Назад

24 may 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən inzibati binada partlayıcı qurğunun yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə hadisə yerində axtarış işləri aparmışlar. Nəticədə, həmin ünvanda şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 11:45-də başa çatmışdır;

Abşeron rayonu, Qobu qəsəbəsində ümumi sahəsi 80 kv.m olan fərdi evin yanar konstruksiyaları 30 kv.m sahədə yanmışdır. Yanğın saat 13:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının damından enərək 8-ci mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 13:39-da başa çatmışdır;

Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 116 kv.m olan birmərtəbəli fərdi evin zirzəmisində 50 kv.m sahədə əşyalar yanmışdır. Yanğın saat 14:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 4 otaqlı fərdi evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Avşar kəndində Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 113-cü kilometrliyində "Nissan" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq ağaca çırpılmışdır. Nəticədə, sürücü 1985-ci il təvəllüdlü Əliyev Elməddin Rəhman oğlu və sərnişin 1980-ci il təvəllüdlü Məmmədov Bayram Şükür oğlu həlak olaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışlar. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə E.Əliyevin və B.Məmmədovun cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər;

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, mənzilin hamam otağının kilidinin sınması nəticəsində həmin şəxs mənzildə çıxılmaz vəziyyətdə qalmışdır. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və xüsusi texnika vasitəsilə hamam otağının qapısını açmışlar. Bununla da vətəndaşa xilasedicilər tərəfindən müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 17:24-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:54-də başa çatmışdır;

Dənizin Astara şəhəri sahilində 1 nəfərin çimərkən batması barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən həmin şəxsin axtarışlarına başlanılmışdır;

Göygöl rayonu, Quşqara kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 2370 kv.m olan bitişik tikilmiş mağaza, anbar və mebel təmiri və istehsalı sexində yanğın hadisəsi baş vermişdir. Nəticədə, anbar və sexin yanar konstruksiyaları içərisindəki mebel məmulatları ilə birlikdə 720 kv.m sahədə yanmışdır. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər sexin və anbarın qalan hissəsini, həmçinin, mağazanı yanğından mühafizə etmişlər. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.