Geri

2 sentyabr 2011-ci il, saat 09:00-dək

Qazax rayonu, Ağköynək kəndində (rayon mərkəzindən 8 km aralı) Ağköynək Kənd Bələdiyyəsinə məxsus ərazidə 8 ha sahədə quru ot yanmışdır. Yanğın saat 13:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Girzan kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 6 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Sibiroba kəndində 4 ha sahədə qamışlıq yanmışdır. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonu, Cəyirli kəndində (rayon mərkəzindən 16 km aralı) Cəyirli Kənd Bələdiyyəsinə məxsus ərazidə 4 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı otlaq sahələr yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda tikinti üçün nəzərdə tutulmuş ərazidə ümumi sahəsi 6 kv.m olan gözətçi otağının dam örtüyünün yanar konstruksiyaları və həmin gözətçi otağının ətrafında məişət tullantıları 15 kv.m sahədə yanmışdır. Yanğın saat 01:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobili "Qazel" markalı yük avtomobili ilə toqquşmuşdur. Nəticədə, minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda "Azərenerji" ASC-yə məxsus yarımstansiyada transformatorun sarğıları və yağı, həmçinin, yarımstansiyanın dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə yanmışdır. Yaxınlıqdakı 2 ədəd transformator yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Samur-Abşeron kanalının Şabran rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal edilən şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılmışdır;

Yevlax rayonu, Salahlı kəndi yaxınlığında (rayon mərkəzindən 22 km aralı) qoşqusunda 30 ton yanacaq olan "Kamaz" markalı yük avtomobilinin "Vaz" markalı minik avtomobili ilə toqquşması nəticəsində yük avtomobili çevrilmişdir. Yük avtomobilinin qoşqusunda olan yanacaq ətrafa dağılmış, hər iki nəqliyyat vasitəsinin sürücüləri və minik avtomobilində olan sərnişin xəsarət almış və xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər tərəfindən ətrafa dağılmış yanacağın alışmasının qarşısını almaq məqsədilə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür.