Geri

20 dekabr 2011-ci il, saat 09:00-dək:

Bərdə rayonu, Cəyirli kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 2 tonu yanmışdır. Yanğın saat 15:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda onmərtəbəli yaşayış binasının liftində 5 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:22-də başa çatmışdır;

Naftalan şəhəri, Naftalan-Qızılhacılı yolunun 1-ci kilometrliyində vətəndaşa məxsus "Mercedes" markalı yük avtomobili səkiyə çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, avtomobilin sürücüsü - 1990-cı il təvəllüdlü Orxan Qabil oğlu Həsənov və sərnişini - 1983-cü il təvəllüdlü Təbriz Aydın oğlu Qasımov hadisə yerində ölmüş, daha 3 sərnişini xəsarət almışdır. Yanğın hadisəsi olmamışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalmış O.Həsənovun və T.Qasımovun cəsədlərini və yaralıları xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil vermiş, habelə zəruri təhlükəsizlik tədbirləri görmüşlər;

Bakı şəhəri, Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Hadisə yerinə cəlb edilmiş xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən xüsusi alət və avadanlıqlar vasitəsilə açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş yataqda yatmış vəziyyətdə aşkar olunmuşdur. Əməliyyat saat 22:51-da başa çatmışdır;

Zaqatala şəhərində kollecin yerləşdiyi ümumi sahəsi 1000 kv.m olan birmərtəbəli binada 2 sinif və müəllimlər otağının yanar konstruksiyaları 200 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.