Dəmir yumruq yerindədir

Müstəqil Azərbaycan Prezident İlham Əliyevin milli maraqlara əsaslanan müdrik siyasəti nəticəsində iqtisadi inkişaf potensialına görə dünyada lider mövqeyindədir. Sözlə əməlin vəhdətinə əsaslanan, Azərbaycanın öz gücünə söykənən müstəqil siyasəti xarici təhdidlərdən, beynəlxalq şəraitdən asılı olmayaraq ölkəmizi sürətlə irəli aparır, dinamik və hərtərəfli inkişaf tempi qorunur, dünyadakı mövqeləri daha da möhkəmlənir.

44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. Vətən müharibəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq, ölkəmizin işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur olub. Dövlətçiliyimizin ən şərəfli səhifəsi olan bu tarixi Zəfərlə Azərbaycan düşmən ölkənin 30 illik işğalına son qoymaqla yanaşı, həmçinin bir güllə atmadan, bir şəhid vermədən Ağdamı, Kəlbəcəri və Laçını işğaldan azad edib. XXI əsrin yeni müharibə modelini bütün dünyaya təqdim edən Azərbaycan qlobal iqtisadi proseslərdə də yeni reallıqlar yaradıb, yeni iqtisadi münasibətlər və beynəlxalq iqtisadi çağrışlar mühiti formalaşdırıb.

Bu gün müharibədən sonra yeni dövrün başladığını, Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimizin zaman olduğunu vurğulayan Prezident İlham Əliyevin sözlərinə görə, ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın.

Prezident İlham Əliyevin müəllifliyi ilə Qarabağ sürətlə dirçəlir. Azərbaycan artıq postmüharibə dövründə bütün gücünü quruculuq, bərpa işlərinə, infrastruktur layihələrinin reallaşdırılmasına yönəldib. İşğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi ilə bağlı məsələlərin həllinə də operativ surətdə başlanıb. Böyük Qələbəmizin 9 ayı ərzində işğaldan azad olunan Ağdam rayonunda 97 min, ardınca Füzuli və Zəngilanda basdırılan 92 min minanın xəritələrinin əldə edilməsi dövlət başçımızın beynəlxalq siyasətdə və diplomatiyada növbəti qətiyyətli diplomatik qələbəsinin bariz ifadəsidir. "Biz, əlbəttə, ilk növbədə, mina təmizləmə işləri ilə məşğul olmalıydıq və məşğul oluruq", - deyən dövlətimizin başçısı Daşkəsənə səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə qeyd edib ki, bu, həm çox vaxt, həm də böyük vəsait aparır. Əfsuslar olsun ki, müharibədən sonra 150-yə yaxın Azərbaycan vətəndaşı minalara düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib. Azərbaycan ərazilərini kütləvi şəkildə minalarla və təhlükəli döyüş sursatları ilə çirkləndirən, yaşayış məskənlərini, kəndləri, şəhərləri viran edərək yer üzündən silmiş faşist ideologiyasından bəhrələnən Ermənistanın bütövlükdə minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsi işğaldan azad edilən ərazilərimizdə layihələrin daha sürətlə və təhlükəsiz şəkildə aparılmasına maneələr yaradır.

Mina xəritələrinin Azərbaycana verilməməsinin və bunun hansısa şərtlərlə verilməsinin Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıq, mənəviyyatsızlıq, vicdansızlıq olduğunu vurğulayan Prezident İlham Əliyev deyib ki, bu, normal insani davranışa zidd olan yanaşmadır. "Bu, bir daha Ermənistan rəhbərliyinin bizə qarşı olan nifrətinin, düşmənçiliyin təzahürüdür. Çünki mina xəritələrini verməməsinin heç bir əsası yoxdur. Müharibə qurtarıb, biz qalib gəlmişik. Ermənistan məğlub olub, bu məğlubiyyətlə barışıb, barışmalı olub, məcbur etdik. İndi mina xəritələrini verməməsi nə məqsəd güdür? Daha çox azərbaycanlılar həlak olsun, daha çox insanlar əlil olsunlar. Bu, düşmənçilik deyil, nədir? Bu, bir daha onların xislətini göstərir", - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

Qarabağın dirçəlişi istiqamətində həyata keçirilən tədbirlər kifayət qədər çoxşaxəlidir. Azərbaycan yeni dəhliz layihələrini ortaya qoyub, azad edilən şəhər, kənd və qəsəbələrin bərpası istiqamətində atılan konkret addımlar və digər xüsusi əhəmiyyət kəsb edən amillər ölkəmizin beynəlxalq investorlar üçün cəlbediciliyini daha da artırıb. İşğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımız, erməni vandalları tərəfindən dağıdılmış ərazilər uğurlu şəkildə bərpa olunur, Böyük Qayıdış planı öz axarı ilə gedir.

