Geri

06 oktyabr 2010-cu il, saat 09:00-dək

4-5 oktyabr 2010-cu il tarixində respublika ərazisində yağan yağışlar nəticəsində Lənkəran və Gəncə şəhərlərində bəzi ərazilər yağış suları ilə dolmuşdur. Yaranmış vəziyyətlə əlaqədar qeyd olunan şəhərlərdə Fövqəladə Hallar Nazirliyinin müvafiq regional mərkəzlərinin qüvvələri küçə və yaşayış evlərinin həyətlərinin yağış sularından təmizlənməsini həyata keçirmiş, həmçinin, su kanalına və arxa düşmüş avtomobilləri sudan çıxarmışlar.

Bakı şəhəri, Qaradağ rayonunda "Medkad" MMC-nin metaləritmə sexində sobanın ətrafına dağılmış mazut 150kv.m sahədə yanmışdır. Yaxınlıqdakı 20 tonluq mazutla dolu çən yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 150kv.m olan 4 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə tamamilə yanmışdır. Yaxınlıqdakı bitişik tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində "Mercedes" markalı yük avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı hasara çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsinin sürücüsü yaralanmış, avtomobildə olan 1993-cü il təvəllüdlü Həsənov Akif Mustafa oğlu həlak olmuşdur. Yaralı xəstəxanaya aparılmışdır. Xilasedicilər deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış A.Həsənovun cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər;

Biləsuvar şəhərində ikimərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən "Azərsu" ASC-nin rayon şöbəsinə məxsus ümumi sahəsi 15kv.m olan otağın yanar konstruksiyaları əşyalarla birlikdə 5kv.m sahədə yanmışdır. Yanğın saat 07:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.