Odsöndürənlərin növləri, tətbiqi və texniki göstəriciləri

Yanğınla mübarizədə ilkin yanğınsöndürmə vasitəsi olan odsöndürənlər tələb olunan etibarlı və zəruri vasitələrdən biri olaraq qalmaqdadır. Odsöndürənlər mütləq olaraq hər ofisdə, ictimai müəssisədə və ya istehsalat müəssisəsində olmalıdır. Bir çox hallarda odsöndürənlərin köməyi ilə yanğın mənbəyini yanğınsöndürənlər gələnədək, öz qüvvəmizə güvənərək söndürə bilərik.Yanğına müdaxilənin effektivliyi odsöndürənin doğru növünün seçimindən çox asılıdır.

Həcmindən asılı olmayaraq, bütün odsöndürənlər odsöndürücü maddənin tipinə görə bir neçə növə bölünür. Bu növlərin hər biri yanğının müəyyən sinfinin söndürülməsi üçün təyin olunmuşdur. Odsöndürən əldə olunan zaman bu amilin diqqətə alınması vacibdir. Odsöndürənin doğru növünü seçmək üçün hər birini təfsilatlı gözdən keçirək.

Quru kimyəvi tozluodsöndürənlər A sinfli-bərk maddələrin, B sinfli -maye maddələrin, C sinifli-qaz halında olan maddələrin və E sinifli- elektrik qurğularında yanğınların söndürülməsi zamanı istifadə üçün nəzərdə tutulmuşdur. D sinfli- metalların yanmasını tozlu odsöndürənlərlə söndürmək mümkün deyil. Metalların söndürülməsi üçün xüsusi tozlu odsöndürənlərdən istifadə olunur. Yanğın sinfi adətən odsöndürənin gövdəsindəki yarlıqda göstərilir.

Quru kimyəvi tozlu odsöndürənlər inzibati bina, anbar və ya istehsalat sexi də daxil olmaqla havanın  temperaturu -40 dərəcədən +50OS -dək olan istənilən təyinatlı otaqlarda tətbiq edilə bilər. Odsöndürənin mühafizə sahəsinin həcmi odsöndürənin texniki göstəricisindən asılıdır. Əgər odsöndürənin üzərindəki markalanmada QKT-6 yazılmışdırsa, deməli orta hesabla onun mühafizə edə biləcəyi sahə 60 m2 olacaqdır. Bu növ odsöndürənlərin tutumunun çəkisi 0,5 kg-dan 100 kg-a, tətbiqi zamanı məsafəyə tozun atımı 2 metrdən 6 m-dək, iş müddəti 6-30 saniyəyədək ola bilir.

Quru kimyəvi tozlu odsöndürənin üstünlüyü - onun universal odsöndürən vasitəli olması, yanğının sinfindən asılı olmayaraq (D sinfi istisna olmaqla) bütün yanğınlarda tətbiq olunma mümkünlüyüdür. Qısa desək, istər məişətdə, obyektdə və ya avtomobildə baş vermiş yanğınların söndürülməsi zamanı effektiv istifadəsi mümkündür. Tətbiqi zamanı soyutma effektinin olmaması, mühafizə olunan səthlərin çirklənməsi və otaqda görmənin məhdudlaşması, bu odsöndürənin çatışmazlıqları kimi hesab edilə bilər.

Quru kimyəvi tozlu odsöndürənin konstruksiyası qaz təzyiqi ilə odsöndürücü tozla doldurulmuş gövdədən, sifon lülədən, doldurucu-işəsalma mexanizmindən, püskürdücü ilə şlanqdan və monometrdən ibarətdir.

Odsöndürən, əvvəlcədən odsöndürənə doldurulmuş və yanğın mənbəyinə tozun püskürməsini təmin edən sıxılmış qazın enerjisi hesabına işləyir. Qaz qismində hava və ya azot, odsöndürücü vasitə qismində isə natrium, kalium və fosfor-amonium duzları olan xırdalanmış mineral tərkiblərdən istifadə olunur. Bu qaz bilavasitə odsöndürənin gövdəsinə doldurulur və işəsalma mexanizmini işə salındıqda həmin qaz odsöndürücü tozu təzyiqlə, şlanqın vasitəsilə xaricə çıxmasına səbəb olur. Yanan təbəqənin üzərinə düşən odsöndürücü toz yüksək temperaturun təsirindən biri-birinə yapışır və oksigenlə yanan təbəqənin arasında qat əmələ gətirir. Odsöndürənlərin daha bir üstünlüyü odur ki, tozu porsiyalarla, yəni dəstəyi sıxıb-buraxaraq yanğın mənbəyinə vermək mümkündür.

