Geri

FHN “Heydər Əliyev İli”nə həsr olunmuş əməliyyat-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Nazirliyin yanğın-xilasetmə qurumlarının iştirakı ilə “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” şüarı altında əməliyyat-taktiki təlim keçirilib.

Təlimi Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Mariatu Yap, Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç, Qətər Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab, həmçinin FHN Akademiyasında kurs keçən bir qrup qətərli zabit izləyiblər.

Təlimin keçirilməsində əsas məqsəd xalqımızın ulu öndəri Heydər Əliyevin hər zaman xüsusi diqqətdə saxladığı vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin daim yüksək hazırlıq vəziyyətində saxlanılması, fövqəladə hallarla mübarizə üzrə qurumlararası qarşılıqlı fəaliyyət və idarəetmə imkanlarının daha da genişləndirilməsindən ibarət olub.

Təlimdən əvvəl Fövqəladə Hallar Nazirliyinin Təlim-Tədris Mərkəzinə, FHN-in yanğın-xilasetmə qurumlarının əməliyyat-taktiki təlimə cəlb olunmuş texnika və avadanlıqlarına, mobil səhra hospitalı və çadır şəhərciyinə baxış keçirilib.

Əvvəlcə, ümummilli lider Heydər Əliyevin əhalinin həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar tarixi xidmətlərinə dair videoçarx nümayiş etdirilib.

Sonra təlimin rəhbəri – FHN Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov nazir general-polkovnik Kəmaləddin Heydərova ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” şüarı altında təşkil olunmuş əməliyyat-taktiki təlim barədə məruzə edərək bildirib ki, təlim Abşeron rayоnunun ərazisində yaradılmış şərti şərait üzrə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən qarşılıqlı fəaliyyətdə qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsini əhatə edir. Diqqətə çatdırılıb ki, ilkin şərti məlumata əsasən, saat 10.06-da Abşeron yarımadasından 35km cənub-şərqdə episentri Xəzər dənizində olmaqla 7.4 bal gücündə şərti zəlzələ baş verib və şərti zəlzələ, əsasən Abşeron yarımadası olmaqla 7.0 bala qədər hiss edilib. Saat 10.08-dən başlayaraq Fövqəlаdə Hаllаr Nаzirliyinin “112” qaynar xəttinə daxil olan məlumatlara əsasən, şərti zəlzələ nəticəsində yollar, körpülər, yaşayış binaları, digər tikili və infrastruktur obyektlərində “dağıntılar”, strateji obyektlərdə “qəzalar” baş verib. Təbii fəlakət nəticəsində dağıntılar altında qalanların, çoxlu sayda ölən və yaralananların olması ehtimal edilir.

Yaranmış şərti vəziyyətlə əlaqədar fövqəladə hallar naziri baş vermiş “fövqəladə hadisənin” nəticələrinin çevik aradan qaldırılması məqsədilə FHN-in yanğın-xilasetmə qüvvələrinin “fövqəladə” hazırlıq rejiminə keçirilməsi, aidiyyəti üzrə Əməliyyat Qərargahının yaradılması və təcili əməliyyatlara başlanılması barədə göstəriş verib.

Əməliyyat Qərargahından “Policom” onlayn videokonfrans sistemi vasitəsilə videogörüntü formatında Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi ilə əlaqə yaradılıb, Mərkəzin rəisi general-mayor Adil Abdullayev yaranmış şərti böhran vəziyyəti ilə əlaqədar həyata keçirilən tədbirlərlə bağlı məruzə edib.

Bildirilib ki, təlimə ümumilikdə 445 nəfərdən ibarət şəxsi heyət, 72 ədəd müxtəlif təyinatlı texnika, 4 helikopter, 3 təlim görmüş it cəlb edilib. O cümlədən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında qarşılıqlı fəaliyyətin təmin olunması məqsədilə Qızıl Aypara Cəmiyyəti və TƏBİB-in bir qrup əməkdaşı və texnikası təlimə cəlb olunub.

Daha sonra əməliyyat-taktiki təlimin praktiki hissəsi başlanıb. Təlim zamanı şərti təbii fəlakət nəticəsində ziyan görmüş insanların xilas edilərək onlara ilk tibbi yardımın göstərilməsi, baş vermiş qəzaların fəsadlarının aradan qaldırılması, yanğınların söndürülməsi əməliyyatları və digər təxirəsalınmaz tədbilər praktiki olaraq nümayiş etdirilib.

Uğurla reallaşdırılan təlimdə verilmiş tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Sonda ulu öndər Heydər Əliyevin portreti və Azərbaycanın Dövlət bayrağı ilə təlim ərazisi üzərindən uçan FHN-in Aviasiya dəstəsinin təlimdə iştirak edən helikopterlərinin paradı keçirilib.

Digər məlumatlar

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirinin yarımfinalına çıxıb

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumları arasında keçirilən minifutbol turnirində Fövqəladə Hallar Nazirliyinin komandası daha bir uğura imza atıb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

  Ötən gün axşam saatlarında Taxtakörpü-Ceyranbatan su kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış və gecə saatlarında kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində aşkar olunmuş 1997-ci il təvəllüdlü Həsənov Zeynalabdin Hüseyn oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

 12 aprel 2024-cü il tarixində Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının meyiti çayın Zərdab rayonu, Qoruqbağı kəndinin ərazisindən keçən hissəsində, batdığı yerdən təqribən 3 km uzaqlıqda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən......

Ardını oxu