Mənzildə yaşlı insanlar üçün təhlükəsizlik tədbirləri

Yaşlı insanlar görmə, eşitmə, əzələ zəifliyi və s. səbəblərdən bir çox hallarda  qəza vəziyyətlərinə düşürlər. Evdə yaşlı insanlar olduqda  bir sıra amilləri xüsusi olaraq nəzərə almaq lazımdır.  İlk növbədə mənzildə yaşlı insanların hərəkət edə bilməsi üçün şərait yaradılmalıdır. Belə şəraitdən söhbət gedərkən otaqlararası qapıların vəziyyətini qeyd etmək olar. Bu zaman qapıları divara qarşı açılan edin və çalışın ki, keçidə maneə olmasın, otaqlar arasında yerdəyişmə asan və sürətli olsun.

Digər məsələ mebel əşyalarının yerləşdirilməsidir. Bəzən mebel əşyalarını otaqlar arasında keçid yolunun ağzına və ya otaqda mərkəzi bir yerə qoyurlar.  Evdə yaşlı insanlar varsa, o zaman belə əşyaların yerləşdirilməsinə xüsusu fikir verin.  Burada mebellərin quruluşuna da diqqət yetirin, onların iti bucaqlı olmamasına çalışın.

Diqqət yetirilməli amillərdən biri də mənzilin işıqlandırılmasıdır. Təbii işıqlanmada çox  parlaqlılıq yaşlılarda göz qamaşmasına səbəb ola bilər. Bu zaman pəncərələrin necə yerləşməsi önəmli rol oynayır.  Eyni zamanda günün saatlarına görə pərdə və jalüzlərdən istifadə edilir.

Süni işıqlanmada isə mühitin sabit və bərabər sıxlıqda işıqlanmasına diqqət edin. Oxumaq, yemək bişirmək kimi işləri asanlaşdırmaq üçün həmin hissələrin olduğu yerləri işıqlandırın. İşıq düymələrini asan istifadə edilə və əl çata bilən yerlərdə yerləşdirin. Evdə daim əl fənəri saxlayın.

Mənzildə döşəməyə gəlincə isə, onun sürüşkən olmamasına və sürüşkənlik duyğusu yaratmamasına çalışın. Çünki bu duyğu yaşlı insanlarda narahatlığa gətirib çıxara bilər. Evdə düşmə və yıxılma halları müxtəlif səbəblərdən ola bilər. Amma bu halların çoxu döşəmə amili ilə əlaqədar olur. Uyğun olmayan təmizlik vəsaitləri, yerə tökülən maye və s. maddələr döşəməni sürüşkən edə bilər. Döşəmə üçün istifadə edilən təmizlik vəsaitlərinə diqqət yetirin, sürüşməyə və düşməyə səbəb ola bilən yuyucu vasitələrdən istifadə etməyin.

Yaşlı insanların yerişinə təsir edə bilən qırıq parket və yaxud döşəmə üzlüklərini dəyişdirin, kələkötür səthləri düzləşdirin, yer xalçalarının qalxan uclarına diqqət yetirin. Döşəmədə dərin çatlaq və səviyyə fərqliliklərini bərpa edin. Bunlar ayağın ilişməsi ilə düşmə təhlükəsinə səbəb ola bilər.

Elektrik əşyalarına diqqət yetirmək  hər  ev üçün önəmlidir. Onlar işlətmək üçün saz vəziyyətdə olmalıdır. Evdə yaşlı insanlar olduqda elektrik cihazlarının yerlərinə xüsusi diqqət yetirin ki, ayaq altında  qalaraq təhlükəli vəziyyətə səbəb olmasın.

Beləliklə, mənzildə yaşlı insanların hərəkət etməsini asanlaşdırmaq üçün bir sıra tədbirlər görmək olar. Bu tədbirlər onların işini asanlaşdırmaqla yanaşı, təhlükəli  vəziyyətlərdən də uzaqlaşdıra bilər.

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 22 (706) - 2021-06-19


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)