Geri

19 Oktyabr 2009-cu il, saat 09:00

Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər  beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Xilasedicilər mənzildə xəstə vəziyyətdə aşkarladıqları şəxsə, həmçinin, xilasedicilər yolda olan zaman qeyd olunan mənzilin qapısını açmağa cəhd göstərərkən xəsarət almış digər şəxsə (qonşuya) hadisə yerində ilkin tibbi yardım göstərmiş və hər iki zərərçəkmişi aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 19:46-da başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda 1 nəfər azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açmışlar. Xilasedicilər mənzildə gərgin psixoloji vəziyyətdə aşkarladıqları azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 20:45-də başa çatmışdır;

Bərdə rayonunda ümumi sahəsi 132 kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 64 kv.m. sahədə yanmışdır. Yanğın saat 00:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda "VAZ" və "QAZ" markalı 2 ədəd minik və "QAZEL" markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, minik avtomobilləri  deformasiyaya uğramış, 6 nəfər yaralanmış, sərnişinlərdən biri - 1944-cü il təvəllüdlü Sədiqə Nəsirova isə hadisə yerində həlak olmuşdur. Hadisə yerinə gəlmiş xilasedicilər deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalmış S.Nəsirovanın cəsədini və yaralıları nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 08:25-də başa çatmışdır.