Geri

24 aprel 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi evdə dam örtüyünün yanar konstruksiyaları 15kv.m. sahədə yanmışdır. Yanğın saat 16:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 23 aprel 2010-cu il tarixində saat 17:37-də Gəncə şəhərindən 20km cənub-şərqdə 12 ballıq cədvəl üzrə 3,5 bal gücündə zəlzələ olmuşdur. Zəlzələ Gəncə şəhərində 3,0 bal gücündə, Göygöl rayonu ərazisində 3,0 bala qədər hiss olunmuşdur. İnsan tələfatı və dağıntı haqqında məlumat daxil olmamışdır;

Sumqayıt şəhərində 2 nəfər doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə liftin qapılarını açmışdir. Gərgin psixoloji vəziyyətdə olan zərərçəkmişlər xilasedicilər tərəfindən liftdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 22:00-da başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda "VAZ" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq səkiyə çırpılmış və deformasiyaya uğramışdır. Nəticədə, avtomobilin sürücüsü 1970-ci il təvəllüdlü Dmitri Əziz oğlu Babayev həlak olmuş, sərnişin yaralanmışdır. Xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalmış yaralını və həlak olmuş şəxsin cəsədini nəqliyyat vasitəsindən çıxarmış, yaralıya ilkin tibbi yardım göstərmiş və hər ikisini aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 22:03-də başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin yanar hissələri yanmış, sürücü yaralanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Avtomobildə şəxsiyyəti məlum olmayan bir nəfərin yanmış cəsədi aşkarlanmışdır. Yanğın saat 00:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır;

Ağdaş rayonu, Qulbəndə kəndində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus ümumi sahəsi 130kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi evdə dam örtüyünün yanar konstruksiyaları 15kv.m. sahədə yanmışdır. Yanğın saat 05:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.