Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı

Kiçikhəcmli gəmilər təyinatına, üzmə məsafəsinə,gövdənin materialına, hərəkətvericinin növünə və digər amillərə görə bir-birlərindən fərqlənirlər. Bunlara misal olaraq avarlı qayıqları, asma mühərrikli qayıqları, stasionar mühərrikli qayıqları (kater), hidrosikl, yelkənli və yelkənli mühərrikli qayıqları qeyd etmək olar.

Kiçikhəcmli gəmilərin təsnifatı Nazirlər Kabinetinin 23 aprel 2008-ci il tarixli 97 nömrəli Qərarı ilə tənzimlənir. Qərara əsasən, ümumi tutumu 300  tondan,  mühərriklərinin gücü 250 kvt-dan az olan bütün növ balıqçı, gəzinti, idman gəmiləri və sayından,  gücündən asılı olmayaraq, asma mühərriklə hərəkət edən bütün növ gəmilər kiçikhəcmli gəmilər hesab edilir. Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında, çaylarında, su anbarlarında və digər sututarlarında, kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarətini, kiçikhəcmli gəmilərin və onların dayanacağı üçün bazaların, qurğuların, yanalma körpülərinin təhlükəsiz istismarına texniki nəzarəti  Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti həyata keçirir. Xidmətin əməkdaşları mütəmadi olaraq kiçikhəcmli gəmi istifadəçiləri ilə görüşlər keçirir, onlara gəmilərin təchizat avadanlıqlarının minimum norma və tələbləri, habelə təhlükəsiz istismar qaydaları haqqında məlumatlar verirlər. Əfsuslar olsun ki, bəzi gəmi istifadəçiləri sozugedən təhlükəsizlik qaydalarına biganə yanaşırlar ki, bu da sonda qəzalara, bədbəxt hadisələrə səbəb olur.

Sularda baş vermiş qəzaların təhlili göstərir ki, qəzalar əsasən firtinalı havada səfərə çıxan, dövlət qeydiyyatından yayınan, müəyyən olunmuş vaxtlarda texniki baxışdan keçməyən, təchizat avadanlıqları və xilasetmə vasitələri olmayan gəmilərin istismarı zamanı həmçinin, sürücülük hüququ olmadan idarəetmə nəticəsində baş verir.

Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı üçün aşağıda göstərilən təchizat avadanlıqlarının minimum norma və tələblərinə əməl etmək zəruridir.

- Xilasedici canlıq;  (heyət və sərnişinlərin sayına görə)

- Xilasedici dairə; (1 ədəd)

- Maqnit kompası və ya GPS;

- Lövbər;

- Yanalma kəndirləri;

- Bir cüt avar;

- Əl fənəri;

- Vedrə, çömçə və yaxud quruducu əl nasosu;

- İlk tibbi yardım çantası;

- Mühərrikli qayıqlarda yanğın söndürən balon;

- Radiorabitə vasitəsi.

Nəzərə almaq lazımdır ki, kiçikhəcmli gəmilərin hərəkətinə yalnız günün işiqlı vaxtı icazə verilir. Çimərliklərdə insanların çimmə zonasında kiçikhəcmli gəmilərin hərəkəti qadağandır. Kiçikhəcmli gəmi istifadəçiləri gəmilərlə səfərə çıxarkən öz ehtiyatlarını (yanacaq, içməli su və s.) nəzərə almalı, gəmi biletində göstərilən üzmə məsafəsini üzüb keçməməli, küləyin sürəti və dalğanın hündürlüyü amilinə xüsusilə fikir verməlidirlər. Onlar üçün nəzərdə tutulmuş hava şəraitində hərəkət etməlidirlər. Azərbaycan Respublikasının ərazi sularında üzmə qaydalarına əsasən, küləyin sürəti 7 m/s-dən çox olduqda avarla hərəkət edən kiçikhəcmli gəmilərin istismarı qadağandır.

Qanunvericiliyin tələbinə görə, kiçikhəcmli gəmilərin istismarı aşağıda göstərilən hallarda qadağan  edilir.

- Gəmi dövlət qeydiyyatından keçmədikdə;

- Gəmi texniki baxışdan keçmədikdə;

- Gəminin bort nömrəsi yazılmadıqda;

- Gəmidə yük və sərnişin götürmə normaları pozulduqda;

- Gəmini idarə edən şəxsin sürücülük vəsiqəsi olmadıqda;

- Gəmini idarə edən şəxs sərxoş olduqda;

- Qəbul edilmiş sürət qaydaları pozulduqda;

- Səs siqnalları, fərqləndirici işıqlandırma və manevr qaydaları pozulduqda;

- İnsanların kütləvi istirahət etdiyi ərazilərdə gəmini idarə etdikdə;

- Gəmidə azyaşlı uşaqlar valideynlər tərəfindən müşayiət edilmədikdə;

- Gəmi təyinatından kənar sahə üzrə istismar olunduqda;

- Hərəkət vaxtı insanların bir gəmidən başqa gəmiyə keçmək halları müşahidə edildikdə;

- Yanacaq doldurma vaxtı yanğından mühafizə qaydaları pozulduqda;

- Gəmi biletində qeyd olunmayan mühərrikdən istifadə edildikdə;

- Gəmi görmə məsafəsi məhdud olduğu hallarda və dumanlı hava şəraitində idarə edildikdə;

- Xüsusi nişanlanmış kanallarda, torpaq sovuran qurğuların işlədiyi yerlərdə və qəza təmir işləri aparılan ərazilərdə keçmə qaydaları pozulduqda;

- Üzmə qaydaları və sərnişinlərin təhlükəsizliyi təmin olunmadıqda.

Kiçikhəcmli gəmi istifadəçilərindən tələb olunur!

- Səfərə çıxmazdan əvvəl gəminin sazlığı və müəyyən olunmuş normaya uyğun xilasetmə və zəruri avadanlıqlarla təmin olunması yoxlanılmalıdır;

- Sərnişinlər gəmidə təhlükəsizlik qaydaları ilə təlimatlandırılmalı, gəmiyə təhlükəsiz minib-düşmə təmin edilməlidir;

- Suda insanların təhlükəsizliyinə, gəminin qəzasız üzməsinə, ətraf mühitin qorunmasına əməl edilməlidir;

- Suda qəzaya uğramış insanlara yardım göstərməli və bu barədə Xidmətə xəbər verilməlidir;

- Xidmətin əməkdaşlarının göstərişi ilə gəmini saxlamalı və onların tələblərinə əməl edilməlidir;

- Dayanacaq üçün bazalardan istifadə edərkən müəyyən olunmuş normalara və qaydalara riayət edilməlidir;

- Covid-19 infeksiyasından qorunmaq məqsədilə tibbi maska taxılmalı, sosial məsafə gözlənilməli və dezinfeksiya vasitələrindən istifadə edilməlidir.

Unutmayaq ki, qaydalara biganəlik həyatımıza təhlükədir.

FHN-in Kiçikhəcmli Gəmilərə

Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin

İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsi

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 14 (698) - 2021-04-17


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)