Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 5 nəfərin liftdən çıxarılması təmin edilib;
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonu ərazisində “LADA” və “Mercedes” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Şimal-qərb Regional Mərkəzinin qüvvələri xilasetmə işlərinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, qəza nəticəsində 1 nəfər sərnişin “LADA” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalıb. Görülən tədbirlər nəticəsində köməksiz vəziyyətdə qalan vətəndaş xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Sabirabad rayonunun Güdəcühür kəndində ümumi sahəsi 24 m² olan talvarın altına yığılan 10 ton ot bağlamasının 2 tonu yanıb. Talvar və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.