Назад

25 aprel 2011-ci il, saat 09:00-dək

Gəncə şəhəri, Kəpəz rayonunda taxta konstruksiyalardan ibarət ümumi sahəsi 117 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyalar 60 kv.m sahədə yanmışdır. Yanğın saat 10:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açmışlar. Mənzildə aşkarlanmış həmin şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:06-da başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda “VAZ” və “Mitsubishi” markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücülər yaralanmışlar. Yaralılar xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 11:25-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən enərək 2-ci mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 13:08-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda giriş qapısının kilidinin sınması nəticəsində yaşlı qadın mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının damından enərək 9-cu mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Bununla da vətəndaşa xilasedicilər tərəfindən müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 16:31-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində elektrik sayğacları yanmışdır. Yanğın saat 23:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində, Bakı-Quba avtomobil yolunun 42-ci kilometrliyində “Lada” və “Mercedes” markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, “Lada” markalı minik avtomobilində olan 2 nəfər həlak olmuş, 2 nəfər yaralanmış, “Mercedes” markalı minik avtomobilində olan 2 nəfər isə xəsarət almışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər avtomobillərdə sıxılmış vəziyyətdə qalmış cəsədləri və yaralıları nəqliyyat vasitələrindən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 23:55-də başa çatmışdır; 

Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m  sahədə yanmışdır. Yanğın saat 06:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.