Geri

24 oktyabr 2011-ci il, saat 09:15-dək

Azərbaycandan göndərilmiş 2-ci təyyarə Turkiyə Respublikasının Van şəhərinə çatmış, yaxın dəqiqələrdə boşaldılmasına başlanacaqdır. Xilasedicilər artıq 10 uçqun sahəsində xilasetmə işlərini davam etdirirlər. Bu dəqiqəyə qədər dağıntılar altından 1-ci qrup bir qadın meyidi, 2-ci qrup isə 45-50 yaşlarında kişi meyidi aşkar etmişdir. Digər qrup isə uçqun altından insan səsi aşkar edərək həmin istiqamətdə axtarış xilasetmə işlərini davam etdirir.

Əlavə məlumat veriləcək.
Geri

24 oktyabr 2011-ci il, saat 09:00-dək

Biləsuvar rayonu, Əsgərabad kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan tövlənin içərisinə yığılmış 2,5 ton ot bağlaması yanmışdır. Yanğın 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən 23 oktyabr 2011-ci il tarixdə Bakı vaxtı ilə saat 15:41-də Naxçıvan Muxtar Respublikasından 198 km cənub-qərbdə Türkiyənin şərqində yerləşən Van vilayətində zəlzələ qeydə alınmışdır. Yeraltı təkanların gücü episentrdə 12 ballıq cədvəl üzrə 7,3 bal təşkil etmişdir. Muxtar Respublikanın Naxçıvan şəhərində - Sədərək, Şərur, Babək rayonlarında 3,5-3,0 bal gücündə hiss olunmuşdur. Azərbaycan ərazisində insan tələfatı və dağıntı qeydə alınmayıb.    

Ağcabədi rayonu, Yuxarı Avşar kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot bağlaması yanmışdır. Yanğın 19:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açmışlar. Mənzilə baxış keçilərkən 1939-cu il təvəllüdlü Əmirova Nazxanım Salman qızı hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Əraziyə çağırılmış Təcili Tibbi Yardın Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində qeyd edilən şəxsin vəfat etdiyi məlum olmuşdur. N.Əmirovanın cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 21:26-da başa çatmışdır;      

Gəncə şəhərində, Kəpəz rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat 22:55-də başa çatmışdır;

Gəncə şəhəri, Nizami rayonunda "Qazel" markalı sərnişin mikroavtobusunun mühərrik hissəsi yanmış və yüksək temperaturdan salon hissəsi qismən qarsalanmışdır. Yanğın 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Kürkəndi kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlaması və yaxınlıqda yerləşən ümumi sahəsi 90 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 6 kv.m sahədə yanmışdır. Yanğın 00:50-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, İsnovqışlaq kəndində (rayon mərkəzindən 27 km aralı) vətəndaşa məxsus 3 ton ot tayası yanmışdır. Yanğın 03:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Yalama kəndində ümumi sahəsi 132 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyaları yanmışdır. Yaxınlıqdakı fərdi evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuş və yanğın 05:10-da söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan qapı-pəncərə sexinin içərisinə yığılmış hazır məmulatlar 30 kv.m sahədə yanmışdır. Yanğın 05:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

24 oktyabr 2011-ci il, saat 06:15-dək

24 oktyabr 2011 ci il saat 05.30 da 2-ci təyyarə Türkiyənin Van şəhərinə yola salınmışdır. 3 saatdan sonra fəlakət bölgəsinə növbəti təyyarənin yola salınması gözlənilir.

Azərbaycandan göndərilmiş FHN-nin xilasediciləri Türkiyənin Erciş şəhərinə çatmış və Bakı vaxtı ilə saat 06.15 dən etibarən çökmüş olan 6 binada axtarış xilasetmə işlərinə başlamışlar.

Əlavə məlumat veriləcək.