Qarabağ regionun müasir və ən inkişaf etmiş ərazisinə çevriləcək

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev "Qarabağ Azərbaycandır" nidasını, həqiqətini ortaya qoyduğu kimi, 44 günlük İkinci Qarabağ savaşında bütün istiqamətlər üzrə - hərb meydanında, diplomatik cəbhədə, informasiya müharibəsində Azərbaycanın haqq səsi olaraq, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, qətiyyətli mövqeyi dəmir yumruğa çevrilib düşmənin başını əzdi. Düşmən diz çökdürüldü, kapitulyasiya aktına imza atdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı parlaq Qələbə böyük geosiyasi məkanda proseslərin bütöv məcrasını tamamilə dəyişdi.

Müharibədən sonra dövətimizin başçısı çıxışlarında dəfələrlə düşmən ölkəyə xəbərdarlıq etdi ki, Ermənistanın inkişafı üçün də yeganə yol var- öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır. Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir. Biz bunu bəyan edirik. Biz qalib ölkəyik. Ermənistanı məhv etmişik, siz yaxşı bilirsiniz hansı çətin şərait əsasında. Onlar 30 il istehkamlar, 6 müdafiə xətti qurmuşdular. O bölgənin təbii relyefi onlar üçün çox əlverişli idi. Biz qəhrəman övladlarımızın canı-qanı bahasına, qəhrəmanlığı bahasına bu torpaqları azad etmişik. Ölümə gedirdi bizim gənclərimiz, əsgərlərimiz, zabitlərimiz. Hər kəs bunu deyirdi - öldü var, döndü yoxdur. Biz belə çətin şəraitdə qələbə qazanmışıq. Ona görə Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir.

Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq etdiyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də nəzərdə tutulan beş əsas prioritetdən biri də işğaldan azad olunmuş ərazilərə böyük qayıdışdır. Sənəddə bu prioritetin uğurla reallaşdırılması üçün iki məqsəd müəyyən edilmişdir: dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcəkdir. Azad edilmiş ərazilərin bərpası təkcə Qarabağ regionunun deyil, bütünlükdə Azərbaycan iqtisadiyyatının inkişafı baxımından da böyük əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısının Füzuli rayonunda hava limanının təməlqoyma mərasimində söylədiyi "Böyük Qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik" sözləri real əməli işlərdə təsdiqini tapıb. Qarabağın inkişafının əsas strateji istiqamətlərindən olan azad edilmiş ərazilərin əsaslı şəkildə bərpa edilməsi və orada müasir infrastrukturun yaradılması ümumi iqtisadi inkişafa təkan verməklə yanaşı, həm də yeni iş yerlərinin açılması deməkdir. Ölkənin iqtisadi gücünü nümayiş etdirən böyük quruculuq, yenidənqurma və bərpa işləri ən müasir standartlara uyğun şəkildə həyata keçirilir. Yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir, Azərbaycan sərhədlərinin etibarlı qorunması üçün bütün lazımi addımlar atılır.

Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tam icrası, sərhədlərin delimitasiyası, regionda kommunikasiyaların bərpası, sülh və təhlükəsizliyin təmin olunması istiqamətində prinsipial yanaşma ortaya qoyan, beynəlxalq aləmda diplomatik məharət nümayiş etdirən, təsir imkanlarından istifadə edən Prezident İlham Əliyev, Ermənistanın minalanmış ərazilərin xəritələrinin verməsi ilə bağlı ardıcıl və qətiyyətli mövqe sərgiləyir. Təsadüfi deyildir ki, Böyük Qələbəmizin 7 ayı ərzində işğaldan azad olunan Ağdam rayonunda 97 min, ardınca Füzuli və Zəngilanda basdırılan 92 min minanın xəritələrinin əldə edilməsi dövlət başçımızın beynəlxalq siyasətdə və diplomatiyada növbəti qətiyyətli diplomatik qələbəsinin bariz ifadəsidir. Mina xəritələrinin əldə edilməsi adı çəkilən ərazilərimizdə layihələrin daha sürətlə və təhlükəsiz şəkildə aparılmasına səbəb olmaqla yanaşı, yüzminlərlə vətəndaşımızın həyatını təhlükədən xilas edəcək, öz doğma yurdlarına qayıtmasını sürətləndirəcək.

Yeri gəlmişkən, müharibədən dərhal sonra Böyük Qayıdış proqramının icrasına başlanılıb, nəzərdə tutulan hədəflərə çatmaq üçün kompleks tədbirlər həyata keçirilir, müasir texnologiyaların potensialından geniş istifadə edilməklə çoxşaxəli və müxtəlif təyinatlı logistik layihələr, "ağıllı şəhər", "ağıllı kənd" layihələri uğurla icra olunur. Qarabağın alternativ enerji mənbəyinə, "yaşıl enerji" zonasına çevrilməsi istiqamətində mühüm addımlar atılır.

Zəngilanda yaradılan "ağıllı kənd"ə sakinlərin tez bir zamanda - növbəti ilin yanvar ayında yerləşdirilməsi gözlənilir. Tikintisi yüksək sürətlə davam edən Füzuli Beynəlxalq Hava limanının bu ilin sentyabr ayında istifadəyə veriləcəyi gözlənilir. Yeni hava limanının istifadəyə verilməsi xarici qonaqların və turistlərin azad edilmiş ərazilərə, xüsusilə də Şuşaya gəlişini təmin edəcək. İşğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. İnşa olunan yollar bölgənin inkişafını sürətləndirməklə yanaşı regionun tranzit əhəmiyyətinin artırılmasında mühüm rol oynayacaq.  Dövlətimizin başçısının tapşırığına əsasən, uzunluğu 101 kilometr təşkil edən Zəfər yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla iki hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən Zəfər yolu Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır. Artıq Zəfər yolunun asfaltlanması işlərinə başlanılıb. Tikintisi aparılan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu həm də strateji əhəmiyyəti ilə seçilir. Çünki sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

Müharibədən sonra bölgədə uzunmüddətli sülhün təmin edilməsi, regionun gələcək inkişafı üçün bütün imkanların mövcud olduğunu əsaslandırılmış şəkildə dünyaya təqdim edən Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilən bütün tədbirlər müstəqil ölkəmizin daha da möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması, siyasi islahatların dərinləşməsi və Azərbaycan xalqının təhlükəsiz şəraitdə, rifah içində yaşamasına yönəlib.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 40 (724) - 2021-11-13


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)