Azərbaycan Prezidenti İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri qarşısında qoyduğu vəzifələr tam icra olunub

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında güclü meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri missiyasını uğurla başa vuraraq avqustun 16-dan etibarən hissə-hissə ölkəmizə qayıdır. Dövlətimizin başçısının Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələri qarşısında qoyduğu vəzifələr tam icra olunub.

Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "CNN Türk" televiziya kanalına verdiyi müsahibədə qardaş Türkiyə ilə həmrəyliyimizdən, İkinci Qarabağ savaşından, Şuşa Bəyannaməsindən, Cümhurbaşqanı Ərdoğanın Azərbaycana dəstəyindən məmnunluqla söhbət açıb, yanğınların söndürülməsində Azərbaycan tərəfinin iştirakından bəhs etməklə birliyimiz və qardaşlığımızın əbədi olduğunu vurğulayıb: "Mən dəfələrlə demişəm ki, bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Əgər axtarmaq istəsəniz, tapa bilməzsiniz, yoxdur. Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir. Mən hər zaman deyirdim ki, ölkələr arasındakı münasibətlər əməldə olmalıdır. Çünki yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı çıxışlar edə bilər. Amma ağır gündə sən gəl yanında dur. Necə ki, Türkiyə İkinci Qarabağ savaşında bizim yanımızda durdu. Mən tam əminəm ki, Türkiyə amili olmasaydı, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamiləri burunlarını soxacaqdılar və bizə böyük problemlər yaradacaqdılar. Bizim həmrəyliyimiz və bir-birimizə etdiyimiz yardımlar təbiidir. Çünki Türkiyə bizim üçün doğma ölkə, doğma vətəndir və sizin üçün də Azərbaycan doğma vətəndir. Əziz Qardaşımla imzaladığım Şuşa Bəyannaməsi bunun zirvəsidir. Yəni, bizim əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxdı. Ona görə bu yanğınlardan xəbər tutan kimi biz dərhal hərəkətə keçdik, heyətlər göndərdik, maşınlar göndərdik. Hörmətli Cümhurbaşkanı ilə bir neçə dəfə telefonla danışdım və qısa zaman içərisində biz həm əlavə heyət, həm də maşınlar göndərdik. Bizim cəmi bir amfibiya təyyarəmiz var, təəssüf ki, o da təmirdə idi. Təlimat verdim ki, təmir çox sürətlə yekunlaşsın ki, biz onu göndərə bilək. Təmir plan üzrə hələ iki ay davam etməli idi. Amma biz onu bir həftəyə saz vəziyyətə gətirdik və oraya göndərdik. Türkiyəyə 93 yanğınsöndürən maşın, 700-dən çox yanğınsöndürən yola saldıq. Onlara hər hansı bir xüsusi təlimat vermək lazım deyildi. Çünki onlar özləri bu faciəni öz faciəsi kimi qəbul etdilər və qardaş kimi orada çalışdılar. Allaha şükürlər olsun ki, bildiyimə görə artıq yanğınlar da səngiyir və bu, bir daha bizim birliyimizi göstərdi. Bir daha göstərdi ki, işbirliyi və həmrəylik sözdə olmamalıdır. Mən çox da dərinə getmək istəmirəm, amma düşünürəm ki, türk xalqı bu günlərdə kimin-kim olduğunu yaxşı gördü. Yaxşı sözlər, açıqlamalar, bəzi ölkələrdən gələn dəstək ifadələri təəssüf ki, real həyatda özünü göstərmədi.

Türkiyənin müxtəlif bölgələrində baş verən irimiqyaslı meşə yanğınları ilə əlaqədar olaraq iyulun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu yanğınların söndürülməsinə cəlb edilib. Nazirliyin qüvvə və vasitələri 4 mərhələdən ibarət olaraq qardaş ölkəyə göndərilib. İyulun 31-dən artıq nazirliyin yanğın-xilasetmə qrupları müxtəlif bölgələrdə yanğınların söndürülməsinə başlayıb.

Fövqəladə Hallar Nazirliyinin yanğın - xilasetmə üzvlərindən ibarət 743 nəfərlik şəxsi heyəti, 97 texnikası, 1 helikopteri və 1 ədəd amfibiya təyyarəsi yanğınların ən şiddətli olduğu yerlərdə fəaliyyət göstərib. Türkiyədəki meşə yanğınları ilə mübarizədə FHN-ə məxsus amfibiya təyyarəsi 98, helikopter isə 204 dəfə havaya qalxaraq yanğın ocaqlarına ümumilikdə 1404 ton su boşaldıb. Genişmiqyaslı yanğınların söndürülməsi, yayılmasının qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi və soyutma əməliyyatlarının aparılması yerli qüvvələrlə birgə koordinasiyalı şəkildə həyata keçirilib.

FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev avqustun 13-də Muğlada jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Prezident İlham Əliyevin Türkiyədəki yanğınların qarşısının alınması və geniş miqyas almasına imkan verilməməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin qarşısında qoyduğu vəzifələrin tam icra edildiyini vurğulayıb və bildirib ki, avqustun 12-də Muğladakı Böhran İdarəetmə Mərkəzində keçirilən toplantıda yanğınların tam söndürülməsi haqqında rəsmi olaraq məlumat verilib.

FHN-in yanğın-xilasetmə qüvvələri tərəfindən strateji əhəmiyyətli məntəqələrin və əhali məskunlaşmış ərazilərin yanğından mühafizəsi təşkil edilib, yanğınların genişlənməsinin qarşısı alınıb, lokallaşdırılaraq söndürülüb. Yeniköy və Kəmərköy İstilik-Elektrik stansiyalarının yaxınlığındakı yanğınlar çox şiddətli idi. Bu ərazilərdə yanğınların söndürülməsində və stansiyaların mühafizəsində FHN-in əməkdaşları böyük fədakarlıq göstəriblər. Bölgənin elektrik enerjisi ilə təchizatında oynadığı strateji rolu nəzərə alınaraq, Yeniköy və Kəmərköy stansiyaları Azərbaycan FHN-in qüvvələri tərəfindən yanğından mühafizəyə götürülüb. Bundan əlavə, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin qüvvələri Köyceğiz rayonunun Pınar, Karayer, Kavakçık, Çayhisar, Zeytunalanı, Otmanlar, Çöğənli məntəqələrində yanğınlarla mübarizə aparıblar. Yatağan bölgəsində, Hacıvelilər, Yumaklı, həmçinin Aydın vilayətinin Çinə, Akçaova, Kabaklıdərə bölgələrində Kabaklı-Hüseyn yaylasında, Seyidli-Kəmərdə, Menteşedə, Qazeller, Muğlanın düzənlik sahəsində, Kozaağac, Yılanlı dağ silsiləsində yanğınların söndürülməsinə nail olunub. Həmçinin Marmarisdə Orhaniyə, Hisarönü, Armudla, Dəyirmanyanı, Açparan, Turqut, Fethiye bölgələri, Dalaman hava limanının ətrafı, Dənizli vilayətində Buldak, Tavas, Burduk-Bucak bölgələrində də yanğınların söndürülməsi üzrə verilən tapşırıqlar uğurla icra olunub.

FHN-in yanğın-xilasetmə qüvvələrinin əməkdaşlarının Türkiyəyə gəldikləri andan yanğınlara qarşı yerli yanğınsöndürənlərlə çiyin-çiyinə mübarizə apardıqlarını razılıqla dilə gətirən general-leytenant E.Mirzəyev qeyd edib ki, avqustun 12-də Böhran İdarəetmə Mərkəzində keçirilən iclasda Azərbaycan xalqına, xüsusilə Prezident İlham Əliyevə minnətdarlıq ifadə olunub. Biz buraya təkcə yanğınları söndürmək üçün deyil, yeni dostluq və qardaşlıq səhifəsini yazmağa gəldik. Getdiyimiz bütün ərazilərdə bizə xüsusi doğmalıq göstərilib. Türk xalqı böyük xalqdır, Türkiyə böyük dövlətdir. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı ən qədim dövrlərə söykənir. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev bu qardaşlıq münasibətlərimizin daha da inkişafında yeni səhifələr açıblar. Bizim buradakı fəaliyyətimiz Türkiyə dövləti və xalqı tərəfindən alqış və sevinc hissi ilə qarşılanıb. Biz də Türkiyə xalqına və Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürümüzü bildiririk.

Yeri gəlmişkən, Azərbaycan yanğın-xilasetmə qüvvələri Türkiyə ərazisində əllərində iki ölkənin dövlət bayraqlarını dalğalandıran əhali tərəfindən böyük coşqu ilə qarşılanıb, bu çətin vaxtda qardaş dəstəyinin türk xalqı üçün böyük əhəmiyyət kəsb etdiyi bildirilib. Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin fəaliyyəti, ümumilikdə dövlətimizin yanğınlara qarşı mübarizədə Türkiyəyə verdiyi dəstək rəsmi Ankara, eləcə də türk xalqı tərəfindən yüksək qiymətləndirilib. Bu, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının daha bir bariz nümunəsi olub.

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 40 (724) - 2021-11-13


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)