Geri

30 avqust 2012-ci il, saat 09:00-dək:

Bakı şəhəri, Nərimanov rayonunda partlayıcı qurğu aşkarlanması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Nazirliyin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə aşkarlanmış əşyaya baxış keçirmişdir. Müəyyən olunmuşdur ki, bu, 1 ədəd istifadəyə yararsız “F-1” markalı əl qumbarasıdır. Sursat müvafiq qaydada aidiyyəti üzrə təhvil verilmişdir. Əraziyə əlavə baxış zamanı digər şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 10:02-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuşdur. Mənzilə baxış keçirilərkən orada heç kimin olmadığı müəyyən olunmuşdur. Əməliyyat saat 12:45-də başa çatmışdır;

Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Zuğulba-3” sularda xilasetmə məntəqəsindən, təxminən, 600 metr məsafədə, nəzarət olunmayan ərazidə) 2 nəfər batmaq təhlükəsi ilə üzləşmiş və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşlar. Əməliyyat saat 14:00-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağcabədi rayonunda Mingəçevir-Bəhramtəpə yolunun 121-ci kilometrliyində vətəndaşa məxsus qoşqulu yük avtomobili yol kənarında dayanmış digər vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin üzərinə aşmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, minik avtomobilinin sürücüsü - 1959-cu il təvəllüdlü Pəsi Mahmud oğlu Qasımov hadisə yerində ölmüşdür. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə P.Qasımovun cəsədini deformasiyaya uğramış avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşdür. Əməliyyat saat 14:35-də başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xızı rayonu, Giləzi kəndi ərazisində vətəndaşa məxsus “Opel” markalı minik avtomobili Giləzi çayına aşmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, sürücü Sahib Hüseyn oğlu Hacıyev hadisə yerində ölmüş, 4 nəfər sərnişin yaralanmışdır. S.Hacıyevin cəsədi və yaralılar yanğınsöndürən-xilasedicilər çatana kimi aidiyyəti üzrə aparılmışdır. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşdür. Əməliyyat saat 17:09-da başa çatmışdır. Yaralılardan biri - 1991-ci il təvəllüdlü Əkbər Rafiq oğlu Abbasov xəstəxanada ölmüşdür;

Daşkəsən rayonunda, Yuxarı Daşkəsən qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Yuxarı Tala kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 1,5 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş və qapılarını açaraq vətəndaşların liftdən çıxmasına şərait yaratmışdır. Əməliyyat saat 20:40-da başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus “Daewoo” markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 15 kv.m olan taxta konstruksiyadan ibarət istifadəsiz köməkçi tikilinin yanar konstruksiyaları və tikilinin ətrafında 25 kv.m sahədə quru ot yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Qapanlı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasında partlayıcı qurğu yerləşdirilməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər vətəndaşların təhlükəli hesab edilən ərazidən uzaqlaşdırılmasını təmin etdikdən sonra, nazirliyin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə ərazidə axtarış aparmışdır. Axtarışlar nəticəsində şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 23:41-də başa çatmışdır;