Geri

22 aprel 2010-cu il, saat 09:00-dək

Lənkəran rayonu, Nərimanabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 18:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda "QAZ" markalı yük avtomobili və "VAZ" markalı minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, minik avtomobilində olan 2 sərnişin və sürücü yaralanmışdır. Hər iki sərnişin xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış yaralı sürücünü avtomobildən çıxarmış, ona ilkin tibbi yardım göstərdikdən sonra aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 21:00-da başa çatmışdır;

Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən "McDonalds" restoranında partlayıcı qurğunun yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün göstərilən ünvana cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər həmin vaxt qeyd olunan restoranda və yaxınlığında olan insanların təhlükəsizliyini təmin etmiş, daha sonra nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə restoranda (texniki və xidməti otaqlarda, çardaqda, elektrik və digər məişət avadanlıqlarında, şitlərdə, sanitar  qovşağında, zirzəmidə, masa və oturacaqlarda, mətbəxdə və s.) və yaxınlığında axtarış aparmışlar. Axtarışlar nəticəsində partlayıcı qurğu və şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 23:00-da başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin mühərriki yanmışdır. Yanğın saat 23:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış zərərçəkmiş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 00:22-də başa çatmışdır.