Qarabağın işğaldan azad olunmasından sonra aparılan infrastruktur quruculuğu layihələrindən olan hava limanları nəinki iqtisadi baxımından, həm də geosiyasi və geoiqtisadi baxımdan region ölkələri arasında Azərbaycanın nüfuzunu artıracaq. Artıq Füzulidə, Zəngilanda və Laçında üç hava limanı inşa edilir. Bu ilin sentyabr ayında istifadəyə veriləcəyi gözlənilən Füzuli beynəlxalq hava limanının uçuş-enmə zolaqları ən ağır təyyarələr və yük təyyarələri də daxil olmaqla bütün növ təyyarələri qəbul edə biləcək. Hava limanından həm xaricdən alacağımız yüklər nəzərə alınmaqla ərazilərin bərpası üçün, həm də turistlərin daha sərfəli və qısa yolla birbaşa işğaldan azad olunan ərazilərimizə səfər etməsinə şərait yaradacaq. Bu isə işğaldan azad edilmiş ərazilərimizə gələcək turistlərin sayına müsbət mənada böyük təsir göstərəcək və turizm sektorunun inkişafına böyük təkan verəcək.

Digər tərəfdən Ağdam şəhəri Baş Plana uyğun olaraq yenidən qurulur. Füzulinin, Cəbrayılın baş planlarının ilkin versiyası Prezidentə təqdim edilib. İndi müfəssəl plan üzərində iş aparılır. Yaxın aylarda Füzuli və Cəbrayıl şəhərlərinin baş planı ictimaiyyətə təqdim ediləcək. Zəngilan şəhərinin baş planının hazırlanması prosesinə artıq başlanılıb. Qubadlı, Laçın və Kəlbəcər şəhərləri də yenidən qurulacaq. Azərbaycan bütün bu işləri, xərcləri öz hesabına edir. Xarici şirkətlər podratçı kimi dəvət edilib. Prezident İlham Əliyev vurğulayıb ki, ilin sonuna qədər azad edilmiş torpaqlarda - həm Qarabağda, həm Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatı qurulacaq. Günəş elektrik stansiyası, yeni ötürücü xətlər, transformatorlar, yarımstansiyalar, elektrik stansiyaları tikiləcək. Bütün vəsait dövlət büdcəsindən gedir. Dövlət büdcəsi üçün bu, böyük yükdür. Təbiidir, amma biz bunu edirik, edəcəyik. Dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik.

Bu ilin aprel ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan birinci "Ağıllı kənd" pilot layihəsində nəzərdə tutulan işlər sürətlə davam edir. Quruculuq işlərinin gələn ilin əvvəlində başa çatacağı planlaşdırılır. Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən bu layihənin icrası, əsasən, 5 komponent üzrə aparılır. Onlar yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələridir. Ərazidə, ilk olaraq, tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edirlər.

Qarabağda inşa olunan yeni yollar bölgənin yenidən qurulması istiqamətində atılan addımların tərkib hissəsi olmaqla yanaşı, həm də Zəngəzur dəhlizinin yaradılmasına xidmət edir. Region ölkələrini birləşdirəcək dəhlizlərin açılması və bu istiqamətdə inşa olunan yollar bölgənin inkişafını sürətləndirəcək və tranzit əhəmiyyətini artıracaq. Dövlətimizin başçısı deyir ki, Zəngəzur dəhlizi tarixi nailiyyətimizdir: "Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir. İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Lakin onları məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq".

Prezident İlham Əliyev Daşkəsənə səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə vurğulayıb ki, biz siyasi leksikona "Zəngəzur dəhlizi" sözünü daxil etmişik. Nəinki regionun, dünyanın aparıcı kütləvi informasiya vasitələri Zəngəzur dəhlizi haqqında danışırlar, yazırlar. Nə üçün? Biz bunu daxil etmişik, müntəzəm səylərlə, artıq bu reallıqdır. Biz Ermənistana gündəlik göndərmişik - sülh müqaviləsi. Qoy desin ki, istəmir, qoy desin ki, imtina edir. Mən bunu dəfələrlə demişəm, deyirəm: Biz hazırıq, danışıqlara başlayaq. Müharibə qurtarıb? Qurtarıb. Sülh istəyirsən, Ermənistan? İstəyirsən elə bil ki. Onda nə üçün sülh müqaviləsi imzalanmasın? Tanı bizim ərazi bütövlüyümüzü, sülh müqaviləsi imzalansın, sərhədlərin delimitasiyası həll olunsun. Bu məsələ ilə bağlı, baxın, bizim gündəliyimiz Avropa İttifaqının gündəliyi ilə, Türkiyənin, Rusiyanın gündəliyi ilə vəhdət təşkil edir. Onlar da deyirlər ki, delimitasiya üzrə iş aparılmalıdır, biz də deyirik. Ermənistan nə deyir? Deyir ki, yox, qoy, Azərbaycan bizim torpaqlarımızdan çıxsın. Biz öz torpağımızdayıq. Biz yeni reallıq yaratmışıq, təkcə Qarabağ zonasında yox. Yeni gündəliyi formalaşdıraraq artıq status məsələsi də qaldı kənarda, Dağlıq Qarabağ sözü də işlədilmir. Buna nail olmaq lazım idi".

Azərbaycan Prezidenti qeyd edib ki, bu, cəsarət, qətiyyət, düzgün addımlar, hücum siyasətimiz nəticəsində mümkün olub. Ermənistan bununla hesablaşmalıdır və istəsə də, istəməsə də yeni reallıqları qəbul etməlidir. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 40 (724) - 2021-11-13


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)