Geri

25 may 2010-cu il, saat 09:00-dək

Məlumat verildiyi kimi, Sarısu gölünün şərq sahilində bir neçə istiqamətdə bəndin yuyulması nəticəsində təhlükəli vəziyyətə düşmüş Sabirabad rayonunun Qasımbəyli, Muradbəyli, Əsgərbəyli, Axtaçı kəndlərinin, Saatlı rayonunun Novruzlu, Dəllər, Nərimankənd, Musalı kəndlərinin və yaxınlıqdakı məcburi köçkün şəhərciyinin əhalisi təxliyyə edilmişdir. Mayın 24-dən 25-ə keçən gecə ərzində qeyd edilən kəndlərdə suyun səviyyəsinin artması səbəbindən təxliyyədən imtina etmiş şəxslər təhlükə ilə üzləşmişdir. Gecə və səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin qayıqları və Nazirliyin Aviasiya dəstəsinin vertolyotları vasitəsilə, ümumilikdə, 33 nəfər xilas edilmişdir. Hazırda hadisə yerində xilasetmə işləri, həmçinin, dağılmış bəndin bərpası istiqamətində müvafiq işlər davam etdirilir;  

Sumqayıt şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində yaşlı qadın mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə daxil olmuş və giriş qapısını açmaqla zərərçəkmişə müvafiq köməklik göstərmişlər. Əməliyyat saat 18:40-da başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda fərdi yaşayış evinin həyətində ümumi sahəsi 15kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda onaltımərtəbəli yaşayış binasının liftində iki nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci və 2-ci mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş və zərərçəkmişlərin liftdən çıxmalarına şərait yaratmışlar. Əməliyyat saat 23:00-da başa çatmışdır.