Prezident İlham Əliyev: Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi aparırdı

Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib.

Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi konfransı ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev açaraq konfransda iştirakına və regionun gələcəyi ilə bağlı baxışını paylaşmaq istəyinə görə Prezident İlham Əliyevə bütün iştirakçılar adından təşəkkür edib.

Azərbaycan Prezidenti İlham Əliyev ilk olaraq, belə bir tədbir təşkil etdiyinə görə ADA Universitetinə, cənab Paşayevə minnətdarlığını bildirib: "Şadam ki, nisbətən qısa bir zamanda ADA Universiteti Azərbaycanın aparıcı universitetlərindən birinə çevrilib və geniş beynəlxalq əlaqələrə malikdir. Həmçinin mən tədbir iştirakçılarına da minnətdarlığımı bildirirəm. Təsəvvür edə bilərsiniz ki, müharibədən sonrakı vəziyyət olduqca həssasdır. Atəşkəsə əməl olunsa da, münaqişədən sonrakı inkişafla bağlı çoxsaylı suallar var və bu konfransın mövzusu da münaqişədən sonra inkişaf və əməkdaşlıqdır".

Prezident qeyd edib ki, otuz ildir Ermənistanın işğalından əziyyət çəkən Azərbaycan xalqının regionda marağını, eləcə də onların həmrəyliyini görürük. Münaqişədən sonrakı inkişaf mövzusuna toxunmazdan əvvəl başa düşülməlidir ki, bizim torpaqlarımız 30 ilə yaxın işğal altında olub. Biz ailə üzvlərini itirmiş, özlərinin doğma yurdlarında yaşamaqla bağlı fundamental hüquqlardan məhrum edilmiş insanların taleyini bir kənara qoya bilmərik. Biz Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri unuda bilmərik. Biz heç vaxt Ermənistan və qondarma "Dağlıq Qarabağ rejimi"nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmayacağıq. Bu səbəbdən həmin yaddaşın bizimlə qalacağını anlamaq olduqca vacibdir. Bu yaddaş qəlblərimizdə yaşayacaq. Eyni zamanda, biz gələcəyə baxmalıyıq. İşğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası bizim ən pis gözləntimizdən də qorxuncdur. Bizim şəhər və kəndlərimizdə ermənilər tərəfindən nələrin törədildiyi haqqında təsəvvürümüz var idi. Vaxtaşırı videomateriallar təqdim olunurdu, o torpaqlara səfər edə bilən xarici nümayəndələr tərəfindən məlumatlar verilirdi. Yeri gəlmişkən, bəlkə bilirsiniz ki, o vaxtkı Dağlıq Qarabağa qanunsuz səfər edən əcnəbilər, sizin səfər etdiyiniz ərazilərə gəlmək hüququndan məhrum idi. Onlar keçmiş Dağlıq Qarabağ inzibati vilayətinin ətrafında yerləşən Ağdam, Füzuli və digər rayonlara səfər etmək hüququndan məhrum idi. Səbəb ondan ibarət idi ki, Ermənistan hökuməti onların həmin ərazilərdə olan dağıntıların, işğalın, azərbaycanlılara qarşı olan nifrətin nəticəsinin şahidi olmasını istəmirdi. Aydındır ki, həmin ərazilər Birinci Qarabağ müharibəsi dayandıqdan sonra viran qoyulmuşdur, çünki müharibə gedə-gedə şəhər və kəndləri dağıtmaq mümkün olmazdı. Onlar bunu bilərəkdən, Azərbaycan mədəniyyətinin izini itirmək, bu torpaqları bizim yaddaşımızdan silmək və həmin ərazilərin mənşəyini dəyişdirmək məqsədilə ediblər. Beləliklə, burada Azərbaycan xalqının hissləri başa düşülməlidir. Biz artıq həmin torpaqlara qayıdaraq işğalçı erməni qüvvələrinin bizim tarixi və dini abidələrimizi, şəhər və kəndlərimizi necə viran etdiyinin şahidiyik. Bu isə münaqişədən sonrakı dövrdə addımlarımızın planlaşdırılması baxımından mühüm amildir. Siz hansı hadisələrin baş verdiyini yaxşı bilirsiniz. Siz proseslə maraqlanan şəxslərsiniz və burada 30 illik işğalla bağlı geniş danışmağa ehtiyac duymuram. Mən burada çıxışımı dayandırmaq və müzakirələrə daha çox vaxt ayırmaq istəyirəm.

