BİNA VƏ QURĞULARDA YANĞININ YAYILMA QARŞISININ ALINMASI

Yanğının yayılma qarşısının alınması sahəsinin, yanmanın intensivliyi və müddətinin məhdudlaşdırılması tədbirləri ilə əldə edilir.

Bunlara aiddir:

- otaq ilə, otaqlar arasında, müxtəlif funksional yanğın təhlükəliliyinə malik qrup otaqlar arasında, mərtəbə və seksiyalar arasında, yanğın bölmələri arasında, eləcə də binalar arasında yanğının təhlükəli amillərinin yayılmasına mane olan konstruktiv və həcmi-planlaşdırma həlləri;

- binanın konstruksiyasının üst qatlarında, həmçinin üst örtüklərində, fasadların, otaq və təxliyyə yollarının bəzənməsi və üzlənməsində istifadə edilən tikinti materiallarının yanğın təhlükəliliyinin məhdudlaşdırılması;

- otaq və binaların texnoloji partlayış-yanğın və yanğın təhlükəliliyinin azaldılması;

- ilkin, həmçinin avtomatik və gətirilən yanğınsöndürmə vasitələrinin mövcudluğu;

- siqnalizasiya və yanğın barədə xəbərvermə.

Yanğının söndürülməsi çətin olan, yəni texniki otaq və mərtəbələr, zirzəmi və yarımzirzəmi mərtəbələr və binaların digər hissələri yanmanın sahəsinin, intensivliyinin və müddətinin məhdudlaşdırılmasına yönəlmiş əlavə vasitələrlə təchiz olunmalıdır.

Yanğının yayılma qarşısının alınmasına yönəlmiş tədbirlərin effektivliyini yanğından dəyən birbaşa və dolayısı zərərin məhdudlaşdırılması tələblərinə əsaslanan texniki-iqtisadi hesablamalarla qiymətləndirilməsinə yol verilir.

Müxtəlif funksional yanğın təhlükəliliyi sinfinə aid olan bina və otaq hissələri normalaşdırılan odadavamlılıq hədləri və konstruktiv yanğın təhlükəliliyi sinfləri olan oddan mühafizə konstruksiyaları ilə və ya yanğına qarşı sədlərlə biri-birindən ayrılmalıdır. Bu zaman, bu cür oddan mühafizə edilmiş konstruksiyalara və yanğına qarşı sədlərin tiplərinə olan tələblər, otaqların funksional yanğın təhlükəliliyi, yanğın yükünün kəmiyyəti, binanın odadavamlılıq dərəcəsi və konstruktiv yanğın təhlükəliliyi sinfi nəzərə alınaraq təyin olunur.

Binada yanğına qarşı sədlərlə biri-birindən ayrılmış müxtəlif təyinatlı funksional yanğın təhlükəliliyə malik olan hissələr olduqda, hər bir belə hissə funksional yanğın təhlükəliliyinə uyğun binalara irəli sürülən yanğına qarşı tələblərə cavab verməlidir. Binanın hissələri müxtəlif funksional yanğın təhlükəliliyinə malik olduqda, ümumilikdə binanın funksional yanğın təhlükəliliyi, hər hansı hissəsinin funksional yanğın təhlükəliliyindən yüksək ola biləcəyi binanın yanğına qarşı sisteminin seçilməsi zamanı nəzərə alınmalıdır.

Zirzəmi və yarımzirzəmi mərtəbələrdə yanar qazlar və mayelər, eləcə də xüsusi hallar istisna edilməklə asan alışan materiallar istifadə və ya saxlanılan otaqların yerləşdirilməsinə yol verilmir.

Qeyd etmək lazımdır ki, tikinti konstruksiyaları yanmanın gizli yayılmasına kömək etməməlidir.

Tikinti konstruksiyasının birləşmə yerinin odadavamlılığı, konstruksiya üçün tələb olunan odadavamlıqdan aşağı olmamalıdır.

Odadavamlılığı və yanğın təhlükəliliyi normalaşdırılan oddan mühafizə edilmiş konstruksiyaların kabel və boru xətləri ilə kəsişən qovşaqları konstruksiyaların tələb edilən yanğın-texniki göstəricilərini aşağı salmamalıdır.

Konstruksiyaların açıq səthinə çəkilmiş xüsusi oddan mühafizə örtükləri və hopdurmaları konstruksiyaların bəzədilməsinə irəli sürülən tələblərə uyğun olmalıdır.

