Назад

27 may 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan avtomobil təmiri sexində təmirə dayanmış "Mercedes" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanmışdır. Sex və təmirə dayanmış digər avtomobillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qaynaq işləri aparılarkən yanğın təhlükəsizlik qaydalarının pozulması səbəb olmuşdur;

Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən parkda şübhəli çantanın aşkarlanması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər həmin ərazidə olan insanları təhlükəsiz məsafəyə uzaqlaşdırmış və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə aşkarlanmış çantaya baxış keçirmişlər. Nəticədə, həmin çantada şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 11:55-də başa çatmışdır;

Lənkəran şəhərində vətəndaşın yaşayış binasının 5-ci mərtəbəsinin eyvanından özünü atmaq istəyini nümayiş etdirməsi barədə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə Nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər həmin şəxslə psixoloji söhbət aparmış, xüsusi texnika vasitəsilə 5-ci mərtəbəyə qalxmış və vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 17:15-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 20:33-də başa çatmışdır;

Qobustan rayonunda, Bakı-Şamaxı avtomobil yolunun 84-cü kilometrliyində "VAZ", "Nissan" və "Chevrolet" markalı 3 minik avtomobili toqquşmuşdur. Nəticədə, "VAZ" markalı avtomobilin 3 sərnişini və "Chevrolet" markalı avtomobilin 1 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri almış, "VAZ" markalı avtomobilin sürücüsü isə yaralanaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış həmin şəxsi çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Yaralılar xəstəxanaya aparılmışdır. Əməliyyat saat 22:00-da başa çatmışdır.