Geri

25 yanvar 2021-ci il saat 16:50-dək:

25.01.2021-ci il tarixdə saat 12:17 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şabran şəhərində fərdi evdə yanğın olması və içəridə azyaşlı uşaqların qalması barədə həyəcanlı zəng daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qeyd olunan ünvana cəlb olunub.

Hadisənin təsadüfi şahidlərindən olan və həmin vaxt xidmətdə olmayan (növbədən sonra istirahət vaxtı) Şabran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşı çavuş Əhmədov Xəlil Cabir oğlu yanğın bölmələrinin gəlməsini gözləməyərək yanan evə daxil olub və ölüm təhlükəsi ilə üzləşən 2014-cü il təvəllüdlü Niyazova Təranə Zaur qızını müxtəlif yanıq xəsarətləri ilə və 2015-ci il təvəllüdlü Niyazov Araz Zaur oğlunu tüstüdən zəhərlənmiş halda təhlükəsiz əraziyə çıxarmağa müvəffəq olub. Xilas olunan azyaşlılar vətəndaşlar tərəfindən Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Yanğın nəticəsində ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli 4 otaq və 2 aynabənddən (taxta konstruksiyalı) ibarət evin yanar konstruksiyaları 55 m² sahədə yanıb. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

25 yanvar 2021-ci il saat 16:30-dək:

Bərdə rayonunun Yeni Daşkənd kəndində ümumi sahəsi 49 m² olan talvarın altına yığılan 6 ton ot bağlamasının 2 tonu yanıb. Talvar və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəki şəhərinin Çapağan kəndində ümumi sahəsi 70 m² olan kənd tibb məntəqəsi kimi fəaliyyət göstərən taxta konstruksiyadan ibarət birmərtəbəli tikili yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

25 yanvar 2021-ci il saat 15:30-dək:

Ağsu rayonunun Ərəbuşağı kəndində ümumi sahəsi 320 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə və damına yığılan 3 ton ot bağlamasının 0,5 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 5-ci mərtəbəsinə qədər şaxta boyunca elektrik kabelləri 15 p.m yanıb. Mənzillər və sayğaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

25 yanvar 2021-ci il saat 08:00-dək:

Masallı rayonunun Ərkivan qəsəbəsində ümumi sahəsi 12 m² olan köməkçi tikilinin lambirindən ibarət tavanı və dam örtüyü yanıb. Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 2500 m² olan sellofan istehsalı sexinin yanar konstruksiyaları 130 m² sahədə və orada olan 4 ədəd dəzgah yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğın söndürülüb.

Geri

25 yanvar 2021-ci il saat 07:00-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli evdə yanğınla nəticələnən partlayış baş verib. Partlayış dalğasının təsirindən evin divarları dağılıb, dam örtüyü yerindən çıxıb. Yanğın nəticəsində bitişik ümumi sahəsi 22 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarətləri alıb və ona Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən ilkin yardım göstərilib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.