Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m2 və dəhlizinin tavanı 2 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
03 oktyabr 2017-ci il tarixində Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında 2 nəfər Rusiya Federasiyası vətəndaşının çətin keçilən dağlıq ərazidə qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Dövlət Dəniz Administrasiyasından məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyi tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər çərçivəsində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən əməliyyat şəraiti öyrənilmiş, əməliyyat məlumatlarının və xilasetmə qüvvələrinin çevik idarə edilməsi həyata keçirilmiş, Mülki müdafiə qoşunlarının canlı qüvvəsi və texnikası və Aviasiya dəstəsinin "Ka-32A" helikopteri turistlərin axtarışlarına cəlb olunmuşdur. Axtarış-xilasetmə əməliyyatı nəticəsində turistlərin yeri müəyyən edilmiş, onların olduğu "Nissan" markalı avtomobil yedəyə alınaraq Şamaxı şəhərinə gətirilmişdir. Bundan başqa, həmin ərazidə "UAZ" markalı avtomobillə yolda qalmış 3 nəfər yerli sakinə də müvafiq köməklik göstərilmişdir. Əməliyyat 03 oktyabr 2017-ci il tarixində saat 19:10-da başa çatmışdır.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ucar rayonu, Qarabörk kəndində "VAZ" markalı minik avtomobili yol kənarındakı dərəyə düşmüşdür. Sıxılmış vəziyyətdə qalmış sərnişin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat başa çatmışdır.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 04 oktyabr 2017-ci il tarixində Bakı vaxtı ilə saat 06:36-da Qubadan 10 km şimal-qərbdə Quba rayonu ərazisində 3.6 maqnituda, 6 km dərinlikdə zəlzələ qeydə alınmışdır. Zəlzələ yaxın yaşayış məntəqələrində 3,5 bala qədər hiss olunmuşdur. İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmamışdır.