nümunəsidir.

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Qeyd edək ki, 1980-ci ildə inşa edilən hotelin binası 1992-ci ilin mayında Şuşa şəhərinin işğalı nəticəsində öz fəaliyyətini dayandırıb və baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşüb. Şuşa şəhəri müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Ermənistanın işğalından azad edildikdən sonra 2021-ci ildə Prezident İlham Əliyevin tapşırığına əsasən, hoteldə təmir-bərpa və yenidənqurma işləri həyata keçirilməyə başlandı. Müasir səviyyəyə çatdırılan hoteldə Şuşa şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otaqlar var. Binada restoran və bar qonaqların ixtiyarına veriləcək. Hoteldə işgüzar görüşlərin və tədbirlərin keçirilməsi üçün konfrans otağı yaradılıb. Hotel ərazisində avtomobil dayanacağı da inşa edilib. Hotelə yaxın olan parkın ərazisi abadlaşdırılıb, fəvvarələr qurulub və park işğaldan əvvəlki görkəminə qaytarılıb.

Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada bərpa işləri aparılır. Avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva inzibati binada aparılan bərpa işləri ilə tanış olublar.

Avqustun 29-da Şuşa şəhərində dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Məlumat verildi ki, Molla Pənah Vaqifin 1957-ci ildə tuncdan hazırlanan büstü 1958-ci ildə Cıdır düzünə yaxın ərazidə qəbirüstü abidə kimi yerləşdirilib, daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb. 1982-ci ildə Vaqifin məqbərəsinin açılışından əvvəl büst və onun ətrafı təmir edilib, abidənin postamenti dəyişdirilib. Büst 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı erməni vandalizminə məruz qalaraq dağıdılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, abidə bu il onun müəllifi, Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən qurulub.

Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan büst öz əvvəlki yerinə qaytarılaraq Molla Pənah Vaqifin Şuşadakı evinin yaxınlığında quraşdırılıb.

Avqustun 29-da Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər, görülən işlərlə tanış olublar.

Qeyd edək ki, 1982-ci il yanvarın 14-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışı olmuşdu. Məhz bu səfər çərçivəsində ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verdi və həmin ilin 29 iyul - 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirildi.

Muzey-məqbərə kompleksi Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üstündə inşa edilmişdi. Dördkünc quruluşa malik və mərmərlə bəzədilən türbənin inşası məsələsi həll edilərkən ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınaraq, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdi. Məqbərənin inşasında xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə yer verilmişdi. Türbənin daxilində Molla Pənah Vaqifin heykəltaraş Albert Mustafayev tərəfindən hazırlanan büstü qoyulmuşdu. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edildi. Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra, 39 il əvvəl məqbərənin açıldığı gündə - yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verildi.

Məqbərədə təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. 2021-ci ilin mart ayından başlayaraq türbə ilkin mərhələdə konstruktiv müayinədən keçirilərək, tələb olunan hissələr üzrə gücləndirmə tədbirləri araşdırılıb və bu çərçivədə işçi layihələr hazırlanıb. İşçi layihələr əsasında xarici mütəxəssislər tərəfindən təyin edilən xüsusi kimyəvi materiallarla elementlərin konstruktiv bərpa işləri yerinə yetirilib, korroziyaya qarşı əlavə tədbirlər görülüb. Həmçinin abidənin dam örtüyü yenidən qurulub. Topoqrafiya işləri nəticəsində əldə edilən məlumatlar üzrə, o cümlədən ərazidə axtarış işləri keçirməklə qırılmış, dağılmış üzlük hissələrin əldə edilməsi ilə birlikdə abidənin ilkin ölçülərinin bərpası məqsədilə memarlıq işçi layihələri hazırlanıb. Bu layihələr əsasında isə fasadın və daxili hissələrin divar səthləri mərmərlə üzlənib və abidənin tarixi görkəmi bərpa edilib.

Bundan əlavə, ərazidən tapılan tökmə alüminium şəbəkə nümunəsi əsasında hazırlanmış işçi layihələr üzrə bütün şəbəkə və dekorlar, o cümlədən giriş qapısı tökmə üsulu ilə alüminium materialdan tarixi ölçüləri qorunmaqla hazırlanıb, Şuşa şəhərinə gətirilərək layihə üzrə quraşdırılıb. Salonun mərkəzində qəbir daşı üzərində qara mərmərdən sənduqə qoyulub, ilkin formanın bərpası nəzərə alınmaqla büst ağ mərmərdən işlənib hazırlanaraq quraşdırılıb.

