Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəlli potensial kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sahələrində iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Ölkəmizdə gənc nəslin mənəvi-ideoloji, fiziki tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması ümummilli lider Heydər Əliyevin müəyənləşdirdiyi gənclər siyasətinin əsasını təşkil edir. Məhz gənc nəslin fiziki, sosial və mənəvi inkişafını təmin edən fəaliyyət sahələrinin istiqamətləndirilməsi, gənclərin dünya dəyərlərinə yiyələnmələri qarşıya qoyulan əsas vəzifələrdəndir.
Hələ Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində Ulu Öndər xalqımızın gələcəyini düşünərək gənclərə xüsusi diqqət və qayğı ilə yanaşırdı. Həmin illərdə Heydər Əliyevin tapşırığı ilə gənclərimizin Azərbaycanın elm, təhsil, mədəniyyət və iqtisadi potensialının yüksəldilməsində fəal iştirakını təmin etmək üçün onlar keçmiş Sovet İttifaqının qabaqcıl ali məktəblərinə göndərilirdi. Milli zabit kadrlarının hazırlanması, gənclərin hərb sənətinə daha yaxından yiyələnmələri üçün Azərbaycanda xüsusi hərbi hazırlıq məktəbi də yaradılıb. Həyata keçirilən gənclər siyasəti nəticəsində 70-80-ci illərdə Azərbaycanda 10-larla uşaq-gənclər məktəbi fəaliyyətə başlayıb.
1990-cı illərin əvvəllərində yenicə müstəqilliyini bərpa etmiş respublikamızda digər sahələrdə olduğu kimi, gənclər siyasəti sahəsində də durğunluq yaşanırdı. Müxtəlif ictimai-siyasi proseslərə meyl edən gənclərimiz dövlətçilik və milli mənəvi dəyərlərin təbliğindən və qorunmasından kənarda qalmışdılar. Yalnız 1993-cü ilin iyun ayında xalqın təkidli istəyi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev gənclərin ümumdövlət və ümumxalq mənafeləri naminə səfərbər edilməsinə nail olub. Bu istiqamətdə gənclərlə bilavasitə daha sıx bağlı olan təhsil, idman və digər sahələrdə mühüm islahatlara başlanılıb. Ölkə gəncləri bir sıra ictima-siyasi, mədəni və sosial tədbirlərə cəlb olunub, bu işlərdə onların iştirakı təmin edilib. Bunun davamı olaraq ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılıb. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaradıb, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən edib. Ümummilli lider Heydər Əliyev 1995-ci ilin martında ölkə gəncləri ilə görüşərək onların sağlam ruhda tərbiyə almaları və əsl vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bildirib.
Qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirilməyə başlanıb. Artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi.
Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və movcud problemlərin həllində rolunu artırmaq, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşşəbbüsü irəli sürülmüşdü. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda iştirak edən ulu öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoyub: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir". Heydər Əliyev I Forumdan sonra respublikanın hər yerində gənclərlə aparılan işin daha geniş vüsət aldığını nəzərə alaraq, 1997-ci ildə imzaladığı sərəncamla tədbirin keçirildiyi tarixi - 2 fevral gününü "Gənclər Günü" elan edib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Ulu öndər Heydər Əliyev 1999-cu il iyulun 29-da imzaladığı "Dövlət gənclər siyasəti haqqında" Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradılıb. Fərmanla Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilib, Gənclər və İdman Nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradılıb. 2002-ci il 9 aprel tarixində "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Gənclərin rifahına, yaradıcılıq potensialının inkişafına xidmət edən mühüm Dövlət proqramlarının, inkişaf strategiyasının, bir sıra digər mühüm sənədlərin qəbul olunması və uğurla həyata keçirilməsi ölkəmizdə gənclərin potensialının inkişaf etdirilməsi, onların faydalı məşğulluğunun təmin edilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. "Qara qızıl"ın insan kapitalına çevrilməsi strategiyasının icrası çərçivəsində gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi təşkil olunub. Gənclər siyasəti sahəsində atılan bütün addımlar və qəbul olunan qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətini təcəssüm etdirir. Qürurverici haldır ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Dövlət gənclər siyasətinin ən böyük uğuru Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində vətənpərvər gənc nəslin yetişməsidir. Azərbaycan gənci dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi özünü təsdiqləyib.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun zəfər yürüşü, ölkəmizin tarixinə qızıl hərflərlə yazılan 44 gün davam edən Vətən müharibəsi Azərbaycan gənclərinin milli vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunun, mənəvi dəyərlərə sadiqliklərinin bariz ifadəsidir. Dövlətimizin başçısı İlham Əliyevin ətrafında sıx birləşən vətənpərvər gənclər Azərbaycanın haqq savaşında milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə aldıqlarını, Vətən uğrunda canlarından keçməyə belə hazır olduqlarını təsdiq ediblər. Bu, Heydər Əliyev ideyalarının və Prezident İlham Əliyev siyasətinin böyük uğuru, xalqımızın qürur mənbəyidir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı deyib: "Azərbaycanda 29 yaşına qədər insanlar gənclər sayılır. Əgər belə demək mümkündürsə, bu gün ən yaşlı gəncin mən Prezident vəzifəsinə birinci dəfə seçiləndə 11 yaşı var idi. Yəni, bu, reallıqdır. Mən çalışmışam ki, fəaliyyətim dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görək. Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular".
Gənclərə daim qayğı ilə yanaşan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi fədakarlıqlar, yeniyetmə və gənclərin sosial problemlərinin həlli, təhsilin və onlara göstərilən səhiyyə xidmətinin müasir dövrün tələbləri səviyyəsinə qaldırılması, habelə gənc istedadların üzə çıxarılaraq lazımi qayğı ilə əhatə olunması istiqamətində gördüyü işlər, reallaşdırdığı layihələr təqdirəlayiqdir.
Gənc idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. 1997-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş dövlət başçısı İlham Əliyev gənclərin idmana cəlb olunması məsələsinə xüsusi diqqət ayırır. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılıb, bu proses davam etdirilir. Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunub. Azərbaycanın özünü dünyada güclü idman dövləti kimi təsdiqlədiyini və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyinin ildən-ilə möhkəmləndiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: "Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi - bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi. Bu amil əlbəttə ki, bütün sahələrdə özünü göstərir".
Ulu Öndərin ideyalarına sadiqliyi ilə seçilən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan gəncliyinin bundan sonra da qalib və qüdrətli Azərbaycan naminə böyük nailiyyətlərə imza atacağını tam əminliklə və qətiyyətlə söyləmək olar!
Baş səhifə