Geri

16 iyul 2010-cu il, saat 09:00-dək

Daxil olmuş məlumata əsasən, 15 iyul 2010-cu il tarixində axşamdan başlayaraq respublikanın bəzi rayonlarında hava şəraiti kəskin dəyişmiş, leysan xarakterli yağışlar yağmışdır. Nəticədə, Tovuz, Beyləqan, Samux, Şamaxı rayonlarında bəzi həyətyanı sahələri və yaşayış evlərinin zirzəmilərini su basmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisinə yığılmış əşyalar yanmışdır. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Muxtadır qəsəbəsində qəsəbə bələdiyyəsinə məxsus ərazidə 3ha qamışlıq yanmışdır. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Cürəli kəndində (rayon mərkəzindən 5km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 13 ton ot bağlamasının 4 tonu yanmışdır. Yanğın saat 19:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Soyuqbulaq kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 10ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 20:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən 6-cı mərtəbədəki həmin mənzilə eyvandan daxil olaraq giriş qapısını açmışlar. Mənzildə xilasedicilər tərəfindən gərgin psixoloji vəziyyətdə aşkarlanmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 22:57-də başa çatmışdır;

Bakı şəhəri, Qaradağ rayonunda "Kamaz" markalı 2 yük avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "Kamaz" markalı yük avtomobilinin sürücüsü 1954-cü il təvəllüdlü Firudun Novruz oğlu İskəndərov həlak olmuşdur. Xilasedicilər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış F.İskəndərovun cəsədini avtomobildən çıxarmış, aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, digər "Kamaz" markalı yük avtomobilinin  sürücüsü  müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Yaralı xəstəxanaya aparılmışdır. Əməliyyat saat 23:25-də başa çatmışdır;

Göyçay rayonu, Yeni Ağkənd kəndində (rayon mərkəzindən 12km aralı) vətəndaşa məxsus ümumi sahəsi 300kv.m. olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 30 ton ot bağlaması yanmışdır. Yanğın zamanı tövlənin içərisində 5 min ədəd ev quşu tələf olmuşdur. Yanğından yaxınlıqdakı ev mühafizə olunmuşdur. Yanğın saat 00:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 01:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

15 iyul 2010-cu il tarixində dənizin nəzarət olunan hissəsində batmış şəxsin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən sudan tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir;

Dənizin nəzarət olunan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.2