Abidənin hər detalında tarixi görkəm qorunub saxlanılıb. Abidə kompleksinin bütün infrastrukturu yenidən qurulub, yağış suları üçün drenaj xətləri və elektrik xətləri çəkilib quraşdırılıb. Landşaftda istinad divarları və meydança tarixi görkəmi çərçivəsində qranitlə üzlənib. Eyni zamanda, ətrafda o dövrün şəkillərində əks olunduğu kimi, müxtəlif növ qızılgül kolları əkilib.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Qeyd edək ki, görkəmli musiqiçi 1982-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərən bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib.

Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin ev-muzeyinə çevrilməsi barədə qərar qəbul edib. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib.

Muzeydə Bülbülün uşaqlıq illərinə aid şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilirdi. Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı. Burada, həmçinin Azərbaycanda yeni vokal məktəbinin yaradılmasında, xalq musiqisinin öyrənilməsi və təbliğində Bülbülün çoxillik səmərəli yaradıcı işini təsdiq edən materiallar nümayiş etdirilirdi.

Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb.

Bu il yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı ev-muzeyini ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən muzeydə aparılan təmir-bərpa və yenidənqurma işləri artıq başa çatıb.

Bərpa işləri zamanı eyvana çıxan divarlarda suvaq altından daş üzərində yonulmuş ərəb əlifbası ilə iki yazı və günəş simvolunu əks etdirən təsvir aşkar olunub. Yazıların birində Qurandan ayə, digərində isə evin tikilmə tarixi qeyd edilib. Divarın üzərində yeni aşkar olunmuş yazıda göstərilir ki, bina 1788-ci ildə inşa edilib. Bina tipoloji mənsubiyyətinə görə Qarabağ və Azərbaycanın tarixi yaşayış binalarının xüsusiyyətini özündə əks etdirir, otaqların daxili quruluşu Azərbaycanın ənənəvi evlərinə xasdır.

Şuşa şəhərinin işğalı zamanı ev yararsız hala salınıb, yükdaşıyıcı divarlarında çatlar əmələ gəlib və divarlar çöküb. Bərpa zamanı bütün yükdaşıyıcı divarların bünövrəsi möhkəmləndirilib, çat olan divar hissələrində yenidənqurma işləri aparılıb. Binanın daxili otaqlarında çürümüş taxta döşəmələr yeniləri ilə əvəz olunub. Dam örtüyü, qapı və pəncərələri çürüdüyündən və istismara yararsız halda olduğundan, binanın tarixi görkəmini qorumaq şərti ilə yenisi ilə əvəz edilib.

Bülbülün ev-muzeyinə məxsus həyətyanı sahə ilkin görkəmi saxlanılmaqla bərpa olunub.

Hazırda binada Bülbülün muzey ekspozisiyası qurulub. Ev-muzeyinin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb.

Şuşa şəhəri işğalda olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü isə erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb.

Avqustun 29-da Şuşa şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı heykəlin üzərindəki örtüyü götürdü.

Qeyd edək ki, 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada bəstəkarın heykəli ucaldılmışdı. Heykəltəraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bəstəkarın yeni heykəli hazırlanıb.

Məlumat verildi ki, heykəlin modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradılıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Abidə heykəltəraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov, Mahmud Rüstəmov tərəfindən hazırlanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma burada görüləcək işlər barədə məlumat verildi.

Qeyd edək ki, görkəmli bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəylinin ev-muzeyi Şuşa şəhərində Ermənistanın işğalınadək fəaliyyət göstərib.

Erməni işğalçı qüvvələrinin vəhşiliyi nəticəsində muzeydə dahi bəstəkarın həyat və yaradıcılığı ilə bağlı 1700 eksponatdan yalnız 100-ə yaxını salamat qalıb, qalanı məhv edilib.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu tərəfindən ev-muzeyində aparılacaq işlər üzrə layihə hazırlanıb.

Ev-muzeyində həyata keçiriləcək işlərdən sonra 1992-ci ildə muzeyin Bakıya aparılmış eksponatlarının burada yerləşdirilməsi nəzərdə tutulur. Bunlar Üzeyir Hacıbəylinin fotoşəkilləri, məktubları, əsərlərinin partituraları və şəxsi əşyalarıdır.