Konfransda verilən sualları ətraflı cavablandıran Prezident İlham Əliyev vurğulayıb ki, Qarabağ probleminin həllində Azərbaycan həmişə konstruktiv mövqedə olub. Keçmiş həmkarlarla, Minsk Qrupunun səfirləri ilə görüşümüzdə hər zaman dediyim kimi, biz münaqişənin həlli yollarının tapılmasında hər zaman maraqlı olmuşuq. Çünki biz münaqişədən əziyyət çəkən tərəfik. "Danışıqlar zamanı məndə güclü bir hiss var idi və mən bunu sizlərə deyirdim ki, Ermənistan münaqişənin həllini istəmir və bunun üçün əlindən gələni edir. Biz torpaqları azad edəndən sonra orada 100 milyonlarla dollar hesabına başa gəlmiş nəhəng istehkamlar, minalanmış sahələr və müdafiə sədlərinin qurulduğunun şahidi olduq. Aydındır ki, onlar bunu torpaqlarımızı əbədi işğal altında saxlamaq üçün etmişlər. Onların taktikası, danışıqlarda iştirak etmək, müəyyən məsələlərə razılıq vermək, digərlərini qəbul etməyərək prosesin imitasiyası ilə məşğul olmaqdan, həlledici qərar verməyə gəldikdə isə geriyə addım atmaqdan ibarət idi",- deyə dövlətimizin başçısı vurğulayıb.

"Bizim müharibə zamanı davranışımıza gəldikdə, artıq müharibənin ilk günlərindən bəlli idi ki, Azərbaycan yalnız XXI əsrin müharibəsini deyil, eyni zamanda, yeni mənəvi qaydalar əsasında döyüş aparır"-, deyə sözünə davam edən Prezident İlham Əliyev xatırladıb ki, hərbçilərimizə verdiyi ilk əmrlərdən biri ləyaqətlə, təmkinlə davranmaları və mülki vətəndaşlara zərər verməməyə maksimum çalışmaqla bağlı idi. Bunun nəticəsində Ermənistan tərəfinin mülki vətəndaşlar arasında itkiləri 40 nəfərdən az oldu.

Azərbaycanın müharibə zamanı davranışının Ermənistan tərəfindən düzgün qiymətləndirilmədiyini çox təəssüf doğuran hal kimi qiymətləndirən Prezident İlham Əliyev deyib ki, biz münaqişədən sonrakı inkişafdan danışırıq və gələcək barışığa apara biləcək müəyyən elementlər üzərində diqqətimizi cəmləşdirməliyik: "Lakin Ermənistanda o qədər uzun müddət dövründə Azərbaycana qarşı demonizasiya siyasəti, uydurmalar, azərbaycanlıları düşmən, Azərbaycanın isə sanki Ermənistanı və Qarabağı işğal edən formada təqdimatı hökm sürüb ki, cəmiyyətin bunun əksini dərk etməsi üçün vaxt tələb olunacaq. Yalnız müharibə zamanı deyil, biz müharibədən sonrada da eyni davranış nümayiş etdirdik. Biz 1500-dən çox erməni əsgərinin cəsədlərini Ermənistana təhvil vermişik. Biz Rusiya sülhməramlıları ilə birlikdə axtarış əməliyyatlarında iştirak edirik. Onu da deməliyəm ki, Birinci Qarabağ müharibəsində bizim 4 min hərbçimiz itkin düşüb və bir cəsəd belə bizə qaytarılmayıb. Budur, aramızda olan fərq".

