Şuşa Bəyannaməsi Azərbaycan - Türkiyə münasibətlərinin zirvəsidir

Ötən həftə ölkəmizin həyatında tarixi günlərdən və hadisələrdən biri yaşandı. O hadisə ki, nəinki ölkə gündəmində, eləcə də ölkəmizdən kənarda baş verən hadisələrə hələ uzun müddət öz siyasi təsirini göstərəcək. Söhbət iki qardaş ölkənin, Azərbaycan və Türkiyə münasibətlərinin yeni müstəviyə qalxmasını təsdiq edən sənəddən - Şuşa Bəyannaməsindən gedir. İyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərində imzalanan bu bəyannamə tarixi əhəmiyyətə malik olan müttəfiqlik münasibətlərini bir daha rəsmiləşdirdi. Bu tarixi sənəd siyasi və iqtisadi məsələlər, ticarət münasibətləri, mədəniyyət, təhsil, idman, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, qarşılıqlı hərbi yardım, Zəngəzur dəhlizi kimi mühüm məsələləri özündə əks etdirir. İki dost və qardaş ölkə arasında strateji əməkdaşlığı dərinləşdirən bu tarixi hadisə, eyni zamanda regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, xüsusilə də Azərbaycanın sərhədlərinin toxunulmazlığına yeni imkanlar yaradacaq. Bir sözlə, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin möhürü, zirvəsi oldu desək yanılmarıq.

Tarix ərzində Azərbaycan və Türkiyə dövlətlərinin birgə həyata keçirdiyi layihələr hər zaman uğurlu olub və regional əməkdaşlığa mühüm töhfə verib. Bu baxımdan yeni imzalanan bəyannaməni də bu uğurlu layihələrin davamı kimi qiymətləndirmək olar. Şuşa Bəyannaməsi hərbi əməliyyatların getdiyi bir region üçün sülh və barış ideyasının bərqərar olmasının əsl möhtəşəm nümunəsidir. Bu sənəd regionda təhlükəsizliyin qorunub saxlanması, iqtisadi artımın güclənməsi, infrastrukturun inkişafı baxımından önəmli ola bilər. Bəyannamənin ən vacib cəhətlərindən biri də hər iki ölkənin iqtisadiyyatının inkişaf etdirilməsidir. Hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıyan əməkdaşlıq iqtisadi inkişafın dayanıqlığı baxımından çox mühüm məsələ hesab olunur.

Digər vacib elementlərdən biri isə tranzit nəqliyyat potensialının inkişafı, Zəngəzur dəhlizinin açılması və regionda nəqliyyat kommunikasiya əlaqələrinin bərpa olunması ilə bağlıdır. Bütövlükdə isə Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşlılığı gücləndirməklə iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaradacaq.

Azərbaycan Şuşa Bəyannaməsi ilə gələcək perspektivlər üçün yeni hədəflərini müəyyənləşdirdi

Şuşa Bəyannaməsi türk dünyasının birləşməsinə, Azərbaycan-Türkiyə İttifaqının formalaşmasına gətirib çıxaracaq bir sənəddir. Ümumilikdə götürdükdə isə Şuşa Bəyannaməsi 100 il bundan əvvəl imzalanan Qars müqaviləsindən sonra Azərbaycanın təhlükəsizliyi üçün Türkiyənin önəmini bir daha təsdiqləmiş oldu. Əbəs yerə deyil ki, bu bəyannamə Qars müqaviləsinin davamı kimi qiymətləndirilir. Ümumiyyətlə, əgər Qars müqaviləsi təkcə Naxçıvan Muxtar Respublikasının qarantı idisə, Şuşa Bəyannaməsi birbaşa olaraq Azərbaycanın bütövlükdə təhlükəsizliyini təmin edən bir sənəddir. Bu müqavilənin ən əhəmiyyətli hissəsi də məhz bundan ibarətdir. Belə ki, hərbi müttəfiqliyə görə, əgər Türkiyə və Azərbaycan dövlətinin ərazi bütövlüyünə hər hansısa bir dövlət müdaxilə edərsə, o zaman bu iki dövlət bir-birinə kömək edəcək. Əlbəttə, bu hadisəni yenilik kimi də dəyərləndirmək olar. Artıq nə Ermənistan, nə də onun havadarları ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış edə, pərdəarxası təzyiqlər göstərə bilməz.

Azərbaycanın itirilmiş əraziləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun sayəsində "dəmir yumruq" hesabına işğalçılardan azad olundu. Bununla da ərazi bütövlüyümüz bərpa edildi. İndi isə gündəmin əsas məsələsi olan Zəngəzur dəhlizinin açılması istiqamətində işlər aparılır. Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhlizin açılması regionda iqtisadi inkişafı artıracaq, davamlı sülhü özündə ehtiva edəcək. Bu həm üçtərəfli bəyanatda, həm də Şuşa Bəyannaməsində özünü əks etdirən bir məsələdir.

Azərbyacan bu Bəyannamə ilə həm də Cənubi Qafqazda post müharibə dövründə yeni bir siyasi vəziyyətin daha çevik və müəyyən şərtlər daxilində formalaşmasına və irəliləməsinə töhfə verdi. Bu Bəyannamənin Şuşada imzalanması Qarabağın təhlükəsizliyi üçün Türkiyənin artan rolunu bir daha göstərdi. Türkiyə həmçinin işğaldan azad olunmuş ərazilərdə öz mövcudluğunu bununla bir daha isbat etdi. Şuşada Türkiyə Konsulluğunun açılması fikrini də Şuşa Bəyannaməsinin parlaq nümunəsi kimi adlandırmaq olar. Bu konsulluq Bakı, Gəncə, Naxçıvanla yanaşı, Azərbaycan ərazisində dördüncü konsulluq olacaq. Bir sözlə, Azərbaycan Şuşa Bəyannaməsi ilə gələcək perspektivlər üçün yeni hədəflərini müəyyənləşdirdi.

Siyasi partiyalar bəyanata qoşulmaqla Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə töhfə verdilər

Şuşa Bəyannaməsinin imzalanması ilə əlaqədar bir gün sonra - iyunun 16-da Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması ilə əlaqədar bəyanat imzaladılar. Siyasi partiyalar bu addımı atmaqla tarixi əhəmiyyətə malik olan müttəfiqlik sənədini dəstəkləmiş oldular. Bu addımı həm də ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların yüksək həmrəyliyimizin nümayişi, dövlətçiliyimizə, milli maraqlarımıza dəstək kimi də səciyyələndirmək olar. Tarix hər zaman göstərib ki, Azərbaycan xalqı illərin çətin sınağından milli birlik, təəssübkeşlik və həmrəylik hesabına uğurla çıxıb. Bu gün də siyasi partiyaların bu bəyanata qoşulması həmin faktı bir daha təsdiqləmiş oldu. Biz ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların sonuncu dəfə bu kimi birliyini ötən ilin payızında, 44 günlük Vətən müharibəsi zamanı görmüşdük. Tarixi ədalətin bərpası yönündə aparılan haqq savaşında ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar və onların üzvləri əsl həmrəylik nümayiş etdirərək, dövlətimizin, ordumuzun və Müzəffər Ali Baş Komandanımızın yanında olduqlarını bildirdilər. Aydın məsələdir ki, Qarabağ məsləsi milli məsələ kimi xalqımızın ümumi problemi, yaralı yeri idi. Belə bir vəziyyətdə birləşərək həmrəylik nümayiş etdirmək isə əsl təqdirəlayiq hal kimi dəyərləndirilir. Bəli, əgər söhbət Vətənimizin təhlükəsizliyindən, əmin-amanlığından gedirsə, həmin məqamda hamı bir nəfər kimi bərabər olmalı, bir yumruq olub, eyni nöqtəyə vurmalıdır. Azərbaycan xalqı da 44 günlük Vətən müharibəsində məhz bunu etdi. Xalqımız Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasətə arxalanaraq onun ətrafında sıx birləşdi. Bu birliyin sayəsində düşmənin başını "Dəmir yumruq"la əzdik, onun belini döyüş meydanında qırdıq. Bu baxımdan siyasi partiyaların dövlətimizin bu mövqeyini dəstəkləməsi alqışla qarşılanmalıdır. Onlar bununla Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə töhfə verdilər.

Amma təəssüf ki, Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası bu bəyannaməyə imza atmadı. Onlar "ayıbına kor olmaq" əvəzinə hətta bu bəyanata imza atanları da tənqid atəşinə tutdular. Həmin partiyalar bu addımı atmaqla eyni zamanda Şuşa Bəyannaməsinə də qarşı çıxmış oldular. Bu isə şəxsi ambisiyaların milli maraqlardan, dövlətçilik ənənələrindən üstün tutulması mənasına gəlir. Bununla da həmin partiya rəhbərləri əsl simalarını da bir daha ortaya qoymuş oldular.

