Geri

25 aprel 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Nizami rayonunda "Hyundai" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı işıqlandırma dirəyinə çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi yanmış, sürücü 1980-ci il təvəllüdlü Həşim Maarif oğlu Qədirli həlak olmuşdur. Yanğın saat 00:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün yanmış cəsədini çıxarmaq və aidiyyəti üzrə təhvil vermək üçün avtomobil xəstəxananın həyətinə gətirilmişdir. Köməyə çağırılmış xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə cəsədi avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 11:53-də başa çatmışdır;

Bakı şəhəri, Suraxanı rayonunda azyaşlı uşaq giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:19-da başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü və 4-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə lifti 3-cü mərtəbəyə endirmiş və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:56-da başa çatmışdır;

Şəmkir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 50kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evdə mətbəxin yanar konstruksiyaları 16kv.m. sahədə yanmışdır. Yanğın saat 15:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Balabəhmənli kəndində (rayon mərkəzindən 1km aralı) vətəndaşa məxsus ümumi sahəsi 12kv.m. olan köməkçi otaqda dam örtüyünün yanar konstruksiyaları tamamilə yanmış, 12 ədəd cücə tələf olmuşdur. Yanğın saat 16:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:47-də başa çatmışdır;

Sumqayıt şəhərində "Mercedes" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq ağaca çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü və sərnişin yaralanmışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri (yanacaq-sürtgü materiallarının ətrafa dağılmasının qarşısının alınması, akkumulyatorların naqillərinin ayrılması və s.) görmüşlər. Əməliyyat saat 00:17-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 7-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 03:05-də başa çatmışdır;

24 aprel 2010-cu il tarixində daxil olmuş məlumatlara əsasən, İmişli və Bərdə rayonlarında bəzi ərazilər yağış suları ilə dolmuşdur. Yaranmış vəziyyətin nəticələrini aradan qaldırmaq məqsədi ilə hadisə rayonlarına Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb olunmuşdur.