Avqustun 29-da Şuşada "Otel və Konfrans Mərkəzi"nin təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev "Otel və Konfrans Mərkəzi"nin təməlini qoydu.

Qeyd edək ki, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Qədim dövrdə Şuşa Böyük İpək Yolunun əsas qovşaqlarından biri idi. Avropa və Şərq şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırdı. Bu şəhərlərdən davamlı gəlib-gedən tacirlərin gətirdikləri malları saxlamaq üçün karvansaraylar tikilirdi. Karvansaray konseptini əsas götürərək, Şuşa şəhərinin mərkəzində, Zəfər yolunun üzərində yerləşəcək 5 ulduzlu "Otel və Konfrans Mərkəzi" müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn edilib.

Mərkəz 2,8 hektar ərazini əhatə edəcək. Memarlıq adət-ənənələrini özündə əks etdirən xarici görünüşündə ornamental kompozisiyalar və milli memarlıq elementləri tətbiq ediləcək. Həmçinin fasadın üzlənməsində Şuşanın tarixi binalarının tikintisində işlənilən yerli daşdan istifadə olunacaq. Bundan əlavə, mərkəzin eyvanları, şimal və cənub fasadları ənənəvi memarlıq quruluşunda, Şuşanın tarixi binalarının - XIX əsrə aid Zöhrabbəyovun evi, Üzeyir Hacıbəyovun ev-muzeyinin tikintisində istifadə olunmuş taxta tərkibli materiallardan hazırlanıb. Beş mərtəbədən və 150 nömrədən ibarət "Otel və Konfrans Mərkəzi"ndə otaqlar, restoranlar, konfrans korpusları, daxili həyətlər olacaq.

Avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin baş planı təqdim olunub.

Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Təqdim olunan baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapıb.

Şəhərdə uzunluğu 36,2 kilometr olan mövcud yollarla yanaşı, həm də 17,6 kilometr yeni yolun inşası da nəzərdə tutulur. Həmçinin şəhərin baş planında ictimai dayanacaqların da yerləşmə yerləri müəyyən olunub. Bu dayanacaqlar elə qoyulacaq ki, şəhərin küçələrinə giriş-çıxışa maneə olmasın.

Baş plan hazırlanarkən, şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlərin inşası da nəzərdə tutulur.

Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Beləliklə, yaşayış massivində 25 binanın olacağı planlaşdırılır. Avqustun 29-da təməli qoyulan 1-ci məhəllədə 3, 4 və 5 mərtəbəli binalar da Şuşaya xas memarlıq üslubu ilə tikiləcək.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev 1-ci məhəllənin təməlini qoydu.

Avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər.

Dövlətimizin başçısı açılış mərasimində çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli mərasim iştirakçıları.

Xahiş edirəm ki, ilk növbədə, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsini birdəqiqəlik sükutla yad edək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Əziz dostlar, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışını qeyd edirik. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Vaqifin məqbərəsi bütün digər tarixi abidələrimiz kimi işğal edilmiş torpaqlarda erməni vandalizminə məruz qalmışdır. Bu gün isə məqbərə tam bərpa edilib və dünən məqbərənin ikinci açılışı olmuşdur.

Bildiyiniz kimi, Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını ulu öndər Heydər Əliyev vermişdir. Onun təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də burada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki, bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır.

Əfsuslar olsun ki, Şuşa işğala məruz qalandan sonra bütün tarixi abidələr, mədəni abidələr, o cümlədən Vaqifin məqbərəsi vandallar tərəfindən dağıdılmışdır. Şuşanın işğalı xalqımızın böyük faciəsi idi. Çünki Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır. Şuşanın işğalından sonra digər rayonlar, digər şəhərlər işğala məruz qaldı. Çünki Şuşanın strateji əhəmiyyəti əlbəttə ki, bizim üçün itirilmiş oldu və düşmən bundan istifadə edərək, ondan bir neçə gün sonra - 1992-ci ilin mayında Laçını da işğal etdi. Ondan bir il sonra - 1993-cü ilin aprelində Kəlbəcəri işğal etdi və beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi bağlantı yaradıldı. Bizim məğlubiyyətimizin qaçılmaz olması göz qabağında idi, nəzərə alsaq ki, o vaxt Azərbaycanda hərc-mərclik dövrü idi, nizami ordu yox idi, vətəndaş qarşıdurması baş vermişdi.

