Geri

Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası

«Əhalinin radiasiya təhlükəsizliyi haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin tələblərinə uyğun olaraq, ərazi, müəssisə və təşkilatların radiasiya təhlükəsizliyinə hazırlığının vəziyyəti hər il ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarında əks olunur. "Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust  tarixli 134 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2023-cü il tarixli 222 nömrəli Qərarı ilə sözügedən Qaydalarda müəyyən dəyişikliklər edilmişdir. Sonuncu edilmiş dəyişikliklərə uyğun olaraq, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarında yalnız Fövqəladə Hallar Nazirliyi nümayəndəsinin rəyi tələb olunur. Sözügedən radioloji-gigiyenik pasportlara rəyin verilməsi üçün, radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə mövcud şəraitin qiymətləndirilməsi məqsədi ilə müəssisə və təşkilatlar tərəfindən Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinə aşağıdakı şərtlərin təmin edildiyi barədə təsdiqləyici sənədləri təqdim etməlidir:

İlkin müraciət üçün:

  1. forma üzrə  tərtib edilmiş ərizə;
  2. Müəssisə və təşkilatın tam adını, tabeçiliyini və hüquqi ünvanını təsdiq edən sənədlər (Sahibkarlıq subyektləri üçün: Dövlət qeydiyyatına alınması barədə çıxarış, VÖEN şəhadətnaməsi; Qeyri sahibkarlıq subyektləri üçün: Dövlət qeydiyyatına alınması barədə çıxarış və ya tabeçiliyi barədə sənəd (arayış), VÖEN şəhadətnaməsi (olduğu təqdirdə);
  3. Fəaliyyətin həyata keçirildiyi obyektin (obyektlərin) hər birinin dəqiq ünvanı (fəaliyyətin həyata keçirilməsi obyektlə əlaqəli olduğu təqdirdə) və fəaliyyət ünvanından istifadə hüququnu təsdiq edən sənədlər  (Sahibkarlıq subyektləri üçün: fəaliyyət obyektindən istifadə hüququnu təsdiq edən sənədlər (Çıxarış və icarə müqaviləsi), obyektin qeyri-yaşayış sahəsi olduğunu təsdiq edən sənəd; Qeyri sahibkarlıq subyektləri üçün: icarə müqaviləsi, obyektin balansa verildiyinin təsdiqi sənədi və ya digər təsdiqləyici sənəd, obyektin qeyri-yaşayış sahəsi olduğunu təsdiq edən sənəd);
  4. İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların yerləşdirildiyi və istismar olunduğu otaqların, eləcədə radioaktiv maddələrin saxlanma məntəqələrinin və radioaktiv tullantılar anbarlarının müvafiq fəaliyyətə icazəsi olan müəssisə tərəfindən işlənib-hazırlanmış layihəsi (radiasiyadan qoruyucu konstruksiya elementləri daxil olmaqla) və bu layihəyə uyğun hazırlandığını təsdiq edən aktın surəti;
  5. İonlaşdırıcı şüa mənbələri ilə bilavasitə çalışan işçilərin siyahısı və onların müvafiq ixtisasa malik olmaları, təlimatlandırıldığı, tibbi müayinələri və fərdi şüalanma doza səviyyəsinə nəzarətlərinin təşkili barədə məlumat;
  6. Müəssisə və təşkilat üzrə radiasiya təhlükəsizliyinə cavabdeh olan şəxsin təyin edilməsi barədə əmrin surəti;
  7. İonlaşdırıcı şüa mənbələrinin illik inventarizasiya məlumatları;
  8. FHN NRFTDA ilə razılaşdırılmış Qəzalarının qarşısının alınması və onun nəticələrinin ləğv edilməsi proqramının surəti;
  9. FHN NRFTDA ilə razılaşdırılmış Radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə istehsalat nəzarəti proqramının surəti;
  10. FHN NRFTDA ilə razılaşdırılmış Radiasiya təhlükəsizliyinə cavabdeh şəxsin vəzifə borcları və hüquqları sənədinin surəti;
  11. FHN NRFTDA ilə razılaşdırılmış Radiasiya təhlükəsizliyinin təmin olunmasına dair təlimatın surəti;
  12. Fərdi şüalanma dozalarına nəzarət üzrə fərdi dozimetrlərlə təchiz olunma barədə təsdiqləyici sənədin surəti və ionlaşdırıcı şüa mənbələri ilə işləyənlərin fərdi şüalanma dozalarının uçot vərəqəsi;
  13. İonlaşdırıcı şüa mənbələri ilə bilavasitə çalışan işçilərin radiasiya təhlükəsizliyi sahəsində müvafiq təlimatlandırılması barədə sənəd (radiasiya təhlükəsizliyi üzrə müvafiq qaydada akkreditasiya olunmuş və tədris metodikası FHN NRFTDA ilə razılaşdırılmış müəssisə tərəfindən verilən).

Növbəti illərdə təkrar müraciət edən müəssisələr üçün:

  • Əvvəlki ildə təqdim edilmiş sənədlərlə bağlı cari vəziyyətə uyğun hər-hansı dəyişiklik olmadıqda:
    • (1) forma üzrə  tərtib edilmiş ərizə;
    • Əvvəlki radioloji-gigiyenik pasportda göstərilən məlumatlarda cari vəziyyətə uyğun hər-hansı dəyişikliyin olmadığı barədə müraciət edən tərəfin təsdiq etdiyi məlumat (arayış);
    • FHN NRFTDA ilə razılaşdırılmış Radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə istehsalat nəzarəti proqramında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi barədə məlumat;
    • Əvvəlki ildə təqdim edilmiş sənədlərlə bağlı cari vəziyyətə uyğun hər-hansı dəyişiklik olduqda:
      • (1) forma üzrə  tərtib edilmiş ərizə;
      • FHN NRFTDA ilə razılaşdırılmış Radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə istehsalat nəzarəti proqramında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi barədə məlumat;
      • Əvvəlki müraciətlə təqdim edilən və hazırki vəziyyətə uyğun yenilənmiş sənədin surəti və ya məlumatlar.

Yuxarıda qeyd edilən sənədlərin təqdim edilməsi ilə bağlı bəzi fəaliyyət istiqamətlərinə aid nümunələr əlavə olunur.

Qeyd edirik ki, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportları hər il aparılmalı, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün verilən xüsusi icazə isə 3 il müddətinə verilir.