Azərbaycanlıların və ermənilərin gələcəkdə necə qarşılıqlı əlaqədə olacağını proqnozlaşdırmağın çətin olduğunu qeyd edən Prezident İlham Əliyevin fikrincə, bu, əhəmiyyətli dərəcədə siyasətçilərin iradəsindən və siyasi müdrikliyindən asılı olacaq: "Çünki düşünürəm ki, körpülər yaratmağa çalışmaq üçün burada və İrəvanda bizim daha fəal olmağımıza ehtiyac var. Əlbəttə ki, əgər Ermənistan bunu istəyirsə. Biz onların niyyətlərinin nə olduğunu bilmirik. Onlar heç vaxt bu barədə ətraflı məlumat verməyiblər. Mən artıq dəfələrlə açıq şəkildə bildirmişəm ki, biz münaqişə səhifəsini bağlanmış hesab edirik. Biz, hətta Ermənistanla mümkün sülh razılaşması barədə danışa bilərik və mən bunu bir neçə dəfə demişəm. Bizim planlarımız budur. Lakin biz Ermənistan tərəfdən bu cür mesajlar almamışıq. Ermənistanın baş naziri susur, Ermənistanın xarici işlər naziri çox aqressivdir və indi Ermənistan elə vəziyyətdə deyil ki, Azərbaycana qarşı aqressiv olmağı özünə rəva görsün. Onlar müharibə vaxtı nə baş verdiyini xatırlamalıdırlar. Ermənistan müxalifəti hazırda faktiki olaraq isterikadadır və azərbaycanofobiya, türkofobiya onların əsas, - bu, hər zaman çox mühüm olub, - lakin indi zənnimcə, yeganə amilinə çevrilib".

Ermənilərin seçkiləri azərbaycanafobiya, türkofobiya, revanşizm hissləri üzərində quracaqlarını vurğulayan Prezident bildirib ki, Azərbaycanın mövqeyi aydındır. Biz buna hazırıq. Bu, asan olmayacaq. Ağdam və digər ərazilərə qayıdacaq keçmiş qaçqınlar ermənilərin onların torpaqlarına, əzizlərinin qəbirlərinə, dini abidələrinə nə etdiyini görəcəklər. Onlar nə hiss edəcəklər? Mən proqnozlaşdıra bilərəm. Mən müharibə vaxtı təmas xəttinə yaxınlaşanda, Ağdamı yalnız binoklla görə biləndə və bütün işğal olunmuş ərazilərə gedəndə eyni hissi keçirmişəm. Bəli, mən Prezidentəm və vəzifələrimə uyğun davranmalıyam. Lakin biz hamımız insanıq, hisslərimiz var. Biz onları gizlədə bilərik, onlara nəzarət edə bilərik, lakin bəzən bu, çox çətin olur. Buna görə də mən proqnozlaşdıra bilmərəm, əksinə, mən keçmiş azərbaycanlı qaçqınların nə hiss edəcəyini proqnozlaşdıra bilərəm. Lakin Prezident olaraq, gələcəyə baxan bir şəxs olaraq, əgər Ermənistan bizə müsbət işarələr versə, biz bu əlaqələri qura bilmək üçün hər şeyi edərik.

