08.01.2022-ci il tarixində Xızı rayonunun Sitalçay kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobil ilə birlikdə Taxtakörpü-Ceyranbatan su kanalına düşən 1975-ci il təvəllüdlü İbrahimov Hekayət Səfər oğlunun axtarışları başa çatıb. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən H.İbrahimovun meyiti su kanalındakı mürəkkəb hidrotexniki qurğunun (düker) içərisində aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Xaçmaz rayonunun Yergüc kəndində ümumi sahəsi 400 m² olan birmərtəbəli mansarda tipli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə və bitişik ümumi sahəsi 180 m² olan talvarın taxtadan ibarət üzlüyü 60 m² sahədə yanıb. Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.
Xaçmaz rayonunun Ağyazı Buduq kəndində, içərisində 2 nəfərin olduğu “ВАЗ” markalı minik avtomobilinin qarda bataraq qalması səbəbi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Görülən tədbirlər nəticəsində vətəndaşlar təhlükəsiz əraziyə çıxarılıb.