Şuşanın itirilməsi digər rayonların itirilməsinə təkan vermişdi. Ancaq biz Azərbaycan xalqı olaraq heç vaxt bu işğalla barışmaq fikrində deyildik. İşğal dövründə mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, işğal edilmiş bütün torpaqları, o cümlədən Şuşanı nəyin bahasına olursa-olsun işğalçılardan azad edəcəyik.

Bildiyiniz kimi, danışıqlar prosesi 30 ilə yaxın davam etdi, bunun heç bir nəticəsi olmadı. İndiki hadisələrin gedişatı, İkinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi. Çünki bizi, azərbaycanlıları bu vəziyyətlə barışdırmaq istəyirdilər. Bu vəziyyəti, yəni, dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə çalışırdılar. Bizim isə tam başqa fikrimiz var idi və mən bunu heç vaxt gizlətmirdim. Deyirdim ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, biz öz ərazi bütövlüyümüzü müharibə yolu ilə bərpa edəcəyik. Beynəlxalq hüququn bütün norma və prinsipləri bu haqqı bizə tanıyır. BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri, tarixi ədalət bu haqqı bizə verib. Biz buna nail olduq.

Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini, - hamımız yaxşı bilirik, - 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik.

44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik. Bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli addımlar atılır. Müharibədən sonra mən ilk dəfə Şuşaya bu il yanvarın 14-də gəlmişdim. Bu tarix də təsadüfən seçilmədi. Çünki o tarixdən 39 il əvvəl burada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı və məhz yanvarın 14-də mənim buraya gəlməyimin çox böyük rəmzi mənası var idi. Buraya ilk səfərimdə ilk göstərişlərdən biri də o oldu ki, Vaqifin məqbərəsi bərpa edilsin, çünki vandallar bu məqbərəni dağıtmışdılar, sökmüşdülər. Vaqifin içəridəki barelyefini, sinə daşını sökmüşdülər. Yəni, onlara xas olan vandalizm törətmişdilər, necə ki, azad edilmiş bütün başqa torpaqlarda biz bunun şahidiyik. Məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü və bu gün biz bu məqbərənin önündə Vaqif Poeziya Günlərinə start veririk. Vaqif Poeziya Günləri də bərpa edildi, "Xarıbülbül" festivalı da bərpa edildi. Bu ilin may ayında biz çox böyük coşqu ilə bu festivalı keçirdik və bu tarixi bərpa etdik.

İlk səfərim çərçivəsində Şuşanın bərpası ilə bağlı bütün lazımi göstərişlər verildi və yanvar ayından bu günə qədər - 7 ay ərzində artıq çox böyük işlər görülüb. Şuşaya ikinci-üçüncü dəfə gələnlər bunu görürlər. Bəli, şəhər hələ ki, dağılmış vəziyyətdədir. Çünki ermənilər nə qədər çalışalar da, yenə də Şuşanı erməni şəhəri kimi təqdim edə bilmədilər və əgər bu, erməni şəhəri idisə, niyə belə vəziyyətdə idi, niyə dağılmış vəziyyətdə idi, niyə bir dənə bina tikilməyib? Üç-dörd erməni məmurunun yeni villalarından başqa bir dənə də yeni bina tikilməyib. Köhnə binalar hamısı dağıdılıb, tarixi binalar dağıdılıb.

Şuşanın bərpası yanvarın 14-dən başlanmışdır və qısa müddət ərzində böyük işlər görüldü. İlk növbədə, yol çəkildi. İndi gəldiyiniz Zəfər yolu nə vəziyyətdə idi biz onu yanvarın 14-də gördük. Biz Füzulidən təqribən iki saat yarıma-üç saata gəldik. Şaxtalı, qarlı hava idi, yol da yox idi, bir cığır idi, üstü buz, palçıq. İndi isə artıq asfalt yol tikilib və bu, elə Zəfər yoludur. Magistral yol da çəkilir. Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir, daha qısa yol olacaq. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Yəni, Şuşanı elektriklə təmin etmək başlıca vəzifələrdən biri idi. Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsini biz bərpa etdik. İndi iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Vaqifin məqbərəsi artıq bərpa edildi. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstü bərpa edildi, dünən onun ikinci açılışı olmuşdur. Üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhərağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhərağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verildi. Bu məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. Natəvan bulağı bərpa edildi, indi su gəlir. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular. Əgər bu, erməni şəhəri idisə, nə üçün siz bu bulaqları qurudursunuz? Ondan sonra "Xarıbülbül" oteli istifadəyə verildi, artıq may-iyun aylarında ilk qonaqlarını qəbul etdi və digər addımlar atıldı.

Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin - Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mənim tərəfimdən mərkəzi meydanda qoyuldu. Dünən Şuşanın dirçəlişinin növbəti mərhələsi idi. Qeyd etdiyim kimi, Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, onu da mənfur düşmən dağıtmışdı. Üzeyir Hacıbəylinin dağılmış evinin bərpası ilə bağlı göstəriş verildi. Dünən Polad Bülbüloğlu ilə və onun oğlu, Bülbülün nəvəsi ilə birlikdə Bülbülün evinin açılışını biz qeyd etdik. Polad atasının evini bərpa etdi, indi çox gözəl muzey yaradılmışdır. Dünən "Qarabağ" hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı. İşğal dövründə "Qarabağ" hoteli nə gündə idi, onu biz işğaldan sonra görmüşdük. Cəmi iki mərtəbəsi işləyirdi, nə su var idi, nə işıq var idi. Bərbad vəziyyətdə idi, dağılmış vəziyyətdə idi. O kadrlar var. O da bərpa edildi və hesab edirəm ki, bu tədbirlərin içində ən önəmlisi yeni yaşayış kompleksinin təməl daşının qoyulmasıdır.

Yeni otel beşulduzlu olacaq. Orada 150 otaq olacaq. Hazırda Şuşada "Qarabağ" və "Xarıbülbül" otellərində 150 otaq mövcuddur, 300 otaq, böyük konfrans zalı və tədbirlər üçün yerlər olacaqdır. Beşulduzlu otelin yeri də mənim tərəfimdən seçildi. Mənfur düşmən həmin yerdə dırnaqarası "Dağlıq Qarabağ respublikası"nın qondarma parlamenti üçün bina inşa edirdi. O da bizə sataşmaq idi. "Dağlıq Qarabağ respublikası" anlayışı yoxdur. Artıq o binanın bünövrəsi qoyulmuşdu və daş işləri artıq tamamlanmışdı. Mənim göstərişimlə bu şeytan yuvası darmadağın edildi.

Beşulduzlu otel gözəl yerdə inşa ediləcək. Ən önəmli tədbir dünən yeni yaşayış kompleksinin təməl daşının qoyulması idi. Bu yaşayış kompleksi Şuşanın baş planı əsasında inşa ediləcək. Şuşanın baş planı təsdiq edildi və çox müfəssəl, gözəl işlənmiş plandır. Birinci mərhələdə orada 25 yaşayış binasının inşası nəzərdə tutulur - üç, dörd və beş mərtəbəli yaşayış binaları ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar.

Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik.

Əziz dostlar, təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq.

İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.

Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik.

Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!

***

Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Xalq şairi Nəriman Həsənzadə, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-publisist İlqar Fəhmi, Xalq yazıçısı Elçin Əfəndiyev, Azərbaycan Yazıçılar Birliyin üzvləri şairə Günel Şamilqızı və şair Şəhriyar Del Gerani çıxış etdilər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 30-da Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən "Qarabağ Azərbaycan mədəniyyətinin incisidir" və "Yenidən doğma diyarda. Qarabağın sənət inciləri" sərgiləri ilə tanış olublar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Şuşa Rəsm Qalereyasında "Qarabağ Azərbaycan mədəniyyətinin incisidir" adlı sərgi ilə tanış oldular.

Qeyd edək ki, Qarabağ Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə sahibdir. İşğal dövründə talan edilən muzeylərdə Azərbaycana məxsus qiymətli tarix və mədəniyyət nümunələri, dünyada məşhur Azərbaycan xalçaları və Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, həmçinin digər dəyərli eksponatlar olub. Məhv edilən həmin xəzinələr təkcə Azərbaycanın yox, həm də bütün dünya mədəniyyətinin nümunələri idi.