Dövlətimizin başçısı Ermənistan kimi kiçik, yoxsul və zəif ölkənin Türkiyə kimi böyük və güclü ölkəyə qarşı ərazi iddialarının olduğunu tamamilə qəbuledilməz və qəribə hal kimi dəyərləndirib: "Onlar öz ideoloji doqmalarına o qədər tabe idilər və türkofobiya dövlət siyasəti oldu ki, onlar hətta reallıq hissini itiriblər. Bildiyimə görə, Türkiyə hökuməti addımlarını çox konstruktiv şəkildə planlaşdırır. Lakin, əlbəttə ki, onlar adekvat cavab almalıdır. Ermənistan ilk olaraq nə etməlidir? Onlar Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir, öz konstitusiyalarını yenidən yazmalıdırlar. Onlar yeni konstitusiya qəbul etməlidirlər. Onlar bunu planlaşdırırlar, lakin bu, hökumətin siyasi gündəliyi üçündür. Hökumət öz siyasi mövqeyini gücləndirmək istəyir. Lakin, eyni zamanda, düşünürəm ki, onlara yaxşı məsləhət verə bilərəm. Öz konstitusiyalarından Türkiyəyə qarşı ərazi iddialarını çıxarsınlar."

Prezident İlham Əliyev deyib ki, bu gün biz kommunikasiyanın açılmasını, xüsusilə Zəngəzur dəhlizini müzakirə edirik və Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz. Baxmayaraq ki, Türkiyə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunda iştirak etmir, Türkiyə müzakirələrlə bağlı bizim tərəfimizdən məlumatlandırılır və əgər Ermənistan kommunikasiyalarla bağlı çətinliklərə son qoymaq istəyirsə, onlar tranzit ölkə olmaq üçün hər hansı imkana malik olmaq istəyirlərsə, yalnız Türkiyə onları bununla təmin edə bilər. Bildiyimə görə, Türkiyə hökuməti hazırdır. Beləliklə, top Ermənistan tərəfdədir.

Qarabağın iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacağını bildirən dövlətimizin başçısı üç hava limanı, dəmir yollarının əlaqələndirilməsi ilə əlaqədar artıq işlərə başlanıldığını qeyd edib. Zəngilanın coğrafi mövqeyini nəzərə alsaq, mühüm daşınma və logistik mərkəz rolunu oynaya bilər. Qeyri-enerji sektoruna daha çox investorları cəlb etmək və biznes imkanları var.

Dünya Bankının "Doing Business" hesabatında Azərbaycanın reytinqinin yüksəldiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: "Biz 28-ci yerdəyik. Beləliklə, biznes mühiti yaxşılaşır. Bizim əhali çox savadlıdır. Gənc nəsil ideyalarla çıxış edir, bu, gələcəyə ümiddir. Mənim müharibə vaxtı dediyim kimi, müharibənin ən böyük yükü, mən hakimiyyətə gələndə uşaq olanların çiyinlərinə düşüb. Beləliklə, biz gənc nəslin inkişafına kömək etməyə nail olduq. Enerji ehtiyatlarını və iqtisadiyyatımızı əlavə təchizat mənbələri ilə təmin edəcək bütün əsas neft və qaz kəmərlərinin tamamlanmasını nəzərə alaraq biz xarici yardımdan asılı deyilik. Bizim xarici borcumuz ümumi daxili məhsulun təxminən 18 faizinə bərabərdir. Mən qarşıya onu ümumi daxili məhsulda 10 faizədək azaltmaq hədəfi qoymuşam. Bu, dünyada ən yaxşı nəticələrdən biri olacaq. Bizdə yoxsulluq səviyyəsi çox aşağıdır, təxminən 5 faiz. Mən bu vəzifəyə gələndə bu, 49 faiz idi. Biz faktiki olaraq hiss edirik ki, strateji baxışla bağlı bütün planlarımızı həyata keçirmək iqtidarında olacağı. Lakin bunun üçün bizim Azərbaycanın daxilində artıq 28 ildir olan sabitliklə yanaşı, sərhədlərimizin hüdudlarından kənarda sabitliyə ehtiyacımız var. Əsas işlərimizdən biri riskləri minimuma endirmək üçün atacağımız addımlarımız olacaq. Biz Qoşulmama Hərəkatının sədri öhdəliklərini böyük uğurla həyata keçirmişik. Bizim regionda beynəlxalq səylərimiz yeni əməkdaşlıq formatlarının yaranmasına gətirib çıxardı. Türkiyə-Rusiya, Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İranla artıq üçtərəfli əməkdaşlıq var. Bu da sabitlik və proqnozlaşdırılmaya töhfədir və əlbəttə ki, Ermənistan tərəfdən qisas cəhdləri sıfır risk olmalıdır. Əgər onlar bunu etsələr, dediyim kimi, biz sülh istəyirik, lakin biz onları tamamilə məhv edərik. Onları tamamilə məhv edərik və indi dediklərimi unutmağa qoymarıq".