Şuşa Bəyannaməsi Vətən müharibəsindən sonra diplomatiyamızın növbəti zəfəridir

Müttəfiqlik haqqında Bəyannamənin Şuşada imzalanması mühüm tarixi hadisə kimi yaddaşlara həkk olundu. Bu müqavilənin iyunun 15-ə təsadüf etməsi özlüyündə bir simvolik məna daşıyır. Belə ki, bu tarixin seçilməsi ilk növbədə ondan ibarət idi ki, məhz bu tarixdə ümummilli lider Heydər Əliyev Azərbaycanı dövlət olaraq dağılmaqdan xilas etmiş, müstəqilliyimizin qorunub saxlanmasında və möhkəmlənməsində müstəsna rol oynamışdır. Bir sözlə, 15 iyun Azərbaycan xalqı üçün adi bayramlardan biri deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik əsl qurtuluş günü idi. Artıq Azərbaycan xalqı bundan sonra 15 iyun tarixini ikiqat bayram kimi qeyd edəcək. Müqavilənin Şuşa şəhərində imzalanmasının məntiqli izahı da var. Bu, Şuşanın qədim Azərbaycan torpağı olmasını və bunun heç bir halda dəyişilməyəcəyinin sübutu idi.

Şuşa Bəyannaməsi həmçinin erməni havadarlarına da tutarlı bir cavab oldu. Bununla da Qarabağ məsələsinin başa çatdığı, münaqişənin tamamilə həll olunduğu qətiləşdirildi. Artıq Ermənistan hökuməti və xalqı yaxşı başa düşür ki, bundan sonra Azərbaycana qarşı yeni ərazi iddiaları ilə çıxış etmək və sərhədləri pozaraq münaqişəni alovlandırmağa çalışmaq nə ilə nəticələnə bilər. İndi Ermənistanın yeganə çıxış yolu Azərbaycanla münasibətləri yaxşılaşdırmaq, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmək, "Altılıq Platformasına" qoşulmaq və Zəngəzur dəhlizinin açılması üçün öz töhfəsini verməkdir. Bir sözlə, Şuşa Bəyannaməsi Vətən müharibəsindən sonra diplomatiyamızın növbəti zəfəri və təntənəsidir. Bu Bəyannamə Azərbaycan Prezidenti İlham Əliyevin növbəti uğurudur. Müttəfiqlik sənədi həmçinin 44 günlük Vətən müharibəsinin uğurlu davamıdır. Bununla hər iki dövlət bir daha dünyaya mesaj vermiş oldu. Yəqin ki, bəzi ölkələr bu mesajdan layiqli nəticə çıxarmağa çalışacaqlar. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO zirvəsindən sonra Azərbaycana gəlməsi o demək idi ki, dünyanın lider ölkələri bu Bəyannaməyə qarşı deyillər. Bu, bir daha onu deməyə əsas verir ki, Qarabağ münaqişəsi artıq tarixdə qaldı. Bəyannamənin imzalanması ilə Azərbaycan - Türkiyə münasibətlərinin gələcəyi də müəyyənləşmiş oldu. Əlbəttə, Şuşa Bəyannaməsinin imzalanması dost ölkələri sevindirsə də ölkəmizin güclənməsini gözü götürməyən, ermənilərə havadarlıq edən dövlətləri məyus edir, onlara çox ciddi narahatlıq yaradır. Artıq onların hər hansısa bir təzyiqləri Azərbaycanı narahat etməyəcək. Ona görə ki, Azərbaycanın yanında NATO-nun üzvü və regionda əsas söz sahibi olan, ABŞ ilə bir masada əyləşib öz şərtlərini diqtə edən Türkiyə kimi güclü bir dövlət var. Türkiyənin Azərbaycanın yanında olması Azərbaycana qarşı olan məkrli planların qarşısının alınmasına gətirəcək. Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi regionda geniş inteqrasiyaya öz töhfəsini verəcək. İndi Azərbaycanın qarşısında duran bir sıra uğurlu layihələr var. Bundan əlavə ərazi bütövlüyümüzün qorunub saxlanılması, iqtisadi inkişafa və regionda "Altılıq Platforması"nın reallaşdırılmasına nail olmaq kimi məsələlər dövlətimizin əsas prioritetlərindən biridir. Bu baxımdan biz hələ qarşıda bir çox zəfərlərin və tarixi uğurların şahidi olacağıq.

 

Baş səhifə
Arxiv

N 03 (779) - 2023-01-27


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Hüseyn Seyidzadə küç. 40