Odsöndürənin üstündə manometr yerləşdirilib. Bu, avadanlığın istifadəyə yararlığını və onun daxilindəki təzyiqin mövcudluğunu bildirən cihazdır. Əgər manometrin əqrəbi yaşıl rəngin üzərinə istiqamətlənibsə, deməli içərisindəki maddə keyfiyyətini itirməmiş, avadanlıq istifadəyə yararlıdır, sarı rəngin üzərinə istiqamətlənibsə, odsöndürənin saxlanma şəraitində uyğunsuzluğun olmasını, qırmızı rəngin üzərinə istiqamətlənibsə, nasaz olmasından xəbər verir.

Karbon qazlı odsöndürənlər B, C və E sinfli, yəni maye, qaz halında olan maddələrdə və elektrik qurğularında baş vermiş yanğınların söndürülməsi üçün nəzərdə tutulmuşdur. Adlanmasından aydın olur ki, bu yanğınsöndürmə vasitəsində odsöndürücü maddə karbon qazıdır. İstifadəsi zamanı kompüter və digər elektrik cihazlarının çirklənməsi baş vermədiyi üçün bu növ odsöndürənlərdən ofislərdə istifadə olunması tövsiyə olunur. Karbon qazlı odsöndürənlər yüksək soyutma qabiliyyətinə malikdir, yanğın obyektinə zərər vermir və iz qoymur. Mümkün mühafizə sahəsi odsöndürənin gövdəsində qeyd olunur və 10 m2-dən 550 m2-dək təşkil edir.

Odsöndürücü maddə olaraq maye halında olan karbon dioksiddən istifadə olunur. Bu növ odsöndürənin iş prinsipi daxilində olan qazın kəskin surətdə genişlənməsi nəticəsində müəyyən soyuq kütləsinin ayrılmasıdır. Bu səbəbdən odsöndürücü maddə çıxan qıfa bənzər ağızlıq metaldan və ya xüsusi plastik materialdan hazırlanır. Tətbiq edilən zaman ona toxunmaq tövsiyə olunmur, buna səbəb qıfa bənzər ağızlıqdakı temperaturun -700C-dək enə bilməsidir.

Karbon qazlı odsöndürən yüksək davamlığa sahib olan metal gövdədən ibarətdir. Gövdənin daxilinə yüksək təzyiq altında olan karbon qazı doldurulur. Gövdənin boğazlığında ventilli işəsalma qurğusu yerləşir. Bu qurğu balonun dibinə qədər enən sifonlu boruya birləşdirilir. Metal şlanq vasitəsilə işəsalma qurğusu qıfa bənzər ağızlıqla birləşdirilmişdir.

Vacib bilmək lazımdır ki, qapalı şəraitdə bu növ odsöndürənlərdən istifadə olunarsa, mütləq həmin məkanın havası yenilənməlidir. Çünki karbon qazının havadakı konsentrasiyası 2-4 faiz olarsa və insan bir müddət bu mühitdə nəfəs alarsa, bu boğulmaya və orqanizmin zəhərlənməsinə gətirib çıxara bilər.

Karbon qazlı odsöndürənlər həddindən artıq qızmadan və günəş şüalarının təsirindən qorunmalıdır. Ödsöndürənlərin istifadəyə yararlılığı çəki nəzarəti üsulu ilə hər il aparılmalıdır. Xidmət ili 5 il təşkil edir.

Köpüklü odsöndürənlər A, B sinfli yanğınların, yəni bərk və maye halında olan maddələrin söndürülməsi üçün nəzərdə tutulmuşdur. Bu növ odsöndürənlər C və E sinfli, yəni qaz halında olan maddələrdə və elektrik qurğularında baş vermiş yanğınların söndürülməsində istifadə üçün nəzərdə tutulmamışdır, tərkibi ildə bir dəfədən az olmayaraq yenilənməlidir.

Odsöndürəndən istifadə etmək üçün ilk növbədə onun üstündəki plastik möhürü qırmalı, dəstəyin arasındakı dəmir kilidi çıxararaq yanğın mənbəyinə yaxınlaşmaq lazımdır. Çöldə-açıq havada olduqda, odsöndürəndən istifadə edərkən içərisindəki kimyəvi maddənin nəfəsə daxil olmaması üçün küləyin əksi istiqamətində dayanmalı, alova çox yaxın olduqda təzyiqin odu ətrafa dağıdacağını, aralıda olduqda isə odsöndürücü maddənin alova çatmayacağını nəzərə alıb alovla arada normal məsafə saxlanılaraq, sakit tərzdə təmkinlə davranaraq, həyacanlanmadan odsöndürənin şlanqını alova doğru tutmaq, yavaş-yavaş dəstəyi sıxıb şlanqı gəzdirməklə alovu tam söndürmək lazımdır.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin

Yanğına qarşı təbliğat şöbəsi

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 14 (698) - 2021-04-17


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)