"Müharibədən sonrakı vəziyyət onu da nümayiş etdirir ki, indi bizim qonşularımız regional inkişafla bağlı baxışlarımızı paylaşırlar",- deyə sözünə davam edən dövlətimizin başçısı diqqətə çatdırıb ki, Xəzər dənizinin o tayında olan qonşularımızla münasibətlər uğurla inkişaf edir və onların hər biri ilə bizim konkret əməkdaşlıq istiqamətimiz var. Ən böyük hissə nəqliyyatla əlaqəlidir. Çünki Azərbaycan Türkiyə ilə dəmir yolu bağlantısı, dəniz limanı və avtomagistrallar kimi bütün nəqliyyat və logistika layihələrini tamamladıqdan sonra artıq önəmli nəqliyyat qovşağına çevrilib. Açıq dənizə çıxışımızın olmamasına baxmayaraq, biz şərq-qərb və cənub-şimal nəqliyyat dəhlizlərində fəal iştirak edirik. İndi isə bu layihələrə daha çox ölkələr cəlb olunur. Odur ki, Xəzər dənizinin o biri tayındakı qonşularımızla əməkdaşlığın əsas sahəsi nəqliyyatdır, lakin əməkdaşlıq təkcə bundan ibarət deyil. Biz qarşılıqlı ticarətin həcminin necə artırılması, qarşılıqlı investisiyaların yatırılması üçün daha yaxşı imkanların necə təmin olunması üzərində çox yaxından çalışırıq".

Ermənistanın Birinci Qarabağ müharibəsində törətdiyi bir çox müharibə cinayətlərindən bəhs edən dövlətimizin başçısı o vaxt informasiya mühitinin fərqli olduğunu, vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktların sənədləşdirilmədiyini və sənədləşdirilsə belə, onun beynəlxalq ictimaiyyətə çatmadığını bildirib. Həmin vaxt təkcə Xocalıdan söhbət getmirdi. Kəlbəcərdə Ağdaban kəndi kimi bir çox başqa kəndlər də var idi. Dünyada bir çox insanların bunun haqqında məlumatı yoxdur, lakin burada da eyni hadisələr baş vermişdir.

Prezident qeyd edib ki, ermənilər günahsız mülki insanları yandırırdılar, öldürürdülər. Bir çox kəndlər erməni barbarlığının qurbanı olub. İkinci Qarabağ müharibəsi zamanı onlar beynəlxalq ictimaiyyətin gözü qarşısında bizim şəhər və kəndlərimizi ballistik raketlərlə bombalayıblar, hər gün artilleriya atəşinə tutublar. Kiçik Tərtər şəhərinə 16 min bomba atılmışdır. Onlar hətta dəfn mərasimini bombalayaraq bir ailəni qətlə yetirmişdir. Onlar Bərdəni, Naftalanı bombalayırdılar. Naftalanda onlar beş nəfərdən ibarət ailəni öldürmüşdülər. Onlar qəsdən bizim şəhər və kəndlərimizə hücum edir və düşünürdülər ki, bunu etməklə bizi dayandıracaqlar. Biz eynisini etmədik. Biz heç vaxt heç bir kənd və ya şəhərə zərbə endirməmişik. Biz yalnız Xankəndidə yerləşən hərbi obyektlərə zərbələr endirirdik, çünki bunlar hərbi obyektlər idi.

"Gecə vaxtı Gəncə şəhərinə qarşı ballistik raketdən istifadə onların barbarlığını açıq-aydın nümayiş etdirirdi. Çünki bu ballistik raketin hədəfi var idi. Onun yaşayış yerinə düşməsi təsadüf deyil. Bu, insanların gecə yatdığı vaxt həyata keçirilən hədəfə alınmış hücum idi və bu, bir dəfə yox, bir neçə dəfə baş vermişdir. Bundan sonra onlar nə etdilər? Onlar dedilər ki, bunu onlar etməyiblər. Rəsmi olaraq erməni rəsmisi dedi ki, bunu ermənilər etməyib. Onda bunu kim edib? Kim? Biz özümüz? Siz yəqin bilirsiniz ki, onlar hətta Xocalı soyqırımına görə günahı bizim üstümüzə atmaq istəyirdilər. Onlar hekayələr uydurur və beynəlxalq birliyi inandırmağa çalışırdılar ki, azərbaycanlılar özləri Xocalıda günahsız insanları qətlə yetiriblər. Onlar "Toçka-U" və "Elbrus" raketləri ilə bağlı da eynisini ediblər. Onlar hətta Bakıdan 100 kilometr məsafədə yerləşən Xızıya zərbə endirmişdilər. Onlar Bakıya çatmaq istəyirdilər. Onlar Qəbələyə hücum edirdilər. Qəbələ münaqişə zonasından çox uzaqda yerləşir. Beləliklə, Bərdə, Ağdam, Ağcabədi, Füzuli, Goranboy, Naftalan, Xızı, Qəbələ. Onların etdikləri budur",- deyə dövlətimizin başçısı vurğulayıb.

Dövlətimizin başçısı "İsgəndər-M" raketi ilə bağlı məsələnin diqqət mərkəzində saxlanıldığını qeyd edərək bildirib ki, mən öz xalqımdan heç nəyi gizlətmirəm, hesab edirəm ki, Azərbaycan xalqı hər şeyi bilməlidir: "Mən aprelin 1-də cənab Putinlə telefon söhbətim zamanı bu məsələni qaldırmışdım. Bu telefon söhbəti ilə bağlı yayılan rəsmi məlumata daxil deyildi, çünki biz telefon söhbəti ilə bağlı məlumatı onlar verdiyi kimi vermişdik. Siz onları müqayisə edə bilərsiniz. Lakin mən bu sualı verdim. Mən dedim ki, biz cavabı bilməliyik. Azərbaycan xalqı nəyin baş verdiyi ilə bağlı cavabı bilməlidir. Artıq iki həftə keçib. Aprelin 4-də bizim Müdafiə Nazirliyimiz Rusiya Müdafiə Nazirliyinə bu məsələ ilə bağlı rəsmi məktub ünvanlayaraq foto, video və digər materialları təqdim edərək onlardan cavab istəyib. Bu raketlər nə raketləridir və nə baş verib? Artıq doqquz gün keçib, heç bir cavab yoxdur. Bir qrup Azərbaycan jurnalisti Rusiyanın Azərbaycandakı səfirliyinə açıq məktub yazıb və bu məktub açıq xarakter daşıyır. Yəqin ki, siz onu görmüsünüz. Heç bir cavab verilmədi. "İsgəndər" buradadır, "İsgəndər-M", hansı ki, heç bir yerə ixrac olunmamalı idi, Şuşaya necə gətirilib? Haradan atılıb? Kim onu atıb? Biz cavabları gözləyirik. Sizə bir şey də deyə bilərəm. Bəzi suallara bizim artıq cavablarımız var. Lakin biz Ermənistandan rəsmi cavab gözləyirik, çünki bu raketlər Ermənistanın ərazisindən buraxılıb. Biz onların dəqiqliklə haradan atıldığını bilirik. Bu suallar cavablandırılmalıdır. Bu, ciddi məsələdir. Bu, adi bir raket deyil. Bu raket buraxılmışdır və onlardan neçəsi buraxılmışdır, haradan və nə zaman biz onları da bilirik. Bizə, Azərbaycan xalqına bu suallara cavablar lazımdır".