Sərgidə nümayiş olunan rəsm və heykəltəraşlıq nümunələri ziyarətçiləri sevincli və kədərli, real və fantastik, açıq və gizli, rəngarəng və monoxrom dünyaya səyahətə aparır. Burada nümayiş etdirilən əsərlərdə əsas ilham mənbəyi Qarabağdır. Azərbaycanın tarixi diyarı olan Qarabağ uzun illər ərzində özünəməxsus atmosferi ilə fərqli nəsillərdən və cərəyanlardan olan rəssamların və heykəltəraşların dünyagörüşünə böyük təsir edib.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən sərgidə Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Nadir Abdurrəhmanov, Mikayıl Abdullayev, Ucal Haqverdiyev, Müseyib Əmirov və Azərbaycanın digər görkəmli rəssamlarının əsərləri yer alıb. Sərgidə Qarabağın mənzərələri, ədibləri, xalçası, atı, muğamı, Vətən müharibəsində qələbə mövzularına geniş yer verilib. Altmışdan çox əsərin nümayiş olunduğu sərgidə Xalq rəssamı Altay Hacıyevin "Məclisi-üns", Xalq rəssamı Səttar Bəhlulzadənin "Yuxarı Daşaltı", Əməkdar rəssam İnna Kostinanın "Qarabağın zənginliyi", Leyla Əliyevanın "Xarıbülbül" əsərləri, Faiq Hacıyevin "Qarabağ atı", Orxan Nəbizadənin "Qarabağ gözəli" kimi heykəltəraşlıq nümunələri və digər əsərlər nümayiş olunur.

***

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən bərpa və təmir olunaraq yaradılan Şuşadakı Xalçaçılıq Qalereyasında "Yenidən doğma diyarda. Qarabağın sənət inciləri" sərgisi ilə tanış olublar. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Xalça Muzeyinin təqdim etdiyi sərgidə xovlu və xovsuz xalçalar, xalça məmulatları, milli tikmə və geyim dəstləri, bədii metal nümunələri nümayiş olunur. Sərgidə, həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına daxil olan xalça nümunələri də yer alıb.

Qeyd edək ki, yenidən öz doğma diyarında sərgilənən bu eksponatların əksəriyyəti Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialından Bakıya gətirilib. Sərgidə əsrlər boyu çox yüksək dəyərləndirilən, xarici muzey və şəxsi kolleksiyaların nadir inciləri sırasına daxil olan Qarabağ xalçalarının müxtəlif bölgələrə aid nümunələrini görmək mümkündür. Buraya maldarlıqla məşğul olan əhalinin həyat tərzini əks etdirən damğa naxışlı, həm də şəhər mədəniyyətini özündə ehtiva edən, peşəkar emalatxanalarda toxunan nəbati naxışlı və süjetli xalçalar - "Vərni", "Zili", "Çələbi", "Ləmpə", "Malıbəyli", "Qasımuşağı", "Əyan məclisi" və digərləri aiddir. İri ölçüsü, mükəmməl kompozisiya quruluşu və əlvan koloriti ilə "Ləmpə" dəst xalı-gəbəsi xüsusi maraq doğuran eksponatlardandır. Beləliklə, "Yenidən doğma diyarda. Qarabağın sənət inciləri" sərgisi qədim torpağın ruhunu, əsrlərlə burada yaşayıb-yaradan insanların həyat və məişətini, estetik zövqünü, sənətkarların bədii dünyagörüşünü duymağa, həmin tarixi dövrlərə səyahət etməyə imkan yaradır.

***

Heydər Əliyev Fondu tərəfindən Vaqif Poeziya Günləri çərçivəsində Şuşada "Yaddaş. Fotoqrafik tarix" sərgisi də təşkil edilib. Fotosərgi Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, gözəl təbiətini, ənənələrini təcəssüm etdirir. Ermənistan vaxtilə işğal altında saxladığı ərazilərdə mədəni irsimizə, tarixi-memarlıq nümunələrimizə qarşı vandalizm həyata keçirib, düşmən tərəfindən tarixi-mədəni obyektlər, dini ocaqlar məhv edilərək, bir sıra rayon və şəhərlər yerlə-yeksan olunub.

Ziyarətçilərə, həmçinin işğaldan azad olunmuş rayon və şəhərlərdə ermənilərin törətdiyi vəhşiliklərə, dağıntılara dair fotolar da təqdim edilir. Sərgidə Vətən müharibəsi zamanı Ermənistan tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətləri əks etdirən fotolar da nümayiş olunur.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 40 (724) - 2021-11-13


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)