Qarşılaşdığımız təhlükələr

İnsan sağlamlığına neqativ təsir edən təsir təhlükə adlanır. Təhlükə insanlara, təbii mühitə və maddi resurslara zərər yetirən bir vəziyyətdir. Mənbəsindən asılı olaraq təhlükələr iki əsas qrupa ayrılır: təbii və antropogen.

Təbii təhlükələr adından məlum olduğu kimi təbiətdə baş verən fəlakətlərdən yararlanır. Bura zəlzələ, daşqın, tufan, sel, vulkan püskürməsi və s. hadisələr nəticəsində qarşılaşdığımız təhlükələr aid edilir. Təbii xarakterli təhlükələrin əsas xüsusiyyəti onların gözlənilmədən, birdən baş verməsi ilə bağlıdır. Düzdür, son illər aparılan araşdırma və tədqiqatlar, elmin inkişafı onların bəzilərinin baş verməsi barədə proqnoz vermək imkanı verir. Məsələn, fırtınalar və sunamilər. Antropogen xarakterli təhlükələr isə ilk növbədə insanın aktiv texnogen fəaliyyəti ilə bağlıdır. Antropogen xarakterli təhlükələrin mənbələri insanlar, həmçinin texniki vasitələr, binalar, tikililər, nəqliyyat magistralları-bir sözlə insanla əlaqəli olan hər şeylə bağlıdır. Texnoloji vasitələrin sıxlığı və energetik səviyyəsi nə qədər çoxdursa, antropogen mənşəli təhlükələrin də vurduğu ziyan bir o qədər çoxdur. Bu cür təhlükələr bir qayda olaraq texnoloji tövsiyələrin, əmək intizamının və lazımi biliklərin olmaması səbəbindən baş verir. İnsana təsir xarakterindən asılı olaraq təhlükələr zərərli və zədəverici olmaqla iki qrupa ayrılır. Zərərli təsirə malik təhlükələr insanın halının pisləşməsi və ya onun xəstələnməsinə (əgər təsir davamedici xarakter daşıyırsa) səbəb olur.

Bura havada, suda, qida məhsullarında olan zəhərli maddələrin təsiri, havanın temperaturunun yüksək və ya aşağı dərəcələri, işıqlandırmanın kifayət qədər olmaması, hər hansı bir məkanda oksigenin səviyyəsinin azalması və s. aid etmək olar. Belə ki, yaxşı işıqlandırılmayan məkanda iş zamanı daha tez yorulma (1,5-2 dəfə çox), yüksək temperatur şəraitində isə əməyin məhsuldarlığının aşağı düşməsi kimi hallar baş verir. Zədəverici təsirə malik təhlükələr gözlənilməzliyi və tez baş vermə sürəti ilə insanların zədələnməsi və ölümünə səbəb olur. Elektrik enerjisi, düşən predmetlər, nəqliyyat vasitələri və ya müxtəlif qurğuların təsiri nəticəsində baş verən hadisələr bu xarakterli təhlükələrə aid edilir. Təhlükələrin insana neqativ təsirinə həmçinin kəskin və xroniki zəhərlənmələr də aiddir. Kəskin zəhərlənmə toksiki maddənin insan orqanizminə bir dəfə təsiri nəticəsində meydana gəlir. Adətən bu, qəza nəticəsində havada toksiki maddələrin həcminin kəskin artması nəticəsində və ya içərisində çoxsaylı toksinlərin olduğu məhsulların qəbulu nəticəsində baş verir. Xroniki zəhərlənmə isə kəskin zəhərlənmədən xeyli aşağı dozada olan toksiki maddələrin uzunmüddətli sistematik təsiri nəticəsində meydana gəlir. Hər iki zəhərlənmə insan sağlamlığına təsir edir və ciddi fəsadlar törədir.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 22 (706) - 2021-06-19


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)