Prezident İlham Əliyev tarixi faktlara əsaslanaraq belə bir məqama da toxunub ki, Azərbaycan tarixini silmək istəyənlər belə öyrədilib ki, guya onlar qəhrəmandırlar, əslində isə cinayətkardırlar. Azərbaycanlıları qətlə yetirən, soyqırımı törədən Şaumyan və digərləri. Başqa misallar da var. Beləliklə, biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin.

Zəngəzurun qədim Azərbaycan ərazisi olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: "Zəngəzur 1920-ci ildə Ermənistana verilmişdir - 101 il əvvəl. Ondan əvvəl o torpaq bizə məxsus idi. Onların bu gün Sevan adlandırdığı Göyçə gölünün ətrafında azərbaycanlılar yaşayıblar. Bu da bir həqiqətdir. XX əsrin əvvəlindəki xəritələrə baxsanız Sevan deyil, Göyçəni taparsınız. İrəvanla bağlı da məsələ eynidir. Onlar İrəvanın tarixi hissəsini məhv ediblər. Bunlar hamısı faktlardır. Azərbaycanlılar orada yaşamışlar, o cümlədən mənim ulu babalarım".

Dövlətimizin başçısı qeyd edib ki, bunlar hamısı faktlardır, lakin bizim ərazi iddiasında olmağımız anlamına gəlməməlidir: "Bilmirəm bunu eşitmisiniz, yoxsa yox, mən demişəm ki, biz oraya qayıdacağıq. Ancaq mən demədim ki, biz oraya tank üzərində qayıdacağıq. Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq? Hesab edirəm ki, vaxtı gələndə biz bunu da edəcəyik".

Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdəki çıxışlarında Dağlıq Qarabağ məsələsinin hər zaman prioritet olduğunu qeyd edərək vurğulayıb ki, döyüşlərdə iştirak edən və şəhid olan bir çox insan mən 2003-cü ildə Prezident seçiləndə uşaq idi. Ancaq Qarabağ hər zaman bütün gündəliklərin bir nömrəli məsələsi idi. Bütün tədbirlərdə - sülh və müharibə, sosial-iqtisadi inkişaf mövzularındakı tədbirlərdə Qarabağ hər zaman mənim çıxışlarımda prioritet təşkil edirdi. Bu, artıq yeni Azərbaycandır. Ermənilər bizi yaxşı tanımırdılar. Onlar 1992-ci ilin Azərbaycanı ilə döyüşəcəyini zənn edirdilər. Azərbaycan isə fərqli idi, insanlarımız fərqli idi, cəmiyyət fərqli idi, ruh yüksəkliyi başqa idi. Mən bunu dəqiq bilirəm, onlar, onların əvvəlki rəhbərləri hesab edirdilər ki, biz bunları unudacağıq. Zaman keçəcək, hər kəs yorulacaq və heç kəs müharibə istəmir. Beynəlxalq mediada da belə spekulyasiyalar var idi ki, Azərbaycan müharibə etməyəcək, çünki ölkə inkişaf edir, Prezident Əliyev qeyri-müəyyən üstünlük naminə riskə getməyəcək. Ancaq onlar bizim daxilimizdə, qəlbimizdə nələrin olduğunu başa düşə bilmədilər. Başa düşmədilər ki, bizim üçün Qarabağ, sadəcə, torpaq demək deyil. O, bizim ləyaqətimiz, taleyimiz və qanımızdır. Beləliklə, biz qəhrəmanlıq və cəsarət nümayiş etdirdik, axıra qədər getdik və bizi heç kəs dayandıra bilməzdi. Bilirsiniz ki, müxtəlif istiqamətlərdən bizi dayandırmaq üçün çoxlu cəhdlər oldu. Ancaq biz sona qədər getdik.

 

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 17 (701) - 2021-05-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)