Geri

10 Fevral 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının mənzillərinin birində partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş və aidiyyəti qurumlar məlumatlandırılmışdır. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə binanın giriş hissəsinin zirzəmisində və dəhlizin 1-ci mərtəbəsindən 9-cu mərtəbəsinə kimi, o cümlədən 6-cı mərtəbədə yerləşən həmin mənzildə axtarış işləri aparmışlar. Nəticədə, qeyd olunan ərazidə partlayıcı qurğu aşkar edilməmişdir. Əməliyyat saat 15:30-da başa çatmışdır;

Tərtər rayonu, Qaradağlı kəndində (rayon mərkəzindən 10km aralı) vətəndaşa məxsus ümumi sahəsi 75kv.m olan tövlənin yanar konstruksiyaları və həmin tövlənin damına yığılmış 1,8 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında uşağın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açmışlar. Mənzildə yatmış vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 23:33-də başa çatmışdır.