Geri

17 iyul 2013-cü il saat 07:50-dək:

Xaçmaz rayonu, Hacıəbdürrəhimoba kəndində vətəndaşa məxsus ərazidə 2,5 ha biçilmiş taxıl sahəsi və 1 ha biçilməmiş arpa sahəsi yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin 112 Çevik reaksiya idarəsinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonunda Bakı-Quba yolunun 84-cü kilometrliyində "SHACHMAN" və  "KAMAZ" markalı iki yük avtomobili toqquşmuşdur. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Müəyyən olunmuşdur ki, "SHACHMAN" markalı avtomobilin sürücüsü xəsarət almış və avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 04:20-də başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Siyəzən rayonu, Zarat qəsəbəsində (rayon mərkəzindən 15 km aralı)  Zarat dəmiryol stansiyasının ikimərtəbəli inzibati binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 36 kv.m olan otaqda elektrik cihazları və rabitə avadanlıqları yanmışdır. Otağın qalan hissəsi və dəmiryol stansiyasının binası yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.