Geri

15 Oktyabr 2009-cu il, saat 09:00

Bakı şəhəri, Xətai rayonunda azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər 16 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsindən enərək 11-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Xilasedicilər mənzildə qalmış körpəni aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 13:48-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda "Mercedes-Benz" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı beton səddə çırpılmış və körpüdən aşmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü yaralanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 22:24-də başa çatmışdır;

Sumqayıt şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gəlmiş xilasedicilər beşmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən 1973-cü il təvəllüdlü Pərvanə Məmməd qızı Mehdiyeva hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. İlkin müayinə zamanı P.Mehdiyevanın vəfat etdiyi müəyyən olunmuşdur. Əməliyyat saat 23:50-də başa çatmışdır;

Abşeron rayonunda ümumi sahəsi 150 kv.m. olan 3 otaqlı fərdi yaşayış evinin zirzəmisində ev əşyaları 50 kv.m. sahədə yanmışdır. Yanğın saat 01:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonunda fərdi yaşayış evinin həyətində ümumi sahəsi 50 kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m. sahədə və içərisində 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

13 oktyabr 2009-cu il tarixində Quba-Xınalıq yolunun 41-ci kilometrliyində (rayonun Cek kəndindən keçən hissəsində), təxminən, 30-50 hektar ərazidə torpaq sürüşməsi baş vermişdir. Nəticədə, asfalt örtüklü avtomobil yolunun 180-200 metrlik hissəsi yararsız vəziyyətə düşmüşdür. Hadisə ilə əlaqədar yolun həmin hissəsində nəqliyyatın hərəkəti müvəqqəti dayandırılmışdır. Hazırda sürüşmə zonasından kənarda müvəqqəti avtomobil yolunun çəkilişi aparılır. Sürüşmə prosesinin aktiv olduğu bildirilir.