Suqovuşan su anbarından buraxılan suyun nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlıq təmin olunub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuz 44 gün ərzində işğalçı Ermənistan üzərində tarixi Qələbə, Zəfər qazandı, Qarabağımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu.

Bu Zəfər həm də Azərbaycanın, eləcə də bütün regionun iqtisadi inkişafına ciddi təsir göstərməklə ölkəmizdə tamamilə yeni iqtisadi inkişaf amillərini formalaşdıracaq. Bu sahədə FHN-in Su Ehtiyatları Dövlət Agentliyinin qarşısında da məsuliyyətli vəzifələr dayanır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2020-ci il oktyabrın 3-də Suqovuşan su anbarının Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunması bir neçə böyük rayonun su qıtlığı ilə bağlı yaranmış probleminin həll edilməsi deməkdir.

"Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanının 6.1-ci bəndinin icrasının aidiyyəti üzrə təmin edilməsi məqsədilə, Fövqəladə Hallar Nazirliyi Tərtər rayonu ərazisində yerləşən işğaldan azad olunmuş Suqovuşan su anbarını mühafizəyə götürüb. Beləliklə, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Suqovuşan kəndi düşmən işğalından azad olunduqdan sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub.

Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlıq təmin olunub. Uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranıb. Bu ərazilərə öz axımı ilə suyun verilməsi eyni zamanda ərazidə mövcud olan subartezian quyularının istifadəsinə tələbatın azalmasına və elektrik enerjisi sərfiyatının qənaətinə səbəb olacaq.

Qeyd edək ki, Suqovuşan su anbarı Tərtər rayonu Suqovuşan kəndi ərazisində Tərtərçay çayı üzərində yerləşir. Ümumi həcmi 5,86 milyon kubmetr olan su anbarı 28 il ərzində işğal altında olub. Bu səbəbdən Tərtər, Ağdərə, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarındakı torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Bununla yanaşı, suyun buraxılmaması çayda kəskin ekoloji problemlər yaratmışdı. Hazırda Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi təmin olunub. Ərazidə ekoloji tarazlığın bərpa edilməsi ilə yanaşı, uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi, burada gələcəkdə əkin işlərinin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsində əsaslı rol oynayacaq.

Fövqəladə Hallar Nazirliyinin

Su Ehtiyatları Dövlət Agentliyi

 

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 17 (701) - 2021-05-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)