Geri

11 may 2010-cu il, saat 09:00-dək

9 may 2010-cu il tarixində Xanlar rayonunun Aşıqlı kəndi ərazisində Gəncə-Toğana-Kəlbəcər magistral avtomobil yolunun 16,6-cı kilometrliyində torpaq sürüşməsinə meylli sahələrdə sürüşmə prosesi fəallaşmışdır. Nəticədə, qeyd olunan yolun asfalt örtüyündə çökmə və 10-15m uzunluqda, 20-25sm enində yeni çatlar əmələ gəlmişdir. Elektrik dirəkləri yerini dəyişmiş və xətlər qırılmışdır. Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində də torpaq sürüşməsi baş vermişdir. Sürüşmə zonasının eni 10-12sm, uzunluğu 50m təşkil etmişdir. Nəticədə, orta məktəb binasının qarşısındakı uzunluğu 60m, hündürlüyü 3,5m olan istinad divarında çatlar əmələ gəlmiş, uçma təhlükəsi yaranmışdır;

Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 1500kv.m. olan boya istehsalı sexində boya və boya istehsal edən avadanlıqlar ümumilikdə 200kv.m. sahədə yanmış, həmin sexdə fəhlə işləyən 2 nəfər yanıq xəsarəti almışdır. Yaralılar xəstəxanaya aparılmışlar. Sexin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 65kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 20kv.m. sahədə yanmışdır. Yanğın saat 13:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci və 3-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə lifti 2-ci mərtəbəyə endirmiş və gərgin psixoloji vəziyyətdə olan vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Zərərçəkmiş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:35-də başa çatmışdır;

Sabirabad rayonunun Mürsəlli kəndi yaxınlığında Kür çayı sahilində bəndin bir hissəsinin dağılması nəticəsində rayonun Mürsəlli, Ulacalı, Şıxlar və Bulduq kəndlərinin bəzi ərazilərinə daşqın suları ilə dolmuşdur. Gecə saatlarında hadisə rayonlarına cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların əlavə qüvvə və texnikasının köməkliyi ilə bəndbərkitmə işləri aparılmış, qeyd olunan kəndlərin sakinləri təxliyyə olunmuşdur. Qeyd olunan ərazilərdə bəndbərkitmə işləri davam etdirilir;

Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli yaşayış binasında uçqun hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin binanın 1-ci mərtəbəsində yerləşən mənzildə otaqlardan birində tavan 2-3kv.m. sahədə uçmuşdur. Uçqun nəticəsində xəsarət alan olmamışdır. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 21:05-də başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında bir uşağın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 00:51-də başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında yaşlı kişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinə qalxaraq eyvandan mənzilə daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən 1929-cu il təvəllüdlü Kərim Rəhim oğlu Hüseynov hamam otağında hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Aparılmış ilkin müayinə zamanı K.Hüseynovun vəfat etdiyi müəyyən edilmişdir. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 01:24-də başa çatmışdır;

Beyləqan rayonu, 1-ci Aşıqlı kəndində (rayon mərkəzindən 8km aralı) həyətyanı sahədə 1ton ot bağlaması yanmışdır. Yanğın saat 01:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.