Geri

06 fevral 2010-cu il, saat 09:00-dək

Sumqayıt şəhərində, Yaşma stansiyası yaxınlığında 3 nəfər yardımçı tikilidə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, həmin şəxslər qarla örtülmüş yollar keçilməz olduğundan işiqsız və qazsız tikilidə qalmış və donma təhlükəsilə üzləşmişlər. Xilasedicilər zərəçəkmiş şəxsləri tikilidən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 12:30-da başa çatmışdır;

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 80kv.m. olan ikimərtəbəli 3 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 20kv.m. sahədə yanmışdır. Yanğın saat 13:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində ruhi xəstə olan 1 nəfər şəxs mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə aşkarlanmış bu şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:11-də başa çatmışdır;

Bakı şəhəri, Əzizbəyov rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 45kv.m. olan 3 otaqlı mənzilin 1 otağında partlayış baş vermişdir.  Yanğın hadisəsi olmamışdır. Nəticədə, otağın pəncərəsi çərçivədən çıxmış,  divarlarda çatlar əmələ gəlmişdir, hadisə zamanı evdə olan 4 nəfər ailə üzvü müxtəlif dərəcəli xəsarətlər almışdır. Yaralılar xəstəxanaya aparılmışdır. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Faktla əlaqədar araşdırma aparılır;

Abşeron rayonu, Xırdalan şəhərində 2 nəfər doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum omuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə liftin qapılarını açmış və gərgin psixoloji vəziyyətdə olan zərərçəkmişlərin liftdən çıxmalarına şərait yaratmışlar. Əməliyyat saat 17:34-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə liftin qapılarını 9-cu mərtəbədə açmış və gərgin psixoloji vəziyyətdə olan zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:01-də başa çatmışdır.

Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum omuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü və 5-ci mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə lifti 5-ci mərtəbəyə qaldırmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:09-da başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda bir-birinə bitişik ümumi sahəsi 50kv.m. olan şirniyyat mağazasının yanar konstruksiyaları, ümumi sahəsi 35kv.m. olan dəftərxana mağazasının yanar konstruksiyaları və ümumi sahəsi 110 kv.m. olan kafenin yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanmışdır. Yaxınlıqda olan digər obyektlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda ümumi sahəsi 90kv.m. olan  birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 60kv.m. sahədə yanmışdır. Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 100kv.m. olan şirniyyat sexində elektrik qutusu və divar üzlüyünün yanar konstruksiyaları 10kv.m. sahədə yanmışdır. Yanğın saat 04:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, 6-cı qəsəbədə ümumi sahəsi 80kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 5kv.m. sahədə yanmışdır. Yanğın saat 04:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda nəqliyyat vasitələrinin toqquşması haqqında məlumat daxil olmuşdur. Nəticədə, buzla örtülmüş yolda təhlükəli vəziyyət yaranmışdır. Xilasedicilər xüsusi təyinatlı avtomobillərdən istifadə edərək deformasiyaya uğramış avtomobillərin yoldan götürülməsini təmin etmiş, həmin yolda avtomobillərin hərəkətinə şərait yaratmışlar.