Назад

18 aprel 2010-cu il, saat 09:00-dək

Bərdə rayonu, Həsənqaya kəndində (rayon mərkəzindən 12km aralı) Dövlət Neft Şirkətinə məxsus qazpaylayıcı stansiyasının ümumi sahəsi 27kv.m. olan birmərtəbəli 3 otaqdan ibarət dispetçer məntəqəsində otaqların birində partlayış baş vermişdir. Yanğın hadisəsi olmamışdır. Nəticədə, otağın tavanı və dam örtüyü dağılmış, həmin vaxt otaqda olan 3 nəfər yanıq xəsarətləri almışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Yanğınsöndürənlər hadisə yerinə çağırılmamışdır. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50kv.m. olan 1 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə tamamilə yanmışdır. Yanğın saat 14:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonunda torpaq Aşağı Ağca və Yuxarı Ağca kəndləri arasındakı yola sürüşmüşdür. Torpaq sürüşməsinin, təxminən, 600kv.m. ərazini əhatə etdiyi bildirilmişdir. Nəticədə, bir neçə evin həyətini və tövləni torpaq basmışdır. Xəsarət alan olmamışdır. Hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür;

Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, vətəndaş qapının dəfələrlə döyülməsinə və telefon zənglərinə cavab vermir. Hadisə yerinə gəlmiş xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən həmin mənzilin eyvanındakı dəmir barmaqlıqları kəsərək içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən 1941-ci il təvəllüdlü Mahmud Nadir oğlu Zeynalov döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. İlkin müayinə nəticəsində M.Zeynalovun vəfat etdiyi müəyyən olunmuşdur. Cəsəd xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 23:08-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 10kv.m. olan birmərtəbəli 1 otaqlı fərdi evin yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Şəmmədli kəndində (rayon mərkəzindən 3km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60kv.m. olan tövlədə dam örtüyünün yanar konstruksiyaları 30kv.m. sahədə yanmışdır. Yanğın saat 08:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.