Geri

08 Fevral 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Qaradağ rayonunda yanacaqdoldurma məntəqəsində 30 tonluq yeraltı yanacaq çənində yanacaq (benzin) yanmışdır. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər yaxınlıqdakı yanacaqla dolu 2 ədəd çəni yanğından mühafizə etmişlər. Yanğın saat 10:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Marsan kəndində (rayon mərkəzindən 20km aralı) ümumi sahəsi 88kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət fərdi evin yanar konstruksiyaları və həmin evə bitişik tikilmiş talvarın yanar konstruksiyaları 39kv.m sahədə yanmışdır. Yanğın saat 12:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:15-də başa çatmışdır;  

Sabirabad rayonu, Qaralar kəndində (rayon mərkəzindən 15km aralı) ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 2400kv.m və ümumi sahəsi 1500kv.m olan quşçuluq fermasının yanar konstruksiyaları yanmış, hadisə zamanı fermada olan cücələr tələf olmuşdur. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər yaxınlıqdakı 3 fermanı yanğından mühafizə etmişlər. Yanğın saat 14:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

7 fevral 2011-ci il tarixində Masallı şəhərində ATS-in yerləşdiyi dördmərtəbəli binanın bir hissəsinin dağılması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Cənub Regional Mərkəzinin və regionda olan digər qurumlarının müvafiq xilasetmə qüvvələri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Eyni zamanda, hadisə yerinə Bakıdan helikopterlə xüsusi təyinatlı xilasetmə qrupu göndərilmişdir. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, baş vermiş hadisə nəticəsində yaralanmış 1982-ci il təvəllüdlü Məmmədov Zəfər Hacıməmməd oğlu, 1964-cü il təvəllüdlü Məmmədov Natiq Malik oğlu və daha 1 şəxs xəstəxanaya aparılmışdır. Xilasedicilər tərəfindən ərazidə aparılan əməliyyat nəticəsində dağıntılar altından 1956-cı il təvəllüdlü Şahverdiyeva Kişvər Vəliş qızının və 1987-ci il təvəllüdlü Əliyev Asim Böyükxan oğlunun cəsədi çıxarılmış və aidiyyəti üzrə təhvil verilmiş, həmçinin, 1966-cı il təvəllüdlü Quliyev İbadət Abusət oğlu dağıntılar altından tapılaraq xilas edilmişdir. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır;

Bakı şəhəri, Nərimanov rayonunda partlayıcı qurğu ehtimal olunan şübhəli əşyanın aşkarlanması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Nazirliyin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüş və əraziyə baxış keçirmişlər. Nəticədə, qeyd olunan ərazidə partlayıcı qurğu aşkar edilməmişdir. Əməliyyat saat 21:38-də başa çatmışdır;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və əşyalar 20kv.m sahədə yanmışdır. Yanğın saat 22:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Bala Bəhmənli kəndində (rayon mərkəzindən 1km aralı) ümumi sahəsi 16kv.m olan birmərtəbəli 1 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyaları yanmışdır. Bitişik tikili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.