Texniki sənədlərdə bu örtüklərin və hopdurmaların istismar şəraitindən asılı olaraq, onların dəyişdirilməsi və ya yenilənməsi dövriliyi göstərilməlidir.

Konstruksiyaların odadavamlılıq hədlərinin artırılması və ya yanğın təhlükəliliyinin azaldılması üçün dövri dəyişdirilməsi və ya yenilənməsi mümkünlüyünü istisna edən yerlərdə xüsusi oddan mühafizə örtüklərindən və hopdurmalarından istifadə edilməsinə yol verilmir.

Materialların yanğın təhlükəliliyinin aşağı salınması üçün istifadə edilən oddan mühafizə vasitələrinin effektivliyi müvafiq sənədlərlə təyin olunmuş, tikinti materiallarının yanğın təhlükəliliyi qruplarını müəyyən edən sınaqlar vasitəsilə qiymətləndirilməlidir.

Konstruksiyaların odadavamlılığının artırılması üçün istifadə edilən oddan mühafizə vasitələrinin effektivliyi müvafiq sənədlərlə təyin olunmuş, tikinti materiallarının odadavamlılıq hədlərini müəyyən edən sınaqlar vasitəsilə qiymətləndirilməlidir.

Metal konstruksiyaların yükdaşıyıcılıq qabiliyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmayan oddan mühafizə vasitələrinin effektivliyini kiçildilmiş ölçülərinin, hündürlüyü 1,7 metrdən və ya aşırımı 2,8 metrdən az olmayan tir modellərinin müqayisəedici sınaqlarının aparılması ilə, statik yüklənmə olmadan qiymətləndirilməsinə yol verilir.

Örtüklərin və səthlərin odadavamlılığının artırılması üçün istifadə edilən asma tavanlar, yanğın təhlükəliliyi üzrə bu örtüklərə və səthlərə irəli sürülən tələblərə uyğun olmalıdır. Asma tavanlar olan otaqların yanğına qarşı arakəsmələri, onlar üzərində olan boşluğu ayırmalıdır. Asma tavanların üzərində olan boşluqda yanar qazları nəql edən kanalların və boru xətlərinin, toz-hava qarışıqlarının, maye və maye materiallarının yerləşdirilməsinin nəzərdə tutulmasına yol verilmir.

Yanğına qarşı divarlar dam örtüyü üzərində aşağıdakı qiymətlərdən az olmayan hündürlükdə tikilməlidir:

- sudan izolə layı istisna edilməklə, çardaqlı və ya çardaqsız dam örtüyünün hər hansı bir elementi normal və ya güclü yanan qrupa aid materiallardan hazırlandıqda - 0,6 m;

- çardaqlı və ya çardaqsız dam örtüyünün hər hansı bir elementi zəif və ya mülayim yanan qrupa aid materiallardan hazırlandıqda - 0,3 m.

Sudan izolə layı istisna edilməklə, çardaqlı və ya çardaqsız dam örtüyünün bütün elementləri yanmayan materiallardan hazırlanacağı təqdirdə yanğına qarşı divarlar dam örtüyü üzərində tikilməyə bilər.

Xarici divarları mülayim yanğın təhlükəli və ya yanğın təhlükəli sinfli, həmçinin yanğın təhlükəliliyi sinfindən asılı olmayaraq xarici asma divarları olan binalarda yanğına qarşı istənilən tip divarlar və 1-ci tip yanğına qarşı arakəsmələr bu divarlarla kəsişməli və 0,3 m az olmayaraq xarici divarın səthindən çıxıntısı olmalıdır.

Digər sinflərə aid xarici divarlar olduqda, yanğına qarşı divarların və yanğına qarşı arakəsmələrin xarici divarlarla kəsişməməsinə yol verilir.

V odadavamlılıq dərəcəli binalar istisna edilməklə, digər odadavamlılıq dərəcəli binaların xarici divarlarının bayır səthlərinin yanan materiallardan hazırlanmasına yol verilmir.

Yanğına qarşı sədlərin binanın oddan mühafizə edilmiş konstruksiyaları ilə birləşən yerlərində, həmçinin binanın konfiqurasiyasının dəyişən yerlərində, bu sədləri dəf edən, yanğının yayılmamasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır.

Binanı yanğın bölmələrinə ayıran yanğına qarşı divarlar binanın bütün hündürlüyü boyunca tikilməli və yanğın mənbəyi istiqamətindən binanın konstruksiyasının uçulması zamanı bitişik yanğın bölməsinə yanğının yayılmamasını təmin etməlidir.

Yanğın zamanı yanğına qarşı sədlərdəki oyuqlar, bir qayda olaraq örtülü olmalıdır.

Yanğına qarşı sədlərdəki pəncərələr açılan olmamalı, qapıların, darvazaların, lük və klapanların isə özünün örtülməsi və kipləşməsi üçün çərçivəsində qurğuları olmalıdır. Açıq vəziyyətdə istismar edilə bilən qapı, darvaza, lük və klapanlar yanğın zamanı onların avtomatik örtülməsini təmin edən qurğularla təchiz edilməlidir.

Lift şaxtalarının oddan mühafizə edilmiş konstruksiyaları istisna edilməklə, yanğına qarşı sədlərdə olan oyuqların ümumi sahəsi, onların sahəsinin 25%-dən artıq olmamalıdır.

Yanğın-partlayış kateqoriyasından asılı olaraq otaqlar dəhlizlərdən, pilləkən qəfəslərindən və lift hollarından ayıran yanğına qarşı sədlərdə qüvvədə olan normativ sənədlərə uyğun olaraq daimi hava vurulan tambur-şlüzlər nəzərdə tutulmalıdır. Bu otaqları digər otaqlardan ayıran, qapı, darvaza, lük və klapanları olan yanğına qarşı sədlərdə tambur şlüzlərin quraşdırılması mümkün olmadıqda, yanğının yayılma qarşısının alınması və bitişik mərtəbə və otaqlara partlayış təhlükəli konsentrasiyaları əmələ gətirə bilən yanar qazların, asan alışan və yanar mayelərin, tozların və liflərin nüfuz etməsinin qarşısını alan tədbirlər kompleksi nəzərdə tutulmalıdır. Bu tədbirlərin effektivliyi əsaslandırılmalıdır.

Yanğına qarşı qapı və ya darvazalarla örtülə bilməyən yanğına qarşı sədlərdəki oyuqlarda, bitişik olan digər kateqoriyalı otaqların əlaqələndirilməsi üçün avtomatik yanğınsöndürmə qurğuları ilə təchiz edilmiş açıq tamburların nəzərdə tutulmasına yol verilir. Bu tamburların oddan mühafizə edilmiş konstruksiyaları odadavamlı olmalıdır. Yanğına qarşı sədlərdəki oyuqların doldurulması, bir qayda olaraq yanmayan materiallarla yerinə yetirilməlidir.

Qalınlığı 40 mm az olmayan yanmayan materiallarla mühafizə edilmiş normal yanan yanarlılıq qrupundan aşağı olmayan materiallardan istifadə edilməklə qapı, darvaza, lük və klapanların hazırlanmasına yol verilir.

Yanar qazlar, maye və materiallar istifadəsi tətbiq edilməyən və saxlanılmayan, eləcə də yanar tozların əmələ gəlməsi ilə əlaqəli prosesləri olmayan otaqların istiqamətindən olan yanğına qarşı sədlərin tambur-şlüz qapılarının, qapıların, darvaza və lükların qalınlığı 40 mm az olmayan, boşluğu olmayan, normal yanan yanarlılıq qrupundan aşağı olmayan materiallardan istifadə edilməklə hazırlanmasına yol verilir. Yanar qazların nəql edilməsi üçün təyin olunmuş kanalların, şaxta və boru xətlərinin, toz-hava qarışıqlarının, mayelərin maddə və materialların yanğına qarşı divarlarla və 1-ci tip yanğına qarşı örtüklərlə kəsişməsinə yol verilmir. Bu cür yanğına qarşı sədlərlə kəsişən yuxarıda qeyd olunanlar kanallarla, şaxta və boru xətləri ilə nəql edilməsi üçün təyin olunmuşlardan fərqli olanların nəqli üçün kanallarla, şaxta və boru xətləri ilə yanma məhsullarının yayılma qarşısını alan avtomatik qurğular nəzərdə tutulmalıdır. Məyyən hallar istisna edilməklə, lift şaxtalarının və dam örtüyündə yerləşənlərdən başqa liftlərin maşın bölməsi otaqlarının, eləcə də kommunikasiyalar üçün şaxta və divar oyuqlarının oddan mühafizə edilmiş konstruksiyaları 1-ci tip yanğına qarşı arakəsmələrə və 3-cü tip örtüklərə irəli sürülən tələblərə cavab verməlidir. Liftin şaxtası ilə liftin maşın bölməsinin arasındakı oddan mühafizə edilmiş konstruksiyaların odadavamlılıq həddi normalaşdırılmır.

