Geri

25 oktyabr 2012-ci il, saat 01:00-dək ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.  Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:29-da başa çatmışdır:

Biləsuvar rayonu,Xırmandalı kəndində (rayon mərkəzindən 8 km aralı)  vətəndaş tərəfindən idarə olunan "OPEL VECTRA" minik avtomobili yol kənarındakı dərəyə  aşaraq yol qəza hadisəsi törətmişdir.  Nəticədə sürücü, sərnişinlər  həyat yoldaşı və iki İran İslam Respublikası vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq  yoldan keçən vətəndaşlar tərəfindən avtomobildən çıxarılmışlar. Avtomobildəki sərnişinlər və sürücü  xilasedici-yanğınsöndürənlər tərəfindən Biləsuvar rayon mərkəzi xəstəxanasına aparılmışlar.  Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.Əməliyyat saat  20:15-də başa çatmışdır:

Şabran şəhəri,Qaçaq Nəbi küçəsində vətəndaşa məxsus "VAZ-2121" markalı minik avtomobolinin mühərrik hissəsi yanmışdır.Yanğından avtomobilin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 23:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu,Türkədi kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış ümumi 35 ton ot bağlamasının  15 tonu yanmışdır.Yanğından  ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 23:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.