Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70kv.m. olan 2 otaqlı mənzilin mətbəxində tavanın yanar konstruksiyaları 10kv.m. sahədə yanmışdır. Yanğın saat 14:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Qəbələ rayonunda, Qəbələ-Vəndam yolunun 5-ci kilometrliyində "Moskviç" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq dərəyə düşmüşdür. Nəticədə, xəsarət alan olmamışdır. Xilasedicilər xüsusi texnikanın köməkliyi ilə həmin avtomobili dərədən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 11:25-də başa çatmışdır;
Bakı şəhəri, Xəzər rayonunda "VAZ" və "Subaru" markalı iki minik avtomobili toqquşmuşdur. Nəticədə, "VAZ" markalı minik avtomobilinin sürücüsü yaralanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 19:19-da başa çatmışdır;
Bakı şəhəri, Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, mənzildə təmir işləri aparan həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirərkən vətəndaş sərxoş vəziyyətdə aşkarlanmışdır. Əməliyyat saat 19:36-da başa çatmışdır;
Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində bir nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən sonuncu mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə zərəçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:15-də başa çatmışdır;
Bakı şəhəri, Qaradağ rayonunda "Mercedes" markalı yük avtomobilinin kuzovuna yığılmış 100 ədəd yataq dəsti yanmışdır. Yanğın saat 02:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
30 may 2010-cu il tarixində yağan leysan xarakterli yağışlar Qapıçay çayında suyun səviyyəsinin artmasına səbəb olmuşdur. Nəticədə, Qax rayonunun Marsan kəndinin ərazisini sel suları basmış, Bakı-Balakən avtomobil yolunun və Yevlax-Balakən dəmiryolu xəttinin Marsan kəndindən keçən hissəsini, eləcə də 125 fərdi evin zirzəmisini və həyətyanı sahələri su basmış, bəzi həyətlərin hasarları aşmış, 2 baş iri və 15 baş xırdabuynuzlu ev heyvanı, 300-dən artıq ev quşu və 70-dən çox arı pətəyini sel aparmışdır. Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları həmin ərazilərin sel sularından təmizlənməsini, həmçinin, müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmişlər. Hazırda avtomobil yolunda və dəmiryolu xəttində nəqliyyatın hərəkəti bərpa olunmuşdur.