Geri

09 Oktyabr 2009-cu il, saat 09:00

Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər 9 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə qonşu mənzildən keçərək eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Xilasedicilər mənzildə xəstə vəziyyətdə aşkarladıqları şəxsi aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 12:57-də başa çatmışdır;

Samux rayonunda ümumi sahəsi 740 kv.m. olan tövlənin yanar konstruksiyaları 60 kv.m. sahədə yanmışdır. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göygöl rayonunda Qarabağ müharibəsi əlilləri üçün inşa edilmiş 2 mərtəbəli 16 mənzilli binanın 2-ci mərtəbəsində yerləşən mənzillərin birində partlayış baş vermişdir. Yanğın hadisəsi olmamışdır. Dövlət Yanğından Mühafizə Xidmətindən alınan ilkin məlumata görə, partlayış nəticəsində həmin binanın 4, 5, 10 və 12-ci mənzillərindəki divarlarda çatlar əmələ gəlmiş, 6 və 8-ci mənzillərdə arakəsmə divarlar deformasiyaya uğramış, 7-ci mənzildə isə arakəsmə divarlar uçmuş, qeyd olunan bütün mənzillərdə qapı və pəncərələr dağılmış, 3 nəfər müxtəlif dərəcəli xəsarətlər almışdır. Yaralılar dərhal xəstəxanaya yerləşdirilmişdir. Zərərçəkmişlərdən 2-si ilkin tibbi yardım aldıqdan sonra evə buraxılmış, qalan 1 nəfərin xəstəxanada müalicəsi davam etdirilir. İlkin ehtimala görə, partlayışa mənzillərin birində məişət qazının sızması səbəb olmuşdur. Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür, yanğın bölmələri hadisə yerində növbə çəkirlər. Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.