Yuxarıda qeyd olunan lift şaxtalarında yanğına qarşı qapıların quraşdırılması mümkün olmadıqda, 1-ci tip yanğına qarşı arakəsmələri və 3-cü tip örtükləri və ya yanğın zamanı lift şaxtalarının qapı oyuqlarını avtomatik bağlayan, ekranları olan tambur və ya hollar nəzərdə tutulmalıdır. Belə ekranlar yanmayan materiallardan hazırlanmalı və odadavamlılıq həddi EI 45-dən aşağı olmamalıdır.

Tüstülənməyən pilləkən qəfəsləri olan binalarda pilləkən qəfəslərinin çıxışında yanğın zamanı hava vurulan tambur-şlüzləri olmadıqda lift şaxtalarının avtomatik tüstüdən mühafizəsi nəzərdə tutulmalıdır.

Zibilin atılması üçün borular yanmayan materiallardan hazırlanmalıdır.

Yaşayış binalarından başqa, bütün funksional yanğın təhlükəliliyinə malik binalarda texnoloji şəraitə uyğun olaraq zirzəmi və ya yarımzirzəmi və birinci mərtəbələrin əlaqələndirilməsi üçün ayrıca pilləkənlərin nəzərdə tutulmasına yol verilir. Normativ sənədlərdə qeyd olunan bəzi hallar istisna olunmaqla, bu pilləkənlər təxliyyə zamanı nəzərə alınmırlar. Bu pilləkənlər yanğın zamanı hava vurulan tambur-şlüzlər quraşdırılmaqla 1-ci tip yanğına qarşı arakəsmələrlə mühafizə edilməlidir.

İstehsalat və anbar binalarında belə pilləkənlərdə yuxarıda qeyd olunan mühafizənin nəzərdə tutulmamasına, onların yanğın-partlayış kateqoriyasına görə V, Q və D kateqoriyalı otaqları olan zirzəmi və ya yarımzirzəmi mərtəbədən birinci mərtəbədəki həmin kateqoriyalı otaqlara aparması şərtilə yol verilir.

Vestibüldən ikinci mərtəbəyə qədər aparan 2-ci tip pilləkən qəfəslərinin quraşdırılması zamanı, vestibül dəhlizlərdən və yanaşı otaqlardan 1-ci tip yanğına qarşı arakəsmələrlə ayrılmalıdır. Bütün binada avtomatik yanğınsöndürmə qurğusu quraşdırıldıqda, eləcə də mərtəbəsinin sahəsi 300 m2-dan çox olmayan, hündürlüyü 9 metrdən çox olmayan binalarda 2-ci tip pilləkən qəfəsi yerləşən otaqların yanğına qarşı arakəsmələrlə ayrılmamasına yol verilir.

Zirzəmi və yarımzirzəmi mərtəbədəki liftlərin qarşısında yanğın zamanı hava vurulan, 1-ci tip tambur-şlüzlərin quraşdırılması nəzərdə tutulmalıdır.

Binanın və yanğın bölmələrinin ölçülərinin seçilməsi, eləcə də binalar arasındakı məsafələr onların odadavamlılıq dərəcəsindən, konstruktiv və funksional yanğın təhlükəliliyi sinfindən və yanğın yükünün kəmiyyətindən, eləcə də yanğından mühafizə vasitələrinin effektiv tətbiqi nəzərə alınmaqla, yanğından mühafizə hissələrinin mövcudluğu və ara məsafəsi, onların təchiz edilmə səviyyəsi, yanğının əmələ gətirdiyi mümkün iqtisadi və ekoloji nəticələrdən asılı olaraq yerinə yetirilməlidir. İstismar prosesində yanğından mühafizənin bütün mühəndis vasitələrinin işlək olması təmin edilməli, avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiya qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olaraq nəzərdə tutulmalıdır.

Elnur  Babayev

FHN DYNX-in Yanğına qarşı

təbliğat şöbəsinin rəisi,

daxili xidmət polkovniki

 

 

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 22 (706) - 2021-06-19


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)