Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında beynəlxalq proqram çərçivəsində masaüstü təlim keçirilir

Bu gün Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının 3-cü fazası (PPRD East 3) çərçivəsində masaüstü təlimə start verilib. Tədbir Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, İsveç Krallığı Fövqəladə Hallar Agentliyinin və İtaliya Respublikasının Mülki Müdafiə Departamentinin Beynəlxalq Ətraf Mühitin Monitorinqi Mərkəzinin birgə tərəfdaşlığı ilə keçirilir. İki gün davam edəcək təlim “Meşə yanğınlarına qarşı birgə operativ cavab tədbirlərinin qiymətləndirilməsi” mövzusunda təşkil olunub.

Təlimin açılış tədbirində Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, “PPRD East 3” proqramının qrup rəhbəri Peter Qlerum iştirak ediblər. Təlimdə Fövqəladə Hallar, Xarici İşlər, Səhiyyə, Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd və Dövlət Miqrasiya xidmətlərinin, TƏBİB-in, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin məsul şəxsləri iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib ki, dünya miqyasında qlobal iqlim dəyişmələri fonunda təbii və texnogen fəlakətlərin başvermə tempindəki artım fövqəladə hallara hazırlıq və cavab tədbirləri üzrə imkanların və bacarıqların bir daha nəzərdən keçirilməsini, xüsusilə də fəlakət risklərinin vaxtında müəyyən edilməsi və qiymətləndirilməsini ön plana çıxarıb. Nazir müavini deyib ki, son dövrlər baş vermiş meşə yanğınları risklərin idarə edilməsinə sistemli yanaşmanın və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə erkən xəbərdarlıq sistemlərinin və digər zəruri texnologiyaların tətbiqinin gücləndirilməsini tələb edir. Bu baxımdan, hazırda keçirilən təlimin əsas məqsədi də fəlakət risklərinin idarə edilməsi və cavab tədbirləri sahələrində müvafiq qurumlar arasında qərarvermə, məlumat mübadiləsi və əlaqələndirmə mexanizmlərinin sınaqdan keçirilməsidir.

E.Mirzəyev meşə yanğınlarına qarşı mübarizə istiqamətində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin həyata keçirdiyi tədbirlərdən geniş bəhs edib, FHN-in yanğınsöndürənlərinin bir sıra dövlətlərdə meşə yanğınların söndürülüməsi əməliyyatlarında iştirakı barədə danışıb.

Eyni zamanda, qeyd edib ki, işğal altında olan Azərbaycan torpaqları 44 günlük Vətən müharibəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevın rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən azad olunub. Lakin işğalçıların sözügedən ərazilərdə basdırdıqları minalar həmin rayonlarda yanğınsöndürmə əməliyyatlarının həyata keçirilməsini çətinləşdirir. Nazir müavini bildirib ki, işğaldan azad olunan ərazilərimizdə yanğınların söndürülməsində inkişaf etmiş dünya dövlətlərinin, o cümlədən Avropa ölkələrinin təcrübəsindən istifadə olunur: “Lakin azad olunmuş ərazilərdə biz yanğınsöndürən helikopterlərdən çox istifadə bilmirik. Belə ki, helikopter alçaqdan uçan zaman sutökmə əməliyyatının icrası daha uğurlu olur. Ərazilər minalanmış olduğundan helikopterlər də aşağıdan uçuş edə bilmir. Buna səbəb də yanğınlar zamanı minaların partlamasıdır”.

Nazir müavini bir daha təlimin əhəmiyyətinə toxunaraq, bu cür tədbirlərin fövqəladə halların qarşısının alınması istiqamətində səylərin birləşdirilməsinə böyük töhfə verəcəyinə ümidvar olduğunu bildirib və təlim iştirakçılarına uğurlar arzulayıb.

“PPRD East 3” proqramının qrup rəhbəri Peter Qlerum tədbir iştirakçılarını salamlayaraq Azərbaycan yanğınsöndürən və xilasedicilərinin böyük təcrübəyə, bilik və bacarıqlara malik olduqlarını diqqətə çatdırıb və Aİ Şərq Tərəfdaşlığının bir çox iştirakçıları kimi Azərbacanla da bu sahədə əməkdaşlığın vacib olduğunu bildirib.

Qrup rəhbəri P.Qlerum “PPRD East3 proqramı və Aİ-nin Mülki Müdafiə Mexanizmi ilə tanışlıq” mövzusunda təqdimatla çıxış edib.

Təlimin açılışına videobağlantı ilə qoşulan “PPRD East 3” proqramı qrup rəhbərinin müavini Davide Miozzo, “PPRD East 3” proqramının meneceri Matilda Axelsson və Aİ-nin Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları Baş İdarəsinin nümayəndəsi Eleni Pechlivanidou təlim iştirakçılarına uğurlar arzulayaraq bildiriblər ki, “COVID-19” pandemiyası cəmiyyətlərimiz və mülki müdafiə sahəsində fəaliyyət göstərən peşəkarlar üçün yeni çağırışlar yaradıb və bu çağırışların öhdəsindən uğurla gəlmək üçün müxtəlif rəqəmsal həll yollarından istifadə mühüm əhəmiyyət kəsb edir.

Sonra masaüstü təlimə start verilib.

 

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi tərəfindən məktəblilər üçün “açıq qapı” günü keçirilib

Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə məktəblilər üçün Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində “açıq qapı” günü keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi “İntihar və intihara cəhd hadisələrin qarşısının alınması” mövzusunda növbəti maarifləndirmə tədbirini keçirib

Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi tərəfindən Nazirliyin müvafiq əmrinə uyğun olaraq Sumqayıt Regional Mərkəzində növbəti maarifləndirmə tədbiri həyata keçirilib. ...

Ardını oxu